Bu ixtisaslar hər il BOŞ qalır- Abituriyentlər niyə maraq göstərmir?

Bu ixtisaslar hər il BOŞ qalır- Abituriyentlər niyə maraq göstərmir?

Hazırda oxunan: Bu ixtisaslar hər il BOŞ qalır- Abituriyentlər niyə maraq göstərmir?

627934

Riyaziyyat, fizika, kimya, biologiya kimi ixtisaslara marağın azalması son illər ali təhsil sistemində də özünü göstərir. Belə ki, 2025-ci il üzrə "Abituriyent" jurnalının 7-ci sayında dərc olunan boş qalan plan yerlərinin siyahısında qeyd edilən ixtisaslar yer alıb.

Bəs bu sahələrə olan marağın azlığı nə ilə bağlıdır?

Bizim.Media mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndinin fikrini öyrənib.

O, hesab edir ki, bunun əsas səbəblərindən biri bəzi ixtisasların pedaqoji status verməməsi və məzunların sonradan müəllimlərin işə qəbulu prosesində məhdudiyyətlərlə üzləşməsidir:

“Hər il riyaziyyat, fizika, kimya, biologiya və digər ixtisaslar üzrə ali təhsil müəssisələrində plan yerləri boş qalır. Həmin ixtisaslar pedaqoji dərəcə vermədiyi üçün abituriyentlər tərəfindən onlara o qədər də maraq göstərilmir. Çünki məzunlar gələcəkdə müəllimlərin işə qəbulu imtahanında ya iştirak edə bilmirlər ya da bir neçə il sonra iştirak edirlər. Ona görə də bu ixtisaslara maraq azdır”.

Ekspert qeyd edir ki, plan yerləri bu ixtisaslar üzrə azaldılmalı, pedaqoji ixtisaslarda isə artırılmalıdır.

Məsələ yalnız ali təhsil müəssisələrində boş qalan plan yerləri ilə məhdudlaşmır. Təhsil sahəsində çalışan bəzi mütəxəssislər bildirirlər ki, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya və s. kimi əsas fənlər üzrə məktəblərdə də hər il xeyli vakant yer boş qalır. Xüsusilə regionlarda bu daha çox müşahidə edilir.

Bəs doğrudanmı bu fənlər üzrə müəllim çatışmazlığı var və vakant yerlər niyə dolmur?

E. Əfəndinin sözlərinə görə, sözügedən boş vakant yerlər əsasən regionlarda görünür:

“Müəllimlərin işə qəbulu imtahanında həmin fənlərin vakant yerlərin tutulmamasına gəlincə, bu yerlər əsasən paytaxtdan kənar bölgələrdə yerləşir və müəllimlər bu ərazilərdə işləməyə maraq göstərmirlər. Əsas səbəbləri kimi əməkhaqqının az olması, həmin yerlərdə yaşayış imkanlarının məhdudluğu və əlavə maliyyə xərcləri göstərilir. Nəticədə, yalnız istisna hallarda ucqar yaşayış məntəqələrindəki vakant yerlər tutulur, qalanlarının isə böyük əksəriyyəti boş qalır”.

Ekspert təklif edir ki, vakant yerlərin doldurulması üçün həvəsləndirici tədbirlər daha da genişləndirilməlidir.

Onun fikrincə, təsirli alternativ motivasiya və həvəsləndirmə tədbirləri həyata keçirilməklə boş qalan vakant yerlərin doldurulmasına nail olmaq mümkündür.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO