Qatarlara daş atanların məqsədi NƏDİR? – AÇIQLAMA

Qatarlara daş atanların məqsədi NƏDİR? – AÇIQLAMA

Hazırda oxunan: Qatarlara daş atanların məqsədi NƏDİR? – AÇIQLAMA

627809

Xəbər verdiyimiz kimi, cari ilin yanvar-iyun aylarında Azərbaycan Dəmir Yollarının (ADY) hərəkətdə olan sərnişin qatarlarına 21 dəfə daş atılıb. Bu hadisələr nəticəsində qatarlara ziyan dəyib, sərnişinlərin və qatar heyətinin təhlükəsizliyi ciddi risk altına düşüb. Bundan əlavə, qatarların hərəkət istiqamətinə daş qoyularaq qəza təhlükəsi yaradılan hallar da qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, bu hadisələri törədənlərin böyük hissəsi azyaşlılar olsa da, böyüklərin də belə əməllərə yol verdiyi müəyyən edilib. Bir neçə saniyəlik "əyləncə" və ya düşünülməmiş davranış onlarla insanın həyatını təhlükə altına qoya bilər.

Bəs insanları belə riskli addımlara nə sövq edir?

Bizim.Media mövzu ilə bağlı psixoloq Aynur İsmayılovanın fikirlərini öyrənib. O bildirir ki, başqalarına zərər vuran hər bir hərəkət davranış pozuntusunun göstəricisidir:


“Hərəkətdə olan sərnişin qatarına daş atılması və ya onun hərəkətini pozmağa yönəlmiş istənilən davranış həm azyaşlılarda, həm də böyüklərdə davranış pozuntusunun əlamətidir.

Uşaqlar bəzən bu cür hərəkətləri böyükləri təqlid edərək edə bilərlər. Lakin böyüklər bunu şüurlu şəkildə həyata keçirirsə, burada artıq təkcə davranış pozuntusundan deyil, şəxsiyyət pozuntusuna işarə edən davranışlardan da söhbət gedə bilər”.

Psixoloqun sözlərinə görə, bu cür davranış göstərənlər nə etdiklərini və etdiklərinin nəyə gətirib çıxaracağını anlamırlar:

“Belə insanlar əməllərinin nə qədər təhlükəli nəticələrə səbəb ola biləcəyini tam dərk etmirlər. Onlar bunu bəzən mənfi həzzin bir yolu kimi görürlər. Əslində isə bu, vandalizm xarakterli və insanların həyatını təhlükəyə atan davranışdır”.
 

A.İsmayılova bu halların qarşısının alınması üçün maarifləndirmənin artırılmasını tövsiyə edir. Onun sözlərinə görə, maarifləndirmə tədbirləri gücləndirilməli, eyni zamanda qanunvericilikdə nəzərdə tutulan cərimə və digər məsuliyyət tədbirləri effektiv şəkildə tətbiq olunmalıdır. Kameralar vasitəsilə belə halların aşkarlanması və cəzalandırılması da çəkindirici rol oynaya bilər.


“Ən vacib məqamlardan biri isə böyüklərin uşaqlara şəxsi nümunə göstərməsidir. Valideynlər və digər böyüklər öz davranışları ilə düzgün nümunə olarsa, uşaqların da bu cür təhlükəli hərəkətlərə əl atma ehtimalı azalır”, deyə psixoloq qeyd edir.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO