Toplum olaraq qələbə günlərinə tamarzı qalmışıq...

Toplum olaraq qələbə günlərinə tamarzı qalmışıq...

Hazırda oxunan: Toplum olaraq qələbə günlərinə tamarzı qalmışıq...

217936
Gündəmi izləyən və tarixdən xəbəri olanlar eyni gündə eyni düşüncəni paylaşdılar: qardaş Türkiyə Çanaqqala zəfərinin 103-cü ildönümündə terror yuvasına dönmüş Afrin şəhərinin mərkəzinə Türk bayrağını sancdı! Bu, həm də Çanaqqalanın 46 min şəhidinin müqəddəs ruhunu şad edən müjdə oldu. Qəhrəman Türk əsgərinin zəfəri mübarək olsun!

Türkün qalibiyyətinə görə qürurluyuq, sevinirik, həm də daxilimizdə bir həsəd hissi var. Təəssüf ki, biz hələ ki, ötən əsrlərdə yaşadığımız qanlı, qara tarixlərimizlə müasir dövrdə üzləşdiyimiz faciələrin üst-üstə düşən ildönümlərini yad etməkdəyik. Toplum olaraq qələbə günlərinə tamarzı qalmışıq. Məncə, əksər faciələrimizin kökündə bu dayanır...

Afrin zəfəri Türk millətinin yaddaşının təzələnməsi oldu. Dünya da şahidlik etdi ki, Türk ayağa duranda onun qarşısında kimsə duruş gətirməyə qadir deyil! Özü də Türkiyə dövləti Suriyanın artıq bu azad şəhərində əbədi qalmaq niyyətində deyil, yerli əhali “birləşək” mesajı versə də. Çünki Türkiyə dünyaya bir ədalət dərsi verməklə yanaşı, həm də hüquqa, sərhədlərin toxunulmazlığı prinsipinə sadiq qaldığını nümayiş etdirməkdədir. Türkiyə onu tikə-parça etmək istəyənlərə dərs verdi-ədalət dərsi!xa0 xa0xa0

Afrin əməliyyatı başlayanda yazmışdım ki, Türkiyənin bu şəhər uğrunda savaşı həm də Qarabağ üçün testdir. Gözlədiyim kimi oldu, ABŞ başda olmaqla dünyanın aparıcı gücləri çox çalışdı Ankaranı iradəsindən döndərsin, PKK tör-töküntülərini xilas etsin. 1915-ci ildə Osmanlıya qarşı savaşan Qərb gücləri 103 il sonra da Türkiyəyə qarşı müxtəlif terror təşkilatlarının adının altında döyüşürlər. Hədələdilər, terrorçulara müasir silahlar verdilər. Ancaq heç nə alınmadı və qəhrəman Türk ordusu şəhidlər versə də, 3 mindən çox terrorçunu məhv etdi. Bu, həm də minlərlə insanın töküləcək qanının qarşısının alınması deməkdir! Türk əsgəri təkcə Türkiyənin yox, bütün bölgənin, bəlkə elə terroru stimullaşdıran bəzi Qərb paytaxtlarının təhlükəsizliyinə yatırım qoydu öz canı-qanı bahasına! Ankara PKK-PYD, İŞİD, ASALA-ya qarşı təkbaşına savaşdı, Azad Suriya Ordusunu bir kənara qoysaq...

Nəticə uğrunda, bütün dünyaya qarşı bütün Türkiyə mübarizə apardı. Türkiyənin ilk şəhidinin vəsiyyətini - Təlafərdə türkmənlər üçün məktəb tikintisini həyata keçirmək üçün hər kəs töhfə verməyə çalışdı. 16 iyulda qardaş ölkəni ürəyindən vurmağa çalışanlar bu dəfə də Türkiyəni daxildən parçalaya bilmədilər. Qələbə təqribən belə formula ilə qazanıldı: Türk ordusunun gücü, iqtidarın qəti iradəsi, diplomatiyanın gecə-gündüz səngərdə olması, xalqın birliyi, müxalifətin dəstəyi və 81 milyonun bir ağızdan səslənən dualarının sədaları altında.xa0xa0

Çanaqqalada da belə olmuşdu. O ruh Türk xalqına əsrlərdir hakim kəsilib, ona görə də imperialist güclərin fitnə-fəsadına, xain hücumlarına, təxribatlarına qalib gəlir. Deməli, dövlətin, xalqın iradəsi olduğu yerdə qarşıdakı heç bir qüvvə tab gətirə bilməz. Nə yaxşı ki, Çanaqqala zəfərində olduğu kimi, Afrin savaşında da Azərbaycanın adı Türkiyədə qürurla çəkildi. Çanaqqalada qurban gedən Azərbaycan oğullarının xatirəsini sayğı ilə anan qardaş ölkə bu aylarda da “Afrində döyüşməyə hazıram” deyən bizlərin səsini eşidib məmnun oldular.

Türkiyənin baş naziri Binəli Yıldırım ötən həftə Qlobal Bakı Forumunda Azərbaycannın Afrin əməliyyatı ilə bağlı həssasiyyətindən razılığını bildirdi, təşəkkür etdi. “Qarabağda da Afrindəki kimi, Azərbaycan və Türkiyə terrora qarşı birgə əməliyyat keçirilə bilərmi” sualımıza hörmətli Yıldırımın cavabı əslində dost-düşmənə ciddi mesaj oldu. “Əgər dost və qardaş Azərbaycana buradan başqa bir təhdid yönələrsə, yaxud Türkiyəyə bu ərazilərdən bir terror təhdidi yönələrsə, qarşılığı mütləq olacaq”.

Kimsə deməsin ki, bizə dəstək gərək deyil. ABŞ Konqresində Qarabağ separatçısı qəbul olunursa, bizə Türkiyə kimi nəhəngin dəstəyi çox lazımdır. Odur ki, Baş nazirin xəbərdarlığı yerində oldu. “ABŞ Qarabağdakı ermənilərə mükafat verməkdənsə, ordakı insanlıq suçunun hesabını istəsə, daha doğru olar”. Qardaş ölkənin gündəmində Qarabağın əsas yer tutmasının müstəsna əhəmiyyəti var. Son xəbərdarlıq Türkiyə hakimiyyəti səviyyəsində bu xüsusda bir ilkdir, əminlik var ki, davamı gələcək. Türk-İslam torpağı Qarabağda qoşa bayraqlarımız sancılacaq günün birində! 1918-ci ildəki kimi. Şuşaya çox yaraşacaq bu qoşa bayraqlar!
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO