Əjdaha yemi

Əjdaha yemi

Hazırda oxunan: Əjdaha yemi
119990
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bugünlərdə maliyyə naziri Samir Şərifov maraqlı açıqlama ilə çıxış etdi. Evdə pul saxlamağın riskli olduğuna, bu pulların hər an oğurlana biləcəyinə diqqət çəkən maliyyə naziri, əhalini öz pullarını banklara qoymağa səslədi. Maliyyə nazirinin boşalan bankları zəhmətkeş əhalinin qəpik-quruşu ilə doldurmaq həvəsindən doğan bu tövsiyyəsindən sonra, bəzi telekanallar da məlum istiqamətdə geniş təbliğat kampaniyasına start verdi. Bu gün də davam edən kampaniyadan belə anlaşılır ki, ölkədə saysın-hesabsız cinayətkar dəstə at oynadır və əgər kiminsə evindən nə isə oğurlanarsa vətəndaş buna görə yalnız və yalnız özünü təqsirkar bilməlidir.

Doğrudan da qəribə məntiqdir. On  minlərlə polis əməkdaşının büdcədən maliyyələşdiyi, kriminogen duruma tam nəzarət edildiyi ilə bağlı vaxtaşırı rəsmi bəyanatların verildiyi bir ortamda insanları oğru dəstələrinin aktivliyi ilə qorxutmaq, bu yolla onlara psixoloji təsir edərək öz vəsaitlərini banklara qoymağa vadar etmək dövlət adına utancdır. Belə bir təbliğatın aparıldığı dövlətdə  insanların mallarının və canlarının təhlükəsizliyindən dolayı güvənsizlik duymasından təbii heç nə ola bilməz.

İnsanları banklara oğurluqların artmasını əsas gətirərək təşviq etməyin digər bir zərərli tərəfi onları xırda oğrudan qorumaq adı altında daha böyük oğruya yönləndirməkdir.

Bu gün ölkədə ən böyük oğru rolunda məhz banklarının çıxış etdiyi kimsəyə sirr deyil. Kimsəyə sirr deyil ki, uzun illlər hesabına qazandığı 5-10 manat pulu banka qoyan vətəndaşlar aylar, illər ərzində banka ayaq döysə də, bəzi hallarda öz halal pullarını ala bilmir, bəzən isə buna uzun məşəqqətdən sonra nail olurlar. Banklar tərəfindən aldadılan və ya süründürməçiliyə məruz qoyulan minlərlə insanın yaşadıqları buna nümunə sayıla bilər. Odur ki, insanlara oğurluqların sayının artmasını xatırladaraq onları banklara yönləndirmək bir insanı timsahdan qoruyub əjdahanın qucağına atmaq, əjdahaya yem etməyə bənzəyir. Hansı ki, timsahdan fərqli olaraq, əjdaha ilə mübarizədə onun cüzi də olsa şansı olmur.

İnsanları qorxudaraq onları banklara istiqamətləndirməyə çalışan bzi rəsmilərin bu təhlükəli qayğıkeşliyi Bakı kəndlərində məşhur olan bir hadisəni yada salır.

Deyilənə görə, II Dünya müharibəsi illərində Bakı kəndlərinin birində kolxoz sədri cəbhəyə yollanan anbardarın yerinə adam təyin etmək üçün kolxozçuların toplantısını çağırır. Məqsəd səsvermə yolu ilə, əksəriyyətin münasib hesab etdiyi şəxsi anbardar qoymaq idi. Kolxoz sədrinin məlum toplantısından xəbər tutan Xanbaba adlı məşhur oğru və dələduz bu fürsətdən yarralanmaq, anbardar vəzifəsinə keçib anbarı talamaq həvəsinə düşür. Bu məqsədlə də o, yaxın adamlarından birinə toplantı zamanı onun namizdəliyini irəli sürməyi təklif edir.

İclas başlayan zaman kolxoz sədri kənd sakinlərindən anardar vəzifəsinə münasib bildikləri şəxslərin adlarını çəkmələrini istəyir. Bildirir ki, yeni anbardar səs çoxluğu ilə seçiləcək.

Kolxoz sədrinin yaratmış olduğu bu vəziyyətdən istifadə edən Xanbabanın dostu söz alaraq ayağa qalxır və anbardar vəzifəsinə Xanbabanın namizədliyini irəli sürür. Məşhur oğrunun dürüst, namuslu şəxs təqdimatında anbardar vəzifəsinə namizədliyi iclasdakıların qəhqəhəsinə səbəb olur. Bu ideyanın hardan gəldiyini və nəyə hesablandığını başa düşən kolxoz sədri isə üzünü Xanbabanın namizədliyini irəli sürən şəxsə tutaraq deyir: “Bizdən Xanbabanı anbardar qoymağımızı istəyirsən. Bizsə ona görə anbardar axtarırıq ki, anbarı Xanbabadan qoruyaq”x9d.

Bu gün əhalini banklara həvalə etmək yox, xalqı, xalqın pulunu banklardan qorumaq üçün əlavə qanun və strukturlar formalaşdırmağa ehtiyac var. Çünki bu gün heç bir oğru bank qədər təhlükə törətmir və bank xaric heç bir oğru qanuna söykənib öz maraqlarını başqalarının hüquqlarını pozmaq hesabına təmin etmir.

İnsanları banklarla əməkdaşlığa həvəsləndirmək üçün ilk növbədə banklara, onların dürüstlüyünə inam yaratmaq lazımdır. Nə qədər ki, bu inam yoxdur, nə qədər ki, bank vətəndaşın əmanətinin qoruyucusu yox, qənimi qismində çıxış edir, insanların hətta oğru dəstələrinin çoxluğu ilə də qorxudub banka yollamağa məcbur etmək mümkün olmayacaq.

 

Seymur Əliyv

e-mail: [email protected]

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO