
- A-
- A
- A+
ABŞ-da qızılca epidemiyası: Yoluxma sayı son 35 ilin rekordunu qırdı
ABŞ-da qızılcaya yoluxma hallarının sayı son 35 ilin ən yüksək səviyyəsinə çatıb. Ölkədə qeydə alınan yoluxma sayı 5 mini ötüb.
Bizim.Media xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına görə, 2026-cı ildə ölkədə 5 182 qızılca yoluxması təsdiqlənib. Bu, 1991-ci ildən bəri qeydə alınan ən yüksək illik göstəricidir.
Məlumata əsasən, yoluxanların təxminən 59 faizini uşaqlar və yeniyetmələr təşkil edir. Onların 18 faizi 5 yaşadək, 41 faizi isə 5-19 yaş aralığındadır.
Qeydə alınan yoluxma hallarının 96 faizi epidemiyalarla əlaqələndirilir. Yoluxanların 96 faizinin isə ya peyvənd olunmadığı, ya da peyvənd statusunun məlum olmadığı bildirilir.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə ABŞ-da 2 289 qızılca hadisəsi qeydə alınmışdı. Beləliklə, 2026-cı ildə yoluxma sayı ötən ilin ümumi göstəricisini iki dəfədən çox üstələyib.
CDC-nin məlumatına görə, cari ildə qızılca ilə əlaqəli dörd ölüm hadisəsi qeydə alınıb. Bununla yanaşı, bəzi ştatların səhiyyə qurumları daha yüksək ölüm sayı açıqlayıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































