Fevralın 3-də Milli Məclisin yaz sessiyasının ilk iclası keçiriləcək. Təbii ki, aradan keçən bir ay müddətində deputatlar öz seçiciləriylə görüşüb problemlərini dinləyiblər, eyni zamanda özləri bir sıra təkliflər hazırlayaraq onu parlamentin tribunasından səsləndirməyə hazırlaşırlar. Görəsən çıxış etmək imkanı qazansalar,onlar hansı təklifləri səsləndirəcəklər?
Moderator.az-a açıqlamasından görünür ki, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli yaz sessiyasına bir düjün təkliflə gedir və demək olar ki, cəmiyyətin bir çox təbəqələrinin qayğılarını, problemlərini dilə gətirmək niyyətindədir:
“Milli Məclisinin 2014-cü il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən 9 mühüm qanun layıhəsindən dördü- “Rəqabət Məcəlləsi”,”Reklam haqqında”,”Dəniz limanları haqqında” və “Akkreditasiya haqqında” qanun layıhələri İqtisadi siysət komitəsindən keçəcək.
Biz bunu müsbət qiymətləndiririk.Eyni zamanda onu da xatırlatmağı zəruri hesab edirik ki,artıq xeyli illər keçməsinə baxmayaraq, hər dəfə qanunvericilik işləri planında yer alan “Rəqabət Məcəlləsi” iki oxunuşdan keçməsinə baxmayaraq, nədənsə plenar iclasın gündəliyinə salınıb, müzakirə mərhələsinə hələ gəlib çatmayıb. Azərbaycan prezidentinin 10 yanvar 2014-cü il yarixli srəncamı ilə 2014-cü il Azərbaycan Respublikasında “Sənaye ili” elan edilib.Həmin sərəncamda İqtisadiyyat və Sənaye Nazirliyi 2014-cü ilin “Sənaye ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb prezidentə təqdim etməsi, Nazirlər Kabinetinə isə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın layihəsini üç ay müddətində hazırlayıb prezidentə təqdim edilməsi barədə tapşırıq verilib.Yaxın aylarda həmin iki mühüm sənədin ortada olması məntiqi surətdə sənaye siyasətinin önurğa sütununu təşkil edən rəqabətin hüquqi əsaslarının da hazırlanıb həmin sənədlərə əlavə edilməsini zəruri edib.Ona görə də “Rəqabət Məcəlləsi”nin məhz 2014-cü ilin yaz sessiyasında qəbul edilməsini zəruri hesab edirik.
Azərbaycan cəmiyyətinin, xüsusən də tələbə gənclərin uzun müddətdən bəri səbrsizliklə gözlədiyi məsələlərdən biri də "Təhsil kreditləri haqqında" qanunun qəbul edilməsidir. Lakin təhsil kreditləri ilə bağlı həmin qanun layihəsinin İqtisadi Siyasət Komitəsindəki müzakirəsindən iki il keçməsinə baxmayaraq, bu qanun da hələ plenar iclasa çıxarılmayıb.Halbuki maddi imkanları aşağı olan ailələrdən çıxan gənclər üçün belə kreditlərin aşağı faizlə əldə edilməsi olduqca zəruridir. Bununla əlaqədar olaraq biz deputat həmkarım Vahid Əhmədovla birlikdə "Təhsil kreditləri haqqında" qanun layıhəsi hazırlayıb Milli Məclisə təqdim etmişik və bizim bu layihə artıq İqtisadi Siyasət Komitəsinin iclasında müzakirə olunub.
Düzdü,hazırda Azərbaycanda banklar təhsil kreditləri verirlər, lakin onların müddəti az, faiz dərəcələri isə olduqca yüksək olduğundan onu qaytarmaq çox çətindir. Minlərlə tələbə təhsil haqqını ödəmək imkanının olmamasına görə akademik məzuniyyət alır və ya öz ərizəsi ilə universitetdən xaric edilir.Bu minlərlə tale, minlərlə gəncin təhsil almaq arzusundan məhrum olması deməkdir. Məhz bütün bunlara son qoyulması üçün "Təhsil kreditləri haqqında" qanunun qəbulunu vacib sayırıq.Əgər nəzərə alsaq ki, təhsil kreditləri məsələsi artıq prezidentin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında da öz əksini tapıb, onda "Təhsil kreditləri haqqında" qanunun qəbulunu sürətləndirilməsinin zəruriliyi öz-özlüyündə aydın olur. Yaz sessiysının ilk iclasında əsasən həmin məsələləri qaldırmaq fikrindəyik.
Ümumiyyətlə isə yaz sessiyalarının gündəliyində mühüm yer tutan və hər ilin mart ayında Milli Məclisdə müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyəti haqqında hesabatla bağlı hazırkı mərhələdə Azərbaycan iqtisadiyyatının optimal inkişafinın əsaslarına dair çıxış etmək fikrindəyik.
Bütün bunlarla yanaşı həmişə olduğu kimi, bu sessiyada da biz reğionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, regionlarda yeni iş yerlərinin açılması,əmək haqqı, pensiya,müavinətlərin artırılması, kreditə görə bank faizlərinin aşağı salınması,ipoteka kreditlərinın şərtlərinin yumşaldılması, vergi dərəcələrinin azaldılması,kəndlərin işiq, su, qaz, məktəb tikintisi,sənədsiz evlərin sənədləşdirilməsinin sürətləndirilməsi, icbari tibbi sığortanın işə salınması və sair bu kimi məsələlərə dair təkliflər paketi ilə çıxış edəcəyik.
Əli Məsimlinin deputat və iqtisadçı həmkarı Vahid Əhmədovun da təklif “boğça”sı doludur. Deputat deyir ki, birincisi iki oxunuşdan keçən və Milli Məclisin yaz sessiyasının gündəliyinə salınan “Rəqabət Məcəlləsi”nin qəbul olunması üçün təklif irəli sürəcək:
“İkincisi də həmkarım Əli Məsimli ilə birlikdə “Reklam haqqında” və “Təhsil kreditləri haqqında” qanun layihəsi işləyib vermişik, bu layihəyə Komitənin iclasında da baxılıb və Milli Məclisin gündəliyinə salınıb. Yəqin ki, yaz sessiyasında bu qanun layihəsinə də baxılacaq. Digər məsələr də var və imkan olsa onları da səsləndirəcəyik."






































































































