Moderator.az tanınmış hərbi ekspert Üzeyir Cəfərovun ombudsman Elmira Süleymanovanın fəaliyyətinə həsr etdiyi statusunu oxuculara təqdim edir:
"Ötən həftə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 2014-cü ilin hesabatını Milli Məclisə təqdim etdi. Müzakirələr 8 Mart bayramı ərəfəsinə təsadüf etdiyindən hörmətli millət vəkilləri hesabatı qəbul edib xanım ombudsmanı çox əziyyətə salmadılar. Mən də bayram ərəfəsi olduğundan istəmədim ki, hörmətli Ombudsmanımızın əhval-ruhiyyəsini korlayım. Amma artıq bayram arxada qalıb və yeni iş həftəsinin ilk iş günü istərdim ki, Elmira Süleymanova ilə bağlı öz münasibətimi bir daha ictimaiyyətin diqqətinə çatdıram. Hesab edirəm ki, ən azından xanım E. Süleymanovanı şəxsən tanıdığıma və onun artıq dincəlmək vaxtının çoxdan çatdığını nəzərə alaraq bu qeydlərimi yazmalıydım və indi çalışacağam ki, nə demək istədiyimi izah edim.
Kimin nə deməsindən asılı olmayaraq hesab edirəm ki, Elmira xanım öz vəzifələrinin öhdəsindən tam gəlmək iqtidarında deyil. Ən birinci səbəb kimi onun yaşlı olması və bir çox məsələləri doğru-düzgün, həmçinin çevik və operativ qiymətləndirə bilməməsi bu vacib institutu Azərbaycanın taleyüklü məsələlərində çox solğun şəkildə göstərir. Uzağa getmədən bir misal çəkmək istərdim. Bu gün Azərbaycanda Elmira Süleymanovadan daha çox mətbuat və ictimaiyyətimiz Moldova Respublikasının Ombudsmanı Aureliya Qriqoriunu daha yaxşı tanıyır. Ona görə yox ki, moldovalı xanım çox gözəl, cavan və enerjilidir. Moldovalı xanım həm öz ölkəsində, həm də onun hüdudlarından kənarda necə çevik siyasət aparır, son dərəcədə gərgin işləyir. Bu qadın həm rəsmi Kişinyovun təbliğində, həm də öz ölkəsinə dost, partnyorlar qazanmasında durmadan çalışır. İstər Azərbaycanda, istərsə də öz ölkəsində, həmçinin xarici təşkilatlarda keçirilən yüksək səviyyəli forumlarda iştirak edir, öz həmkarlarını məlumatlandırır və özü də çox şeyləri öyrənir. Bu bir nümunədır ki, Ombudsman kabinet müvəkkili olmamalıdır. Onun vəzifəsinin adı İnsan Hüquqları üzrə Müvəkkildir. Baxın ölkəmiz üzərinə nə qədər basqılar, təzyiqlər var. Bura insan hüquq və azadlıqlarından tutmuş, ta hüquq-mühafizə orqanlarının, məhkəmələrimizin işindəki çoxsaylı nöqsanlar, daha nələr və nələr. İndi dəqiq rəqəm söyləyə bilməsəm də, onu bilirəm ki, bəlkə də xeyli müddət bundan əvvəl Azərbaycandan Avropa Məhkəməsinə ən çox şikayət ünvanlanırdı. Mən demirəm ki, dünyada hər şey yaxşıdır, yalnız nöqsanlar bizdə çoxdur. Amma razılaşın ki, hüquqi dövlət qururuqsa, demokratik cəmiyyət formalaşdırırıqsa bu işdə ən böyük məsuliyyətlərdən biri məhz Ombudsmanın üzərinə düşür. Bu insan isə öz vəzifə səlahiyyətlərinə görə, bəlkə də dövlət başçısının ən yaxın silahdaşı və köməkçisi olmalıdır. Vətəndaş mövqeyindən asılı olmayaraq hər kəsin yanında olmağa borclu olan Ombudsmanımız demək olar ki, az qala ölkənin baş dəftərxana müdirlərindən biri rolunda çıxış edir. Ona ünvanlanan ərizə və müraciətlər, həmçinin şikayətlər robotlaşdırılmış şəkildə araşdırılmaq əvəzinə kimdən şikayət edilirsə, elə həmin şəxsin özünə göndərilir. Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 7. Müraciətə baxılması qaydası....Vətəndaşların şikayətlərini baxılmaq üçün qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə göndərmək qadağandır kimi göstərilsə də, bizim hörmətli Ombudsman xanım kor tutduğunu buraxmadığı kimi, ən kobud formada Azərbaycan Vətəndaşlarının Konstitusion hüquqlarını pozur.
Buyurun Elmira xanım, Maddə 1. Müraciət etmək hüququ
Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.
Maddə 2. Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında qanunvericilik
Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.
Mən dəfələrlə bu məsləyə toxunanda sizin əməkdaşlar söyləyirlər ki, bizim Ombudsman haqqında Əsasnamə var, biz ona uyğun fəaliyyət göstəririk. Sual edirəm, hörmətli dostlardan: Konstitusiya və ya Qanunlar üstündür, ya sizin hələ də fəaliyyət göstərdiyiniz Əsasnamə? Əgər qanunlarda boşluq varsa da, bunu axı Siz həll etməliydiniz, hörmətli Elmira xanım Süleymanova...
Sizin bu illər ərzində Milli Məclisdə təqdim etdiyiniz hesabatları təhlil edən olsa, mən inanıram ki, nə vaxtsa bunu da tarix üçün edəcəklər, orada yalnız söz birləşmələrinin oynadılması və rəqəmlərin yerdəyişməsinin şahidi olmaq mümkündür. Sizə müraciət edənlər haqqında ayrı-ayrı qurumlarla yazışmanız, statistik məlumatlar iş deyil, mənim hörmətli Ombudsmanım! İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) kimi beynəlxalq səviyyədə Azərbaycanla bağlı məsələlərin qaldırılmasında, ayrı-ayrı ölkələrin, xüsusi olaraq Avropa ölkələrinin ombudsmanları ilə danışıqlar aparılmasında, Bakıda işğal olunmuş torpaqlarımızla, oradan qaçqın düşən insanlarımın hüquqlarının müdafiəsi ilə bağlı konfranslar keçirilməsi, müzakirələr açılması, konkret sənədlər qəbul edilməsi və dünyanın aparıcı təşkilatlarına müraciətlər olunmasını Siz təşkil etməlisiniz.
İnciməyin, hörmətli Elmira xanım. Mən Sizi Qarabağ savaşının ilk illərində Füzuli döyüş briqadasının komandir müavini olduğum zamanlardan çox yaxşı xatırlayıram. O vaxt Siz cavan və enerjili idiniz. Özünüzlə bərabər Bakıdan heç bir tapşırıq-filan olmadan çoxlu qonaqları döyüş bölgələrinə gətirər, gənclərimizin hərbi-vətənpərvərlik rühünun qaldırılmasında böyük işlər görərdiniz. Amma razılaşın ki, artıq Siz çox yorulmusunuz. Şəxsən mən olsaydım, ölkə başçısından xahiş edərdim ki, məni dincəlməyə buraxsın. Hesab edirəm ki, Azərbaycanda enerjili ölkə rəhbərliyinə hər sahədə daha enerjili və cevik düşünməyi bacaran, ölkənin indiki durumunda gecə-gündüz çalışmağa həvəsli müasir kadrlar lazımdır. Mən bir Ombudsman kimi Elmira xanım Süleymanovanın istər hazırda xidmətdə olan hərbçilərin, istərsə də ehtiyatda və istefada olanların, onların ailə üzvlərinin də hüquqlarını lazımı şəkildə müdafiə etməməsini xüsusi olaraq vurğulamaq istərdim. Hərçənd ki, bir çox ölkələrdə, bu sahə ilə məşğul olan Hərbi Ombudsmanlar da fəaliyyət göstərirlər. Kanadanın Hərbi Ombudsmanının bir neçə ilə bundan öncə Elmira Süleymanova ilə görüşündə qaldırdığı aktual məsələlər hələ də kağız üzərində qalıb. Çünki adətən "çörəyi verirlər çörəkçiyə, hələ birin də üstəlik"...Görünür, bizim də Ombudsmanla bağlı bəxtimiz bura qədərmiş...


































































































