Azərbaycanın hava sərhədinin təpədən-dırnağadək silahlanmış uçan hərbi obyektlər tərəfindən kobudcasına pozulması müstəqil bir dövlət üçün narahatlığa əsas verən kifayət qədər ciddi faktdır. O üzdən bu faktın təfərrüatları və şərhi istər siyasi, istərsə də ictimai baxımdan peşəkar münasibət tələb edir.
HƏR HALDA: ölkənin silahlı təcavüz nəticəsində xaincəsinə pozulmuş
hüdudlarına, hansısa naməlum insan ayağı ilə yenidən müdaxilə olunmayıb;
Azərbaycan əsgəri də öz həyət-bacasında oynayan, münaqişənin nə olduğunu
bilməyən dinc sakinə - uşağa güllə atmayıb...
Söz təkcə vaxtına çəkmir; sözün həm də yerinə çəkmək məqamı var: yəqin
unutmamısınız, söhbət hələ 2011-ci ildə, özü də martın 8-də (!) və
Ağdamda (!) erməni snayperi tərəfindən öldürülmüş doqquz yaşlı Fariz Bədəlovdan
gedir. Bu qətlin Beynəlxalq Qadınlar Bayramı günündə törədilməsi, tam əminəm,
bəşəri anlamda, bir erməni əsgərinin ana-bacısına, qohum-əqrabasına,
nəhayət, körpə balalarına və özünə verə biləcəyi ən böyük "hədiyyə",
ən yüksək "qiymət"dir...
İndi də həmin koordinatlarda manevr edən yağı, Allah bilir, daha neçə
nəfər dinc Azərbaycan sakinini - körpə uşaqları hədəfə almaq niyyətilə
"havalanıbmış..."
Hər halda, yurdumuzu yağmalamış düşmən özünü bu görkəmdə, bu imicdə, bu
xislətdə bizə təqdim edir.
Düşmən özünü bu görkəmdə, bu imicdə, bu xislətdə bizə tanıtmaqla, həm də
mənəviyyatımızı, mənimizdəki insani keyfiyyətləri də bir növ təhdid obyektinə
çevirir: doqquz yaşlı günahsız uşağı hədəfə almaqla, tətiyi çəkməklə,
eyni zamanda bizim nə vaxtsa ona qarşı bəsləyə biləcəyimiz humanizmi,
mərhəmət duyğularını da hədəfə alır, sınağa çəkir; bizim nə vaxtsa ona qarşı
bəsləyə biləcəyimiz humanizmi, mərhəmət duyğularını da ən son
həddədək məhdudlaşdırır.
Deməli, onun məkrli niyyətinin arxasında yalnız torpaq iddiası dayanmır,
həm də biz dayanırıq, həm də bizim yerüstü, yeraltı sərvətlərimiz, həm də bizim
maddi-mənəvi dəyərlərimiz dayanır! Azərbaycan dayanır!..
Söhbətin bu qədər ciddi və mürəkkəb məqamında nadanlığı dərmanı
olmayan qüsur kimi xarakterizə edən Kantı alqışlayıram və qədim yunanların
müdrik bir kəlamını xatırlayıram: ləyaqət hissi Allahın insana verdiyi ən son
ali keyfiyyətdir. Bu gün mən o keyfiyyəti günün günorta çağında belə, nə illah
eləyirəmsə, erməni əsgərində tapa bilmirəm.
Buna kimsədə şübhə olmasın - fakt daşlaşmış həqiqətdir!
Həqiqət demişkən, hava sərhədimizin düşmən tərəfindən pozulması və bunun
kütləvi informasiya vasitələrində əməlli-başlı rezonans doğurması da günümüzün
narahatlıq yaradan reallıqlarındandır. Ən azı ona görə ki, bu fakt hərbi sahədə
baş verən, yaxud baş verə biləcək hər hansı insidentə istər intellektual,
istərsə də yaradıcılıq baxımından yanaşma imkanlarımızı fiksə etdi və bir sıra
vacib məqamlara aydınlıq gətirdi.
Kiminsə xətrinə dəymək, ürəyini sındırmaq niyyətindən tamamilə uzaq
mövqedə, yəni, həmkarlarımla sadəcə eyni sırada dayanmaq şərtilə, bir səmimi
etirafımı da bölüşmək məcburiyyətindəyəm: biz - soyuq müharibənin döyüşçüləri
öz cəbhəmizin gözlənilən və gözlənilməz olaylarına hələ də tam hazır
deyilik;
ən əsası: biz - soyuq müharibənin əsgərləri öz cəbhəmizin döyüş
taktikasını hələ də tam mənimsəməmişik...
Bunun bütün məsuliyyətini informasiya daşıyıcılarının boynuna atmaq,
itirilmiş torpaqlara görə hansısa Qarabağ qazisinin yaxasından yapışmaq qədər,
bəlkə bir az ondan da çox haqsızlıq olardı. Ancaq soyuq müharibə düşərgəsində
külüng vuranlar cəbhədə qazanılacaq qələbənin əsas kontrlarına müəlliflik
etmək hüququnu itirmək istəmirlərsə, bəri başdan həvəskar münasibətin qarşısına
Böyük Çin Səddi çəkmək zorundadırlar: dördüncü hakimiyyət öz imicini və
nüfuzunu yalnız bu yolla - Qarabağ probleminin həllində informasiyanın
müəyyənedici əhəmiyyətini bərpa etməklə qoruyub saxlaya bilər.
Bu, soyuq səngərlərdə gecə-gündüz döyüş növbəsində dayanan
əsgərin çəkdiyi əziyyətdən də min qat ağır bir işdir, amma və lakin...
başqa yolumuz varmı!? Başqa yolumuz yoxdur!
Qələbə yalnız orada - cəbhədə qazanılmır ki!
Qələbə həm də burada - bizim yazı masalarımızın arxasında qazanılır!..
O üzdən kütləvi informasiya vasitələrinin yetkililərini Vətən naminə,
Torpaq naminə, Xalq naminə səfərbərliyə çağırıram: lütfən,
sıralarınızdakı hər bir kəsə, yalnız öhdəsindən gələ biləcəyi işləri tapşırın
və mərhum öndərimizin bu dəyərli nidasını heç vaxt unutmayın: Kim ki, öz
biliyindən, bacarığından artıq iddialar edir, o həmişə məğlub olur...
Bu yerdə diqqətinizi maraqlı bir tarixi fraqmentə yönəltmək istəyim də mənə
rahatlıq vermir, elə hey özünü gözümə soxur; yəqin ona görə ki, fikrimi
bir az da aydın, bir az da sadə dillə çatdırmaq niyyətimdən qaynaqlanır.
Beləliklə:
Qədim yunan rəssamı Apulleyin rəsm əsərlərinin sərgisi zamanı bir çəkməçi
öz tənqidi fikirlərini müəlliflə bölüşür: Ustad, rəsminizdə çəkmələr düzgün
çəkilməyib. İnsafən, Apulley onun iradı ilə sidq-ürəkdən razılaşır. Ancaq
bundan daha da ruhlanan çəkməçi özünə sığmır, özündən çıxır və bir az da irəli
gedir: dərin "mülahizə"lərilə bu dəfə bütövlükdə rəsmi tənqid atəşinə
tutur. Apulley əhvalını pozmur, sakit-sakit köksünü irəli verir, nəhayət, ikicə
tutarlı kəlmə ilə onu birdəfəlik susdurur: "Çəkməçi, öz qəlibini
tanı!.."
Ancaq o da var ki, indiki məqamda gözləmə mövqeyi tutmaq, bununla da, hər
dəfə kim(lər)isə fövqəladə göstərişlər verməyə vadar etmək, təşəbbüsü asta-asta
itirmək anlamına gəlir. Hələ bir neçə il bundan öncə Ali Baş Komandanımızın
vurğuladığı "biz bütün sahələrdə hücum mövqeyi tutmalıyıq" kimi
dəyərli fikri, zənnimcə, imkanlarımızın səfərbərliyi, fəaliyyətimizin daha
məhsuldar və daha aktiv fazada təzahürü üçün kifayət qədər tutarlı
əsasdır. Qələbə qazanmaq istəyiriksə, yalnız hücum mövqeyinə sahib durmalıyıq,
çünki ən etibarlı müdafiə elə hücumdur. Ancaq bu zaman son dərəcə tədbirli və
intizamlı olmamız gərəkdi. Axı biz döyüş meydanındayıq. Döyüş meydanında isə, emosiyalara,
hisslərə etibar etmək çox təhlükəlidir!
Döyüş meydanında emosiyalara, hisslərə etibar edəndə həlledici
amillər öz mahiyyətini və xarakterini itirir, dəyərlər dəyişir: döyüş meydanı
heç kimdən icazə-filan istəmədən, özbaşına ŞOU meydanına çevrilir. Əslidə isə:
ŞOU meydanında kim(lər)insə iki yüz minlik maşınının, iki milyonluq
malikanəsinin... DÖYÜŞ meydanında heç iki quruşluq dəyəri də olmur.
İnanın, mən bunun reallıq müstəvisindəki əksilə dəfələrlə üz-üzə gəlmişəm...
O səbəbdən, həyatımızın az qala böyük hissəsini həyasızcasına zəbt etmiş
şou ab-havasını heç olmasa Ordu ailəsinə münasibətdə məhdudlaşdırmaq, Ordunu bu
təhlükəli virusdan təcrid etmək, zənnimcə, qarşımızda dayanan ən ümdə
vəzifədir. Bu işdə uğur qazanmağın yeganə yolu isə, əlbəttə, hər bir kəsin
"öz qəlibini tanı"masından keçir. Bu, həm də soyuq ağıla, inamlı
mübarizəyə, yağmalanmış TORPAÄžIMIZA - sığortalanmış QƏLƏBƏMİZƏ aparan
yoldur.
Ancaq ön cəbhədə baş verən son hadisələr və bunun arxa cəbhədəki
"gurultu"lu əksi bizi ilk növbədə fərqli bir səhnə ilə üz-üzə qoydu:
yersiz, düşünülməmiş təhlükəli məqamlara ip ucu verənlər mənsublarımız
tərəfindən təpkisiz qarşılandı. Vəziyyətin əsl mahiyyətini dərk edənlərin
öz yaxasını bir kənara çəkməsi isə, meydanın həvəskarlar tərəfindən zəbtilə
nəticələndi: emosoyalar, hisslər bu dəfə də ağıla güc gəldi, bu dəfə də ağılı
küncə sığışdırdı. Bu dəfə də özümüzü aldatdıq...
Və nəinki Böyük Qələbəyə, heç lokal, ötəri uğurlara belə hazır olmadığımızı
nümayiş etdirdik...
Təəssüf...
O ki qaldı hər hansı hərbi informasiyanın mənbəyilə bağlı tənqidi
fikirlərimə, onları yalnız müəyyən müddətə (!) təxirə salmaqla, bəlkə,
mühafizəkarlığa yol verirəm. Ancaq məni narahat edən bir mühüm məsələnin
üstündən sükutla keçmək imkanım, səmimiyyətimə inanın, tamamilə
məhduddur.
O üzdən ön xətdə - səngərlərdə mobil rabitə vasitələrilə sözün birbaşa
anlamında əsl çəkiliş studiyası qurmuş hərbçilərimizin, xüsusilə, komanda
heyətinin yaddaşını, bu təcrübənin acı nəticələrinə eyham vurmaqla
yenidən təzələmək məcburiyyətindəyəm.
Düşmənin gözləri onsuz da həmişə iti görür. Qulağınızda tutduğunuz, yaxud,
cibinizdə gəzdirdiyiniz o balaca cihaz onun görmə radiusunu o dərəcədə
təhlükəli həddədək artırır ki, bu, sizin və sizin tabeliyinizdəkilərin nəinki
xidməti karyerası, hətta həyatı bahasına başa gələ bilər.
Mən anlayıram, həyat həmişə ciddidir, ancaq biz həmişə ciddi ola bilmirik.
Ancaq tale də həmişə güzəştə getmir, həmişə bağışlamır. Rəhbərliyin bu barədə
zaman-zaman verdiyi göstərişləri, tabeliyinizdəkilərin məsuliyyətini və
nəhayət, dekarativ döyüş səhnəsində deyil, məhz real cəbhədə, barıt qoxusu
verən səngərlərdə, hiyləgər düşmənlə üz-üzə dayandığınızı, lütfən, unutmayın.
Özünüzü bir bu qədər ucuz tutmağınızın yeri yoxdu: gələcəyini sizlərdə görən
insanların - xalqın etimadı, inamı çox dəyərlidi...
ZƏRURİ SÖZARDI
Yazımı 18-ci əsr fransız filosofu Vovenarqdan bir yarpaq xatirə ilə
yekunlaşdırıram və bunun ümumi mübarizədə bizə yardımçı olacağını
düşünürəm:
"Mənim cavan bir nökərim
vardı. Növbəti səyahətim zamanı köhnə tanışımla nahar etdim. O gedəndən sonra
nökərim tanışımın çox ağıllı adam olduğunu bildirdi. Səbəbini soruşdum. Cavabı
qısa oldu:
- Ağıllı adam həmişə düz
danışır.
- Yəni, başqalarını aldatmır,
eləmi?
- Xeyir, cənab, ağıllı adam
başqalarını yox, özünü aldatmır..."
Bu zəruri sözardına məkrli və
hiyləgər düşmənlə mübarizədə ağılın, soyuqqanlılığın nə qədər böyük yükə sahib
olduğunu göstərmək məqsədilə sığındım. YƏNİ: ağılın olmadığı yerdə
nadanlığın həmişə meydan suladığını, özünü elm adlandırdığını sadəcə
diqqətinizə çatdırmaq istədim. Vəssalam...
İbrahim RÜSTƏMOV,
əməkdar jurnalist, ehtiyatda olan polkovnik-leytenent
musavat.com




























































































