Moderator.az xəbər verir ki, bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi hadisələr əsas müzakirə obyekti olub.
İdarə
Heyəti ilk növbədə Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşünə
diqqət çəkib və bu görüşün nəticələri barədə xalqımıza məlumat verilməməsindən,
müzakirə olunan məsələlər ətrafında şəffaflığın təmin edilməməsindən narahat
olduğunu bildirib və bu cür taleyüklü problemin detallarının xalqdan gizlədildiyini
məqbul hesab etməyib. Eyni zamanda, görüş ərəfəsində Qrabağ probleminin həllində
“Şotlant variantı”nın tətbiq edilməsi ilə bağlı səslənən təkliflərə münasibət
bildirən partiya rəsmiləri ölkənin unitar yapısının pozulmasına, müstəqillik və
suverenlik prinsiplərinin əleyhinə yönələn bu cür təkliflərin Azərbaycan üçün
keçərli olmadığını qeyd edib, ayrı-ayrı siyasi dairələr tərəfindən irəli sürülən
bu və buna bənzər digər təkliflərin Qarabağın Azərbaycandan alınmasına, təcavüzkar
Ermənistanın bədnam niyyətlərinin reallaşmasına xidmət etdiyini diqqətə
çatdırıb və hakimiyyəti problemin həllində ərazi bütövlüyümüzü təmin edən səyləri
gücləndirməyə çağırıb.
İdarə
Heyəti Rusiyanın patronajlığı ilə Ukraynanın ayrılmaz tərkib hissəsi olan
Donbas və Luqanskda separatçı rejim tərəfindən keçirilən qondarma seçkilərə
münasibət bildirib və bu seçkilərin beynəlxalq hüquq normalarına, Ukraynanın
konstitusiyasına uyğun olmadığını diqqətə çatdırıb.
Bu
gün Ukraynada yaşanan hadisələrin bənzər variantının illər öncəsi Cənubi
Qafqazda Dağlıq Qarabağ, Abxaziya, Şimali Osetiya kimi qondarma rejimlərin
timsalında yaşandığına və beynəlxalq güclərin bu regionda Rusiyanın ilhaq siyasətinə
seyirçi qalmasına diqqət çəkən partiya yetkililəri məhz həmin hadisələrə beynəlxalq
güclərin adekvat reaksiya verməsinin nəticəsi olaraq Ukraynanın ərazi
bütövlüyünün təhlükə altına düşdüyünü bildirib.
İdarə
Heyəti beynəlxalq ictimaiyyəti Ukraynada yaşanan hadisələrə həssas yanaşmağı,
Rusiyanın himayəsinə sığınan separatçı rejimin Ukraynanın ərazi bütövlüyü,
suverenliyinə qarşı yönələn hərəkətlərinin qarşısını almağa, Rusiyanın bu ölkədə
təcavüzkar planlarının qarşısının alınması üçün rəsmi bəyanatlardan əl ğötürüb,
daha ciddi sanksiyalarla, Rusiyanı durduracaq əməli işə keçməyə çağırıb.
İdarə
Heyəti ABŞ Xarici İşlər Naziri C.Kerrinin gələcəkdə Kürdüstan dövlətinin
yaradılması barədə işarətlərinə münasibət bildirib və Yaxın və Orta Şərqdə
sülhün, təhlükəsizliyin pozulmasına, bölgənin oturuşmuş siyasi coğrafiyasının dəyişdirilməsinə
xidmət edən bu cür bəyanatların yolverilməz olduğunu diqqətə çatdırıb, eyni
zamanda ərazilərinə qatıldığı bütün dövlətləri kürdlərin mədəni muxtariyyat
hüququnu tanımağa, doğal haqlar içində onların təhlükəsiz yaşamasına şərait
yaratmağa çağırıb.
İdarə
Heyəti dünəndən etibarən başlanan güclü yağışların qısa bir zamanda ölkə həyatında
ciddi problemlər yaratdığından, kommunikasiyanın bərbad hala düşməsindən, vətəndaşların
yağış axıntılarının gətirdiyi problemlərlə üz-üzə qalmasından narahat olduğunu
bildirib və respublikada, xüsusilə də paytaxt Bakıda bu problemlərin
yaşanmasının qış mövsümünə ciddi hazırlığın olmaması, infrastruktrun qurulması
üçün ayrılan vəsaitlərin ayrı-ayrı məmurlar tərəfindən mənimsənilməsi olduğunu
diqqət çatdırıb və hakimiyyəti qış mövsümü ilə bağlı ciddi hazırlıq işləri görməyə
çağırıb.
İdarə
Heyəti son vaxtlar ölkəmizdə böyük insan itkiləri ilə müşahidə olunan avto qəzaların
artmasından, ailə-məişət zəminində qətl və intihar hallarının çoxalmasından,
oğurluq, xuliqanlıq, narkomaniya kimi bəlaların baş alıb getməsindənn ciddi
narahat olduğunu bildirib və sosial gərginliklərə yol açan bu hadisələrin
arxasında dövlətin dayağı olan ailə institunun deformasiyaya uğraması,
korrupsiya və monopoliya siyasətinin nəticəsi olaraq işsizliyin artması, təhsilin,
gənclərlə aparılan tərbiyəvi işin səviyyəsinin aşağı düşməsi faktının durduğunu
bildirib və hakimiyyəti cəmiyyətin sağlamlaşdırılması istiqamətində ciddi
islahatlar aparmağa çağırıb.





































































































