Azərbaycan Dövlət İqtisad Universiteti Elmi Şurasının 2014/2015-ci tədris ili üçün ilk iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, iclasda universitetin rektoru, professor Ədalət Muradov ölkədə ilk dəfə yaradılan SABAH qruplarında 7 baza ali təhsil müəssisəsi arasında ADİU-nun I yerdə dayandığını bildirib. Elmi Şurada ADİU-da kadr potensialını artırmaq məqsədilə görülən işlərdən də danışılıb. Bildirilib ki, universitetin "İşçilərin işə qəbulu və yerdəyişməsi" komissiyasına 309 nəfər müraciət edib. Onlardan 75 nəfərinin vəzifəsi artırılıb, 20 nəfərə yaxın xaricdə təhsil almış ərizəçi işə götürülüb. Bu sahədə işin davam etdiriləcəyi qeyd olunub.
İclasda oktyabrın 1-dən etibarən ADİU əməkdaşlarının əməkhaqqlarının 15% artırıldığı bildirilib. Universitetin maliyyə bazası artdıqca əməkhaqlarının daha da yüksələcəyi vurğulanıb. 10 nəfər 75-80 yaşlı dosentin könüllülük prinsipi əsasında təqaüdə çıxacağı təqdirdə, birillik əməkhaqlarının həmin gün onlara təqdim olunacağı bildirilib.
Şura üzvləri Xüsusi İstedadlar fakültəsinin 74 tələbəsinin 275 min manat həcmində yığılmış təhsil haqqı borcunu da müzakirə ediblər. Qərara alınıb ki, bu borc ADİU-nun vəsaiti hesabına ödənilsin.








































































































