Bakıda fəaliyyət göstərən “London taksiləri”nə əlavə səlahiyyət və qeyri-rəsmi güzəştlərin tətbiq edildiyi məlumdur. Etibarlı mənbədən Moderator.az-a daxil olan məlumata görə, yaxın günlərdə “London taksiləri” istisna olmaqla digər taksilərə şəhərin mərkəzi küçə və prospektlərində, iri ticarət və əyləncə məkanlarının ətrafında fəaliyyət göstərmək qadağan ediləcək. Şəhərin mərkəzi hissəsində yalnız “London taksiləri”nin fəaliyyətinə icazə veriləcək ki, bu da digər minlərlə taksinin faktiki olaraq işsiz qalması deməkdir.
Mənbənin məlumatına görə, hələlik sözügedən qadağa tətbiq edilməsə də, taksi sürücülərinin bir çoxu işsiz qalmamaq üçün artıq indidən bəzi qabaqlayıcı tədbirlərə əl atmaqdadır. Belə ki, onların bir çoxu bundan sonrakı fəaliyyətlərini “London taksiləri” ilə əlaqələndirmək haqqında düşünsə də, bir çox sürücülər ümumiyyətlə bu peşədən imtina etmək və digər fəaliyyət növü ilə məşğul olmağı planlaşdırır. Onların fikrincə, günü-gündən daha da çətinləşən taksü sürücülüyü sənəti artıq heç bir ümid və perspektiv vəd etmir və bu səbəbdən də ondan imtina etmək indiki məqamda ən düzgün qərardır.
































































































