ADP funksionerindən Amerika-Azərbaycan münasibətləriylə bağlı maraqlı açıqlama

ADP funksionerindən Amerika-Azərbaycan münasibətləriylə bağlı maraqlı açıqlama

Hazırda oxunan: ADP funksionerindən Amerika-Azərbaycan münasibətləriylə bağlı maraqlı açıqlama
46760
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ADP sədrinin birinci müavini Həsrət Rüstəmov son günlərin ən aktual mövzularından biri olan ABŞ səfirinin qalmaqal yaradan məlum müsahibəsindən sonrakı reaksiyalarla bağlı fikirlərini Moderator.az-a göndərib, onu oxuculara təqdim edirik:


"Ölkəmiz müstəqillik əldə edəndən son zamanlaradək Azərbaycanda fəaliyyət göstərmiş xarici diplomatlarla bağlı qalmaqal ilk dəfə deyil. Amma məhz ABŞ kimi dünyanı idarə edən supergücün nümayəndəsinə dövlətin ən yüksək rəsmilərinin dilindən bu cür sərt açıqlamalar indiyədək eşidilməmişdi. Məhz bu səbəbdən “görəsən nə baş verir?” sualı hadisədən məlumatlı olan hər kəsi- sıravi vətəndaşdan tutmuş siyasətçilərədək hamını düşündürməkdədir. Olay da zatən olduqca diqqətçəkəndir, bizim ölkənin rəsmiləri ABŞ-ın səfiri R.Morninqstara barmaq silkələyir, az qala onunla özlərinin fağır, hüquqsuz vətəndaşıyla davrandıqları kimi danışırlar.

Azərbaycan Prezident Adminstrasiya rəhbərinin sərt münasibətindən sonra səfirin məlum müsahibəsini təkrar iki dəfə oxudum. Açığı, ölkəmizin rəsmilərini bu dərəcədə əsəbləşdirəcək, Azərbaycanla ABŞ arasında diplomatik qalmaqala səbəb ola biləcək ciddi məqamları tapa bilmədim. ABŞ səfiri ölkəmizdə olduğu müddətdə ilk dəfə olaraq onun ölkəsinin özünə başlıca prioritet seçdiyi insan hüquqları və əsas azadlıqlar barəsində bizim “həqiqətlər”imizi o qədər də sərt olmayan dildə tənqid etmiş, bu zaman jurnalistin təkidli sorğularına baxmayaraq çox da dərinə getməmiş, diplomatik mesajlar verməklə kifayətlənmişdir. Üstəlik, Azərbaycanda hakimiyyət təmsilçilərinin heç də hamısının demokratiya əleyhinə olmadığını vurğulamış, ölkə prezidentini də demokratik islahatlar tərəfdarı kimi təqdim etmişdir. Səfir həmçinin Azərbaycanın geosiyasi təhlükəsizliyi kimi mühüm məsələyə də toxunmuş və son zamanlar daha da gərginləşən münasibətlər zəminində keçmiş sovetlər məkanındakı təhlükəsizlik və demokratik inkişafın qarantı kimi öz ölkəsini və Qərb dövlətlərini ünvan olaraq göstərmişdir.

ABŞ kimi təkcə öz ölkəsində deyil, bütün dünyada insan hüquq və azadlıqlarının bərqərar olunmasını başlıca məqsədi elan edən bir dövlətin səfirindən bu cür açıqlamalar eşitməkdən daha təbii nə ola bilər görəsən?! Azərbaycan təmsilçilərinin aqressiv münasibətinin kökündə nə dayanır? Axı indiyədək ABŞ və Avropa ölkələrinin təmsilçilərinin ölkəmizə yönəlik tənqidi çıxışlarına bu cür münasibətin şahidi olmamışdıq. Bu və digər cavabsız qalan çoxlu suallara ölkə boyu politoloq və jurnalistlər cavab tapmağa çalışırlar. Ağlabatan, nisbətən inandırıcı cavab versiyaları da səslənməkdədir. Hətta baş verənlərin hansısa geosiyasi oyunun imitasiyası olması versiyası da var. Bütün versiyaların içərisində ən ağlabatanı isə səfirin “Rusiya qarşısında Azərbaycanın suverenliyi üçün kim səsini ucaldar, o zaman arxasında kim dayanar ABŞ və Avropadan başqa?!” cümləsinin yaratdığı qıcıq və qorxudur. Putin Rusiyasının Ukraynanın müstəqilliyi və suverenlyi üçün yaratdığı təhlükələrin fonunda ABŞ səfirinin narahatlığı başadüşüləndir. İk növbədə ona görə ki, ABŞ-ın və müttəfiqlərinin Azərbaycanda böyük miqdarda yatırımları var və məlum ssenarinin bizə təsiri aktivləşərsə bu yatırımların taleyi sual altına düşə bilər. Azərbaycan məmurlarının reaksiyası isə başadüşülən deyil. Hətta deputat Z.Oruc ABŞ səfirinə cavab verərkən bu ölkəni rusların gəlib onların neft çıxardığı buruqları tutması ilə qorxutmağa çalışıb. Guya rusların tutacağı neft buruğu bizim yox, təkcə amerikalıların imiş. Qəribə məntiq olsa da cavabsız qalan sualların cavabı məncə elə buradadır. Belə ki, ABŞ səfirinə olan hücumların hamısında səfirin Rusiyaya yönəlik açıq mətnli mesajının yaratdığı qorxu özünü çılpaqlığı ilə biruzə verir. Azərbaycanın yerləşdiyi geosiyasi məkanda həqiqətən də mürəkkəb və qorxulu oyunlar getməkdədir. Bizim dövlət müstəqilliyimizi və suverenliyimizi qorumaq, işğal olunmuş ərazilərimizdə bunları bərpa etmək kimi çox mürəkkəb və çətin vəzifəmiz var. Bu vəzifənin öhdəsindən gəlmək üçün mütləq hansısa kənar dəstəyə ehtiyacımız var. Bu dəstəyi iki yerdən ala bilərik: ya demokratik dünyadan - ABŞ və Avropadan, ya da totalitar, imperiyaçı Rusiyadan. Nəzərə alsaq ki, yaşadığımız coğrafi məkanda bu qüvvələrin maraqları artıq sərt şəkildə toqquşmağa başlayıb və seçim anı gəlib, onda səfirin qalmaqal yaradan müsahibəsinin niyə məhz indi meydana gəlməsi tam aydın olur. Başqa cür desək, ABŞ səfiri açıq mesajlar verir ki, Azərbaycan artıq mövqeyini müəyyən etməlidir. Artıq Rusiya və Qərbin maraqlarının təmin edilməsi ilə aparılan balanlaşmış xarici siyasət bitdi. ABŞ səfiri Rusiyadan bərk qorxan və ona görə də birdəfəlik qərbyönümlü siyasi kursa keçməyə tərəddüd edən Azərbaycan hakimiyyətinə ictimai basqılar yaratmağa çalışır. Azərbaycan rəsmiləri isə göstərmək istəyirlər ki, onlar heç də ABŞ səfirinin dediklərini asanca qəbul etməyəcəklər, bunun qarşılığında daha ciddi təminatlar, məsələn stabilliyin və hakimiyyətin qorunması təminatını tələb edəcəklər. Hələlik görünən odur ki, bizim rəsmilər ABŞ-ı uzaq dost, Rusiyanı isə yaxın düşmən kimi yemləməkdən əl çəkmək fikrində deyillər. Səfirin müsahibəsində tez-tez istinad etdiyi insan hüquqları və azadlıqların təmin olunması, demokratik inkişafla bağlı gözəl fikirlərin isə yenə də təhlükəsizlik və iqtisadi maraqların arxasında qalacağı şübhəsizdir.

P.S. Cənab R.Morninqstar Bakıda olduğu müddətdə bir dəfə özünü məhz ABŞ səfiri kimi apardı, onda da onu peşiman etməyə çalışdılar. İnsan hüquqları və azadlıqlar mövzusu tez-tez xatırlansa idi məncə bu günkü mənzərəyə şahid olmazdıq."

 

           

          

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO