“Belarusun ordusu da elə Rusiya ordusunun günündə olacaq da... Rusiyanın dostu olan, korrupsiya, rüşvət içində batan ölkənin ordusu hansı gündə olmalıdır?..”
“Bilirsiz, əslində Lukaşenko neçə illərdir, Putini fırladır, yəni başın qatır... Başın qataraq onu soyur: qazı ucuz qiymətə alır, nefti ucuz alır və s. Bir sözlə, bəzən özünü axmaq kimi göstərsə də, Lukaşenko axmaq deyil. Dildə Putinə deyir ki, sizinlə qardaşıq, ittifaq dövlətik, birik, Ukraynanın işğalında sizə dəstək verəcəm. Amma əslində hər şeyi yubadır”.
Bu fikirləri Moderator.az-a açıqlamasında keçmiş müdafiə naziri Tacəddin Mehdiyev “Ukraynanın güclü əks-hücuma keçəcəyi halda Belarusun öz ordusu ilə birbaşa Rusiyaya dəstək vermək ehtimalı nə qədərdir” sualını cavablandırarkən ifadə edib.
“İkincisi də, Belarus rəhbərliyi yaxşı bilir ki, Belarus xalqı Ukrayna ilə müharibəyə getməyəcək. Və Lukaşenko ondan da qorxur ki, Ukraynaya birbaşa qoşun yeritsə, müxalifət xalqı ayağa qaldırıb onu devirə bilər. Ümumiyyətlə, inanmıram ki, Belarus Ukraynaya hücum etməyə cürət edə”- deyə general açıqlamasının davamında bildirib.
“Bəs Belarusun ordusu hansı vəziyyətdədir, məlumatınız yoxdur ki” sualına isə sabiq nazir belə cavab verib:
“Belarusun ordusu da elə Rusiya ordusunun günündə olacaq da(gülür)... Rusiyanın dostu olan, korrupsiya, rüşvət içində batan ölkənin ordusu hansı gündə olmalıdır? Ermənistanınkı hansı səviyyədə idi? 2020-ci ildə gördük... Bəllidir ki, Belarus ordusu da müasir standartlardan, NATO standartlarından çox uzaq, müasir və yüksək texnologiyalara malik olmayan bir ordudur...”
Sultan Laçın

































































































