"Hacı Əhməd Kadırov çeçen xalqının düşmənidir və mən onun xatirəsinə nifrət edirəm..."
"Onun Kadırovlar ailəsi ilə münaqişəsi saqqalının Kadırovun yaxın qohumunun xoşuna gəlməməsi olub..."
Bundan öncə Çeçenistanın spikeri ona qarşı qanlı qisas elan edib...
Tanınmış çeçen müxalif jurnalisti Tumso Əbdürrəhmanov İsveçdə güllələnib.
Moderator.az xəbər verir ki, bu barədə həlak olanın silahdaşları "Telegram-kanal"da məlumat verib. Məlumatı BBC nəşri yayıb.
"Etiraf etmək nə qədər çətin olsa da, çox təəssüf ki, onun ölümü barədə şayiələr həqiqətdir", - "1 ADAT" müxalif kanalın müəllifləri yazıb.
Avropa və Çeçenistan informasiya mənbələrinə istinadən, müxalifətçilər məlumat verib ki, Tumso Əbdürrəhmanov "gecə bir qrup şəxslər tərəfindən güllələnib və hazırda qətlin detalları aydınlaşdırılır".
"Azadlıq Radiosu" dəqiqləşdirib ki, bloger dekabrın 2-nə keçən gecə öldürülüb. Başqa təfərrüatlar bəlli deyil. İsveçin hüquq-mühafizə orqanları hələlik baş verənləri şərh etməyib.
Tumso Əbdürrəhmanov dekabrın ilk günlərindən əlaqəyə çıxmayıb. Tumso ilə bərabər onun doğma qardaşı Məhəmməd də yoxa çıxıb. Bu barədə İsveçdə olan "Vayfond" çeçen hüquq-müdafiə assosiasiyası məlumat verib. Artıq o zaman belə məlumatlar yayılıb ki, bloger öldürülə bilərdi, lakin o məqamda bu, öz təsdiqini tapmayıb.
Qroznıda Tumso Əbdürrəhmanov "Elektrorabitə" federal dövlət unitar müəssisəsinin direktor müavini işləyib, lakin 2015-ci ildə Kadırovlar ailəsi ilə münaqişə səbəbindən Çeçenistandan getməyə məcbur olub.
Münaqişə Əbdürrəhmanovun saqqalı ucbatından başlayıb, onun saqqalı Çeçenistan rəhbərinin qohumu İslam Kadırovun xoşuna gəlməyib, onu Qroznıda küçədə saxlayıb, telefonunu əlindən alıb və evinə aparıb, orada uzun zaman onu dini baxışları barədə sorğu-sual edib.
Tumso Əbdürrəhmanov Gürcüstan və Polşada sığınacaq almağa cəhd edib, lakin hər iki halda imtina edilib. O, İsveçdə siyai qaçqın statusu alıb. Avropada populyar müxalif bloger olub. Onun "YouTube" kanalında təxminən yarım milyon istifadəçisi olub.
Bundan öncə Tumso Əbdürrəhmanov sual edib ki, nədən Əhməd Kadırov zamanında Rusiya ilə müharibəyə çağırış edib.
"O, mufti olanda, Rusiyaya qarşı cihada çağırış edib, ikinci müharibənin əvvəlində o, heç kim olub, çeçen xalqının düşməni olub. Mən Hacı Əhməd Kadırovun xatirəsinə nifrət edirəm. Bu, mənim hüququmdur", - bloger bəyan edib.
Bu sözlərdən sonra çeçen parlamentinin spikeri Lord ayamalı Məhəmməd Davıdov blogerə qanlı qisas elan edib və onu tapacağını vəd edib.
2021-ci ilin dekabrında Tumso Əbdürrəhmanov məlumat verib ki, Çeçenistanda onun doqquz qohumu oğurlanıb.



































































































