Aşıram həyatın son yoxuşunu...- VİDEO

Aşıram həyatın son yoxuşunu...- VİDEO

Hazırda oxunan: Aşıram həyatın son yoxuşunu...- VİDEO

44927

Moderator.az tanınmış şair Heydər Oğuzun növbəti şeirini oxuculara təqdim edir:


Deyirsən:-saçına dən düşüb artıq,
Sən də qocalırsan yoxsa, əzizim?
Alnının dərisi qırışıb artıq
Hələ neçədir ki yaşımız bizim?

-Nə deyim, bəlkə də qorxudan, gülüm!
Saçın rəngi qaçar dolduqca yaşa.
Bəlkə ruhu saran qorxudur ölüm,
Ruh da ağ bayrağı qaldırır başa.

Aşıram həyatın son yoxuşunu
Ondandır, başıma çən çöküb bəlkə,
Endirmək fikriylə ölüm quşunu
Fələk saçlarıma dən töküb bəlkə.

Yoxsa bir dənizdir alın qırışı,
Üstündəki dənsə bəyaz qağayı,
Yoxsa sərt keçəcək ömrümün qışı,
Qarla başlayıbdır elə ilk ayı?

Bəlkə də Tanrının, qula "hədiyyə"-
Başa ələdiyi külüdür ağ saç,
Bəlkə də taleyin "xoş gəldin"-deyə
Əcələ sunduğu gülüdür ağ saç?

Saçım təslim olub ağappaq dənə,
Qar altda büzüşmüş gül ləcəyiyəm.
Gənclikdə çox "gülüm" deyərdim sənə,
İndisə mən özüm qarçiçəyiyəm.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO