28 avqust mərhum yazıçı, bir zamanların ən çox sevilən müəlliflərindən biri, əsərləri əldən-ələ, evdən-evə gəzən Əlibala Hacızadənin anım günüdür. O, 1935-ci ilin bu günündə Biləsuvar rayonunda anadan olub.xa0
“İtkin gəlin”, “Əfsanəsiz illər”, “Dünyanı tanı”, “Təyyarə kölgəsi” və s. kimi əsərləri ilə on minlərlə oxucunun böyük rəğbətini qazanan yazıçının təbii ki, bu gün xatırlanmasına böyük ehtiyac var.
Mərhum yazıçının qızı Asya Hacı Moderator.az saytına açıqlamasında bu gün də atasının xatirəsini yaşatmaq üçün əllərindən gələni etdiklərini vurğulayır:
“Allah atam Əlibala Hacızadəyə, o gözəl insana qəni-qəni rəhmət eləsin. O, öz əsərləri ilə həm milli ədəbiyyatımız tarixində, həm də minlərlə onu sevən oxucuların qəlbində əbədi yaşayacaq. Əlbəttə, atamın xatirəsini yaşatmaq üçün hər zaman düşünürük. İstərdik ki, 85 illiyi ilə əlaqədar xatirələr kitabını çap etdirək və imkan daxilində onun əsərlərinin təkrar çap etdirməyi də nəzərdən keçiririk”.xa0
Asya xanım həmçinin, atasına aid ev-muzeyinin olması arzusunu da bildirib:xa0
“Atamdan qalan əlyazmaları hələ arxivə verməmişik. İstəyirik ki, onun haqqında yazılan bütün məlumatları bir yerə toplayaq. Ondan sonra birlikdə arxivə təhvil verək. Həmçinin, atamın ev-muzeyinin də olmasını istərdik. O buna layiq yazıçıdır”.
Qeyd edək ki, Əlibala Hacızadə BDU-nun Şərqşünaslıq fakültəsini bitirib və bir müddət Əfqanıstanda tərcüməçi kimi çalışıb. Onunxa0 Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. O, "Təyyarə kölgəsi", "Vəfalım mənim" romanları ilə elm adamlarının bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdırdı..
Yazıçının XX əsr İran poeziyasının məşhur nümayəndələrindən olan Fərruxi Yəzdiyə həsr olunan monoqrafiyası dünya şərqşünaslığında bu böyük şairin həyat və yaradıcılığı haqqında ilk geniş tədqiqatdır. Bundan başqa o, müasir İran romanının tipologiyasına dair fundamental elmi araşdırmanın müəllifidir. Əlibala Hacızadə həmçinin bir sıra orta əsr mənbələrini dilimizə tərcümə edib.






































































































