Daşkənddə elə bir təhsil ocağı var ki, onun tarixini yalnız bir universitetin keçdiyi yol kimi qiymətləndirmək mümkün deyil. Burada söhbət həm Özbəkistanın pedaqoji elminin formalaşmasında mühüm rol oynamış, həm də Azərbaycanla Özbəkistan arasındakı humanitar əlaqələrin rəmzlərindən birinə çevrilmiş Nizami Gəncəvinin adını daşıyan ali təhsil ocağından gedir.
2026-cı il avqustun 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində iştirak ediblər. Dövlət başçıları universitetin həyətində ağac əkib, təhsil ocağının tarixi və infrastrukturu ilə tanış olublar.
Bu hadisə universitetin tarixində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, Azərbaycan-Özbəkistan münasibətlərində təhsil və mədəniyyətin oynadığı rolu da nümayiş etdirdi.
Nizami adı – iki xalq arasında elm körpüsü
Universitetin tarixi 14 sentyabr 1935-ci ildən başlayır. Həmin vaxt Orta Asiya Dövlət Universitetinin pedaqoji fakültəsinin bazasında Pedaqoji İnstitut yaradılıb. Məqsəd Özbəkistanda sürətlə inkişaf edən təhsil sistemi üçün ixtisaslı pedaqoji kadrlar hazırlamaq idi.
1947-ci il. SSRİ səviyyəsində dahi şairimiz Nizami Gəncəvinin 800 illiyi qeyd edilirdi. Həmin il bu təhsil ocağının tarixində də mühüm dəyişiklik baş verdi. İnstitut böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını aldı və Nizami adına Daşkənd Dövlət Pedaqoji İnstitutu kimi fəaliyyət göstərməyə başladı. Beləliklə, Azərbaycan ədəbiyyatının dahi nümayəndəsinin adı Mərkəzi Asiyanın aparıcı pedaqoji təhsil müəssisələrindən birinin adına çevrildi.

Universitetin adında Nizami Gəncəvinin yaşaması xüsusi məna daşıyır. Nizami yalnız Azərbaycan ədəbiyyatının deyil, ümumilikdə Şərq düşüncəsinin ən böyük simalarından biridir. Onun yaradıcılığında elmə, təhsilə və mənəvi kamilliyə verilən yüksək dəyər gələcəyin müəllimlərini hazırlayan bir ali məktəbin missiyası ilə də səsləşir. Bu baxımdan Nizami adının Daşkənddəki pedaqoji universitetdə yaşadılması iki ölkənin ortaq mənəvi və mədəni irsinin mühüm göstəricilərindən biri kimi qiymətləndirilə bilər.
İnstitutdan milli universitetə
1998-ci ildə təhsil müəssisəsinin statusu dəyişərək Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinə çevrilib. Özbəkistan Nazirlər Kabinetinin 24 fevral 1998-ci il tarixli qərarı ilə instituta universitet statusu verilib.
Lakin universitetin müasir inkişaf mərhələsi bununla yekunlaşmayıb. 2025-ci il aprelin 28-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Fərmanı ilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin bazasında Nizami adına Özbəkistan Milli Pedaqoji Universiteti yaradılıb və ali məktəb ölkədə pedaqoji kadr hazırlığı üzrə aparıcı ali təhsil təşkilatı kimi müəyyənləşdirilib.

Bu gün universitet böyük akademik struktura malikdir. Burada 6 ali pedaqoji məktəb, Birgə Təhsil Ali Məktəbi və magistratura şöbəsi fəaliyyət göstərir. Ümumilikdə 33 kafedranın olduğu universitetdə bakalavriat üzrə 38, magistratura üzrə isə 31 ixtisasda kadr hazırlığı aparılır.
730 müəllim və elmi-pedaqoji əməkdaşın çalışdığı ali məktəbdə 17 mindən çox tələbə təhsil alır. Onların arasında Azərbaycan vətəndaşları da var.
Azərbaycanın izi Daşkənddə
Universitetin Azərbaycanla əlaqələri isə xüsusilə diqqətçəkəndir. Nizami Gəncəvi adına Milli Pedaqoji Universitet Azərbaycanın bir sıra aparıcı ali məktəbləri ilə əməkdaşlıq edir. Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə imzalanmış anlaşma memorandumları bu əməkdaşlığın institusional əsasını formalaşdırır.

Bu əməkdaşlıqlar birgə elmi tədqiqatların aparılması, beynəlxalq konfransların təşkili, tələbə və müəllim mübadiləsi, elmi təcrübə proqramları, həmçinin mədəni-maarif əlaqələrinin inkişaf etdirilməsi istiqamətində imkanlar yaradılır.
Füzulidən Daşkəndə uzanan təhsil yolu
Bu əməkdaşlığın real nəticələrindən biri Füzuli ilə bağlıdır. Ölkələrimiz arasında əməkdaşlıq çərçivəsində Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin ilk 5 məzununun qrant əsasında universitetdə təhsil almaq hüququ qazanması iki ölkənin təhsil əlaqələrinin konkret nümunəsidir.

Burada simvolik məqam da var: Füzuli Azərbaycan mədəniyyətinin mühüm mərkəzlərindən biri olduğu halda, həmin şəhərin məktəb məzunları Özbəkistanda, Nizami Gəncəvinin adını daşıyan universitetdə ali təhsil almaq imkanı əldə edirlər.
Bir tərəfdə Nizami, digər tərəfdə Mirzə Uluqbəy – Azərbaycan və Özbəkistanın tarix və mədəniyyətinin iki böyük siması təhsil sahəsində belə bir mənəvi xətt üzərində birləşir.
“Yeni Daşkənd”də yeni səhifə
Universitetin gələcəyinə dair ən diqqətçəkən layihələrdən biri isə “Yeni Daşkənd” ərazisində inşa edilən yeni kampusdur.
40 hektarlıq ərazidə yaradılan kampusun tədris korpusları 20 min nəfərlik tutuma hesablanıb. Burada 5 min tələbə üçün yataqxanaların tikilməsi nəzərdə tutulur. Kampusun tərkibində Nizami Gəncəvi Muzeyi və universitetin tarix muzeylərinin yaradılması da planlaşdırılır. Bu hadisə universitetin tarixində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, Azərbaycan-Özbəkistan münasibətlərində təhsil və mədəniyyətin oynadığı rolu da nümayiş etdirdi.
Nizaminin adı ilə gələcəyə
90 ildən artıq tarixə nəzər salanda Daşkənddəki bu ali məktəbin keçdiyi yolun yalnız ad dəyişikliklərindən ibarət olmadığı aydın görünür. Pedaqoji fakültənin bazasında yaradılan institut zamanla böyük universitetə, daha sonra isə Özbəkistanın pedaqoji kadr hazırlığı üzrə aparıcı milli ali təhsil müəssisəsinə çevrilib.

Bu tarixdə Nizami Gəncəvinin adı isə xüsusi önəm daşıyır. Bu gün həmin universitetdə Azərbaycan tələbələri oxuyur, Azərbaycan universitetləri ilə əməkdaşlıq edilir, Nizami Gəncəvi Muzeyinin yaradılması planlaşdırılır və iki ölkənin dövlət başçıları onun yeni kampusunun açılışında bir araya gəlirlər.
Deməli, Nizaminin adı burada sadəcə bir lövhədə yazılan ad deyil. Bu ad Daşkəndlə Gəncə arasında, Özbəkistanla Azərbaycan arasında, keçmişlə gələcək arasında uzanan mənəvi körpüdür.
Bizim.Media-nın analitik qrupu


































































































