Qara dənizdə heyətində Azərbaycan vətəndaşlarının da olduğu "TEDY" adlı xarici yük gəmisi sentyabrın 9-da dron hücumlarına məruz qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində Azərbaycan vətəndaşları Aslan Əliyev və Asim Qasımovun həlak olduğu, İmran Novruzov və Rauf Əliyevin isə xəsarət aldığı barədə məlumat daxil olub. Yaralılar Ukraynanın Çernomorsk şəhər xəstəxanasında yerləşdiriliblər.
"Hal-hazırda, məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin diplomatik nümayəndəlikləri, habelə müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri həyata keçirilir. Yaralı vətəndaşlarımızın tibbi müayinəsi və müalicəsindən sonra onların ölkəyə qaytarılması və zəruri konsulluq dəstəyinin göstərilməsi, habelə cənazələr üzrə prosedurların həyata keçirilməsi istiqamətində tədbirlər görülür".
XİN Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların davam etdiyi və ya təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, həmin ərazilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan və ya bu marşrutlar üzrə fəaliyyət göstərən nəqliyyat vasitələrində, o cümlədən gəmilərdə işləməkdən çəkinməyə bir daha çağırıb.
***12:27
Dünən səhər saatlarında Qara dənizin Odessa limanı yaxınlığında göyərtəsində 4 Azərbaycan vətəndaşının olduğu gəmiyə dronlarla zərbə endirilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan dənizçilərə dəstək” İctimai Birliyindən məlumat verilib.
Bildirilib ki, “Mert Marine Corporation” şirkətinə məxsus olan və Somali bayrağı altında üzən “TEDY” (9059200 imo) yedək gəmisi dron hücümüna məruz qalıb. Gəminin göyətəsində 4 Azərbaycan, 3 Türkiyə, 2 Almaniya, 1 Ukrayna vətəndaşı olub.
Zədələnmiş gəmi gecə saatlarında Konstansa limanına doğru gedərkən yenidən 2 drom hücumuna məruz qalıb. Nəticədə azərbaycanlı dənizçilər Aslan Əliyev və Asim Qasımov həlak olub.
Digər 2 həmyerlimiz yanıq xəsarətləri ilə Odessa şəhərində xəstəxanaya yerləşdirilib.

Bizim.Media






























































































