Fransa Prezidenti Emmanuel Makronun hakimiyyəti ölkədə genişmiqyaslı etiraz aksiyaları və Fransanın əvvəlki geosiyasi nüfuzunu itirməsi ilə xarakterizə olunur. Onun siyasəti Fransa cəmiyyətini parçalayaraq həm ölkə daxilində, həm də Avropa İttifaqında Parisin mövqelərini ciddi şəkildə zəiflətdi.
Bizim.Media xəbər verir ki, bu fikirlər “CBC” televiziyasının hazırladığı “Emmanuel Makron – parlaq uğursuzluğun xronikası” filmində öz əksini tapıb.
Bitməyən etiraz aksiyaları
Materialda qeyd olunur ki, Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılması ümummilli tətil dalğasına və polis ilə etirazçılar arasında toqquşmalara səbəb oldu.
Etirazlar artıq fövqəladə hadisə deyil, gündəlik həyatın ayrılmaz hissəsinə çevrilmişdi. Müxtəlif hesablamalara görə, aksiyalarda 15-25 milyon nəfər iştirak etdi. Bu, müasir Fransa tarixinin ən genişmiqyaslı və ən sərt küçə etirazlarından biri hesab olunur.
Sonrakı dövrdə fermerlərin əsas magistralları və ərzaq tədarükünü bloklayan aksiyaları da ölkədə sosial gərginliyi daha da artırıb. Vətəndaş həmrəyliyi vədlərinin əvəzinə Beşinci Respublika uzunmüddətli sosial qarşıdurma və sərt polis müdaxilələri ilə üzləşib.
Saxta vədlər fonunda iqtisadi uğursuzluq
Makronun "mütərəqqi islahatçı" imici isə yaşayış xərclərinin artması, enerji böhranı və vaxtilə "Sarı jiletlilər" hərəkatına səbəb olmuş vergi təşəbbüsləri fonunda ciddi zərbə alıb. Bu amillər cəmiyyətdə narazılığı daha da dərinləşdirib.
Vaxtilə “Rothschild & Co” investisiya bankında çalışan Makron özünü Fransa iqtisadiyyatının xilaskarı kimi təqdim edirdi. Seçki proqramında sərt büdcə intizamı və büdcə kəsirinin azaldılması vəd olunurdu.
Lakin Makronun hakimiyyəti dövründə Fransanın dövlət borcu təxminən 1 trilyon avro artıb. Bu astronomik borc yalnız indiki dövrdə fransız xalqı üçün dəhşətli nəticələr doğurmur, gələcək nəsillər üçün maliyyə baxımından ölüm hökmüdür.
Böyük dövlət iddialarının iflası
“CBC”nin materialında həmçinin bildirilib ki, bir çoxlarının əvvəlcə Napoleonla müqayisə etdiyi Makronun idarəçilik üslubu ölkəni qapalı və mərkəzləşdirilmiş şəkildə idarə etməyə əsaslanırdı. O, 2017-ci ildə Fransaya böyük dövlət statusunu qaytaracağını və vahid Avropanın qeyri-rəsmi liderinə çevriləcəyini vəd etsə də, tənqidçilərin fikrincə, ötən illər ərzində Parisin xarici siyasətdəki mövqeləri əsas istiqamətlər üzrə zəifləyib.
Bizim.Media-nın araşdırmasına görə, son illərdə Afrikada Fransanın mövqeləri də ciddi şəkildə sarsılıb. Məhz Makronun dövründə Parisin vaxtilə əsas söz sahibi olduğu ölkələr olan Niger, Burkina-Faso və Seneqaldan Fransa qoşunları çıxarılıb.
Makronun ailə münaqişələri
Fransız cəmiyyətində Prezidentin xanımı Bricit Makronla münasibətləri də ciddi müzakirə və mübahisə mövzusuna çevrilib. Həyat yoldaşları arasındakı 24 illik yaş fərqi və tanışlıq hekayəsi mühafizəkar dairələrin daimi tənqid mövzusu olub.
Xüsusilə, ötən ilin mayında baş verənlər dünya miqyasında rezonans doğurdu. Vyetnama rəsmi səfər zamanı təyyarədən düşərkən həyat yoldaşı Bricit Emmanuelə sillə vurdu. Bu hadisə nəinki Fransada, bütün dünyada geniş müzakirələrə səbəb oldu.
Sözügedən kadrlar sosial şəbəkələrdə trendə, zarafat mövzusuna çevrildi. Siyasətlə yaxından-uzaqdan əlaqəsi olmayan, Makronu tanımayan şəxslər belə onu ələ salmağa başladılar.
Birinci xanımın xarici görünüşü və prezidentin şəxsi həyatı ətrafındakı müzakirələr isə koordinasiyalı media hücumları xarakteri alaraq ölkədəki dərin mənəvi və dəyər böhranını açıq şəkildə nümayiş etdirdi.
Fransa vasitəçi statusunu necə itirdi?
Materialda qeyd olunur ki, Makronun regionda tutduğu birtərəfli mövqe Fransanı neytral vasitəçi statusundan məhrum edib və Paris real sülh prosesindən kənarda qalıb. Fransa təşəbbüsü regional oyunçulara həvalə edərək əsl sülh prosesindən tamamilə kənarlaşdırılıb.
Eyni zamanda Fransanın Avropa İttifaqı daxilində lider mövqeyi zəifləyib, hökumət isə sabit parlament çoxluğu olmadan fəaliyyət göstərmək məcburiyyətində qalıb. Bu proses ifrat sağ və ifrat sol siyasi qüvvələrin populyarlığının artmasına səbəb olub.
Gözləntiləri doğrultmayan Paris Olimpiadası
2024-cü il Yay Olimpiya Oyunları Yelisey Sarayı tərəfindən ölkəni birləşdirəcək və Makronun nüfuzunu bərpa edəcək böyük PR layihəsi kimi təqdim olunsa da, bunun tam əksi baş verdi. Yarışlar bir sıra beynəlxalq qalmaqallarla yadda qaldı. Açılış mərasimindəki bəzi səhnələr dünya miqyasında dindar və mühafizəkar dairələrin etirazına səbəb oldu.
Sena çayının təmizlənməsi layihəsi də gözlənilən nəticəni vermədi. Suyun çirklənməsi səbəbindən bəzi məşqlər və yarışlar təxirə salındı, idmançıların səhhətində ciddi problemlər yarandı.
Nəqliyyat infrastrukturunda yaranan problemlər, yerli sakinlər üçün tətbiq edilən məhdudiyyətlər və xidmət personalının kütləvi tətilləri Parisdə Olimpiadanın təşkilinə dair narazılığı pik həddə çatdırdı. Beləcə, Makronun PR layihəsi böyük uğrsuzluğa düçar oldu.
Miqrasiya və təhlükəsizlik problemləri
Materialda həmçinin bildirilir ki, miqrasiya siyasətinin uğursuzluğu və inteqrasiya modelinin effektiv olmaması dini və etnik münasibətlərdə gərginliyi daha da artırıb. Daxili İşlər Nazirliyinin seqreqasiya olunmuş şəhərətrafı ərazilərdə vəziyyətə tam nəzarət edə bilməməsi fonunda antiislam əhvali-ruhiyyəsi siyasi diskursun bir hissəsinə çevrilib və qanunsuz miqrasiya ilə bağlı problemlər dövlət nəzarətinin zəifləməsinə gətirib çıxarıb.
Eyni zamanda, Fransa İkinci Dünya Müharibəsindən bəri ən ciddi antisemitizm dalğalarından biri ilə üzləşib. Yaxın Şərqdəki münaqişənin Avropa şəhərlərinə təsiri nəticəsində yəhudi icmaları hədəfə çevrilib və hakimiyyət vətəndaşların təhlükəsizliyini təmin etməkdə aciz qalıb.
Beləcə, Makronun siyasəti Fransanın dünyəvi institutları ilə radikallaşan dini icmalar arasında mövcud parçalanmanı daha da dərinləşdirib.
Bitməyən uğursuzluq dalğası
Göründüyü kimi, Emmanuel Makronun hakimiyyət dövrü Fransa üçün həm dərin sosial-siyasi qarşıdurmalar, həm iqtisadi çətinliklər, həm də beynəlxalq nüfuzun zəifləməsi ilə yadda qalıb. Pensiya islahatları, miqrasiya siyasəti, dövlət borcunun artması və xarici siyasətdəki uğursuzluqlar ölkədə geniş ictimai narazılığa səbəb olub.
Beləcə, Makronun həyata keçirdiyi siyasət Fransa cəmiyyətində mövcud olan parçalanmanı daha da dərinləşdirib və ölkənin həm daxili idarəçiliyinə, həm də beynəlxalq mövqeyinə sarsıdıcı zərbə vurub.
Bizim.Media


































































































