Ukrayna Müdafiə Qüvvələri Qara dəniz akvatoriyasında Rusiyanın "kölgə donanması"na daxil olan "FINA A" (IMO 9283306) tankerinə, həmçinin iki avtomobil körpüsünə və düşmənin bir sıra komanda məntəqələrinə uğurlu zərbələr endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Hədəfə alınan "FINA A" tankeri Avropa İttifaqı, Böyük Britaniya, Kanada, İsveçrə və Ukraynanın sanksiyalar siyahısındadır.
Rusiya Federasiyasının maraqları naminə beynəlxalq məhdudiyyətlərdən yayınaraq neft və neft məhsullarının daşınması üçün istifadə edilən bu gəminin uzunluğu 244,6 metr, ümumi tutumu isə 62 002 ton təşkil edir. Tankerə dəyən ziyanın dərəcəsi dəqiqləşdirilir.
Bundan əlavə, Ukrayna hərbçiləri rus qoşunlarının hərbi logistika və qüvvələrin yerdyişməsi üçün istifadə etdiyi obyektləri də sıradan çıxarıb. Xüsusilə, Xerson vilayətində Şimali Krım kanalı üzərindən keçən Stavki yaşayış məntəqəsi yaxınlığındakı avtomobil körpüsü və Voinka rayonundakı digər bir avtomobil körpüsü zərbələrə məruz qalıb.
Eyni zamanda, Donetsk vilayətinin Velika Novosilka rayonunda rus ordusunun komanda-müşahidə məntəqəsi, eləcə də müxtəlif bölgələrdə (o cümlədən Rusiyanın Kursk vilayətində) düşmənin pilotsuz uçuş aparatlarının (PUA) idarəetmə məntəqələri məhv edilib.

Bizim.Media




































































































