ADNA Mətbuat Xidməti Moderator.az-a təhsil müəssisəsindəki yay imtahan sessiyası barədə yazı göndərib:
"Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) IV kursların son yay imtahan sessiyası davam edir. Aprelin 6-dan başlayan və 20-nə qədər davam edəcək imtahan prosesi şəffaflığın qorunması şərtilə gərgin iş şəraitində keçir. Qeyd edək ki, ADNA-da Geoloji kəşfiyyat, Qaz-neft mədən, Kimya texnologiya, Neft-mexanika, Energetika, İstehsalat proseslərinin avtomatlaşdırılması, İqtisadiyyat, iqtisadi münasibətlər və menecment fakültələri var. Həmin fakültələr üzrə imtahanlarda müxtəlif ixtisaslara yiyələnən və bakalavr təhsilini başa vuracaq 80 qrup 319 imtahanda iştirak edəcək. Ümumi imtahan prosesi İmtahan komissiyasının sədri, Beynəlxalq əlaqələr üzrə prorektor dosent Rafiq Camalov, o cümlədən üzvlər - Neft-mexanika fakültəsinin dekanı dosent Sakit Abbasov, Tədris şöbəsinin rəisi dosent Lətifə Məmmədova, İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzinin (İKTM) rəisi dosent Osman Mirzəyev tərəfindən təşkil olunur. İmtahanların keçirilməsi barədə ətraflı məlumat verən ADNA-nın Tərbiyə işləri üzrə prorektoru dosent Qasım Məmmədov bildirdi ki, ADNA-da imtahanlar kameralarla təhciz edilmiş auditoriyalarda qarışıq qrup şəklində keçirilir. İmtahanı qrupların sayı qədər nəzarətçilər müşahidə edirlər. Nəzarətçilər imtahanda iştirak edən fakültə qruplarının müəlimləri deyil, başqa fakültələrdən ibarət olur. İmtahana 2 saat vaxt ayrılır və biletlər 5 sualdan ibarət olur. Yazılar anonum şəkildə götürülüb kodlaşdırılır və sonradan həmin kodlaşdırılmış yazılar saat 12:00-da 335-ci auditoriyada bütün müəllimlər tərəfindən eyni vaxtda yoxlanılır. İmtahan vərəqələri kodlaşdırılır və yoxlama zamanı kodlar dekanlar, yaxud dekan müavinləri tərəfindən açılır. İmtahanların gedişi ilə bağlı qurulan bu sistem şəffaflığın qorunmasına yüksək təminat verir. İmtahan Komissiyasının yay imtahan sessiyasının keçirilməsi qaydaları haqqında verdiyi bildirişə əsasən, ADNA-da yay imtahan sessiyasının keçrilməsi mərkəzləşdirilmiş şəkildə həyata keçrilir. İmtahanın vaxtları və imtahan verəcəyi auditoriya təyin olunaraq, tələbələrə elan edilir. İmtahan sualları kafedralar qarşısında stentlərə vurulur. İmtahanı aparacaq nəzarətçilər (professor müəllim heyyəti), qruplar məxfi saxlanılmaqla, hansı auditoriyada olacaqları haqqında məlumatlandırılırlar. İmtahan günü nəzarətçilər saat 8:30-da təyin olunmuş auditoriyalara gələrək qrupları qarşılayaraq yerləşdirirlər. Rektorun əmri ilə fakültələrə təyin edilmiş məsul şəxslər saat 8:45-də imtahan papkalarını (biletləri və peçatlı kağızları) imtahan keçrilən auditoriyalara apararaq nəzarətçilərə təhvil verirlər. Nəzarətçilər biletləri paylayaraq imtahanı keçrirlər. İmtahan sona çatdıqdan sonra nəzarətçi biletləri və cavablar yazılmış kağızları rektorun əmri ilə yaradılmış komissiyaya təhvil verir. Saat 11:45-də imtahanın nəticələrini yoxlayacaq müəllimlər təyin olunmuş auditoriyaya dəvət edilir. Komissiya işləri qəbul etdikdən sonra kodlaşdırır. Kodlaşma qurtardıqdan sonra saat 12:00-da nəticələri yoxlayacaq müəllimlərə təhvil verilir. Müəllimlər nəticəni yoxlayıb qurtardıqdan sonra, işləri kodların açılması üçün ikinci komissiyaya təhvil verir. İkinci komissiya tərəfindən kodlar açılır və imtahanın nəticəsi İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzinə (İKTM) təqdim edilir. Qeyd etmək lazımdır ki, tələbənin semestr ərzində topladığı bal da, imtahana 10 gün qalmış İKTM-ə təqdim edilir və Mərkəzdə fakültələrə təhkim edilmiş əməkdaşlar tərəfindən kompüterə oturdulur. Komissiya imtahanın nəticəsini İKTM-ə təqdim etdikdən sonra İKTM əməkdaşları həmin nəticələri kompüterə oturdur. Xüsusi proqram vasitəsilə tələbənin biliyi qiymətləndirilir və nəticə cədvəl şəklində çap olunur. Sonra İKTM rəisi tərəfindən imzalanaraq fakültə dekanlarına təqdim edilir. Dekanlar nəticələri tələbələrin nəzərinə çatdırırlar. İmtahanın qiymətindən narazı olan tələbələr apelasiya şikayəti verə bilər. Bu zaman şikayətə apelasiya komissiyası baxır və müvafiq qərar qəbul edir. Yay semsetrində də imtahanların bu formada keçrilməsi qərara alınmışdır. Qeyd edək ki, Bakıda I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar olaraq Bakı şəhərində yerləşən bütün təhsil müəssisələrində tədris prosesi və imtahan sessiyası bu il mayın 31-nə qədər başa çatdırılacaq. Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq, Təhsil Nazirliyinin bu barədə təhsil müəssisələrinə təqdim etdiyi təlimata əsasən, ali məktəblərdə dərs sessiyalarının müddətində də dəyişiklik edilib. 2014-2015-ci tədris ilinin payız dərs sessiyası dekabrın 28-də başa çatdırılıb. Qış imtahan sessiyası dekabrın 29-dan başlayaraq yanvarın 18-nə qədər bitib. Tədris ilinin yaz sessiyası isə yanvarın 26-dan başlayıb və mayın 9-na qədər keçiriləcək. Yay imtahan sessiyası mayın 11-dən 24-nə, dövlət imtahanları isə mayın 25-dən 31-nə qədər olacaq.


































































































