Lənkəranda idarəetmədən çıxan yük avtomobili əvvəlcə elektrik dirəklərinə çırpılıb, daha sonra kanala aşıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran–Boradigah–Masallı yolunun Lənkəran rayonunun Cil kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, Cəlilabad rayon sakini Şirin Mirzəyev idarə etdiyi “Mercedes Atego” markalı yük avtomobili ilə hərəkətdə olarkən yağışlı hava şəraitində idarəetməni itirib. Avtomobil əvvəlcə elektrik dirəklərinə çırpılıb, daha sonra yol kənarındakı kanala aşıb.
Qəza nəticəsində Cil kəndi və Şağlaser kəndinin bir hissəsi elektrik enerjisiz qalıb.
Yük avtomobilinin kanaldan çıxarılması üçün Lənkəran–Boradigah magistral yolunda hərəkət bir neçə saat qismən məhdudlaşdırılıb. Nəticədə yolda nəqliyyat sıxlığı yaranıb.
Qəza zamanı sürücü xəsarət almayıb. Avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.


Sabutay, Bizim.Media, Cənub bürosu.































































































