13 yaşlı uşağın ölümündə “Roblox” İZİ – Uşaqları zərərli məzmundan necə qoruyaq?

13 yaşlı uşağın ölümündə “Roblox” İZİ – Uşaqları zərərli məzmundan necə qoruyaq?

Hazırda oxunan: 13 yaşlı uşağın ölümündə “Roblox” İZİ – Uşaqları zərərli məzmundan necə qoruyaq?

636754

Bakının Xətai rayonunda 13 yaşlı yeniyetmənin ölümü ilə bağlı aparılan araşdırmada onun “Roblox” oyun platformasında qarşılaşdığı, psixoloji vəziyyətinə mənfi təsir göstərən zərərli məzmun və çağırışların təsiri nəticəsində bu addımı atdığı müəyyən olunub. Baş Prokurorluğun məlumatına görə, yeniyetmənin daxil olduğu internet resursları və qarşılaşdığı məzmunun xarakteri də müəyyənləşdirilir.

“Roblox” uşaqlar arasında istifadə olunan məşhur platformadır. Burada oyunla yanaşı, digər istifadəçilərlə ünsiyyət və müxtəlif məzmunlarla qarşılaşmaq da mümkündür. Bu isə valideyn nəzarəti və uşaqların internetdə təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Bir neçə il əvvəl “Mavi Balina” kimi təhlükəli oyun proqramı da bir sıra faciələrə yol açaraq cəmiyyətdə narahatlıqlar yaratmışdı:

Uşaqları belə risklərdən qorumaq üçün internet platformalarına nəzarət necə həyata keçirilməlidir?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Kibertəhlükəsizlik üzrə mütəxəsis Fərid Əmirov bildirir ki, Azərbaycanda bu cür platformalara girişi tamamilə bağlamaq hüquqi və texniki baxımdan mümkündür.



“Ölkəmizdə uşaqların fiziki və psixi sağlamlığına təhlükə yaradan resursların IP ünvanlarını və ya domenlərini provayderlər səviyyəsində bloklamaq üçün hüquqi baza da, texniki imkanlar da var.

Lakin məsələyə məhz texniki tərəfdən baxsaq, tam məhdudlaşdırma köklü həll yolu deyil. Çünki uşaqlar pulsuz VPN-lər və ya DNS parametrlərini dəyişməklə bu qadağaları saniyələr içində yan keçə bilirlər. Ən əsası, bir platformanı bağlayanda nəzarətsiz kütlə dərhal başqa bir analoji məkana — Discord-a, Telegram qruplarına və ya fərqli oyunlara axışır”.

Təkcə qadağalarla kifayətlənmək olmaz...

F.Əmirov tətbiq edilməli üçtərəfli texniki nəzarət mexanizmini sadalayıb:

“Birincisi, platformalar öz üzərinə məsuliyyət götürməlidir. “Chat” sistemlərində süni intellekt və canlı moderatorlarla 24 saatlıq süzgəclər tətbiq olunmalı, 13 yaşdan aşağı istifadəçilər üçün yad adamlarla birbaşa mesajlaşma standart olaraq bağlanmalıdır.

İkincisi, dövlət səviyyəsində zərərli domenlərin avtomatlaşdırılmış təyini aparılmalı və rəqəmsal platformalarda yaşın doğrulanması tələbləri sərtləşdirilməlidir.

Üçüncüsü və ən vacibi valideyn nəzarətidir. Təəssüf ki, qadağalar valideyn diqqətini əvəz edə bilmir. Valideynlər Google Family Link və ya Apple Screen Time kimi alətlərdən istifadə etməli, hətta evdəki Wi-Fi router səviyyəsində NextDNS kimi təhlükəsizlik filtrlərini aktivləşdirməlidirlər”.

Mütəxəssis hesab edir ki, texniki qadağalar yalnız müvəqqəti vaxt qazandırır. Əsas həll platformaların sərt filtrləri, valideynlərin texniki nəzarəti və uşaqlarda rəqəmsal gigiyena vərdişlərini formalaşdırmaqdır.

Bəs valideynlər uşağın internetdə təhlükəli məzmunla qarşılaşdığını hansı əlamətlərdən anlaya bilər?

Psixoloq Sibel Piriyeva Bizim.Media-ya yeniyetməlik yaş dövründə uşaqların belə oyunlara meyl göstərməsinin səbəblərindən danışdı:



“Əsas səbəb liberal ailə mühitidir. Yəni burada valideynlər uşaqların maddi, mənəvi, emosional və sosial ehtiyaclarına laqeyd yanaşırlar. Bu səbəbdən uşaq həmin ehtiyaclarını özünə yaxın bildiyi fərqli bir mənbədən axtarıb tapmağa çalışır. Təbii ki, uşaq olduğu üçün nəyin səhv, nəyin doğru olduğunu da bilmir.

Valideynlər bəzən başqa məsələlərdə diqqətli olsalar da, telefon üzərində nəzarətləri zəif olur. Söhbət telefonu uşağın əlindən alıb baxmaqdan getmir. Valideyn uşağın nəyə baxdığına, telefonu nə qədər müddət istifadə etdiyinə diqqət yetirməlidir. Psixoloqların qadağan etdiyi oyun və cizgi filmlərinə baxmağa icazə verilməməlidir. Hətta uşağın belə məzmunlarla qarşılaşmaması tövsiyə olunur.

Uşağın ünsiyyətinin azalması əsas əlamətlərdən biridir

S. Piriyeva internetdə təhlükəli məzmunların təsiri altında olan uşaqların əlamətləri arasında özünəqapanıqlığı xüsusi vurğulayır:

“Uşaq əvvəl danışırdı, ətrafındakı insanlarla ünsiyyət qururdu, amma artıq otağına qapanır. Bundan sonra yeməyində, iştahında, yuxusunda və dərslərində dəyişikliklər görə bilərlər. Belə uşaqlarda məktəbdən yayınma halı varsa, mütləq bunun üzərinə düşmək lazımdır.

Bir də uşağın emosional vəziyyətinə baxılmalıdır. Uşaq özünü necə hiss edir? Çox valideyn bunu gözardı edir. Bu kimi oyunların qurbanı olan uşaqlarda belə dəyişikliklər mütləq şəkildə ya hamısı, ya da bəziləri özünü göstərir”.

Qeyd edək ki, “Roblox”la bağlı təhlükəsizlik narahatlıqları səbəbindən platformaya Türkiyə, Rusiya və Çində, eləcə də Cənubi və Şimali Koreyada müxtəlif məhdudiyyətlər tətbiq edilib.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO