İrəvan yenə köhnə havada: Paşinyanın “sülh” ritorikasının arxasında REVANŞİZM

İrəvan yenə köhnə havada: Paşinyanın “sülh” ritorikasının arxasında REVANŞİZM

Hazırda oxunan: İrəvan yenə köhnə havada: Paşinyanın “sülh” ritorikasının arxasında REVANŞİZM

636715

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri Ermənistan siyasi və informasiya mühitində gözlənilən, lakin hər dəfə olduğu kimi, absurd və aqressiv reaksiya doğurub. Sentyabrın 11-12-də 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən təxminən 150 nəfərlik heyətin Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərə səfər etməsi İrəvanda bir daha köhnə tezislərin tozunu qaldırıb.

Səfər çərçivəsində diplomatlar bölgədə aparılan bərpa-quruculuq işləri, sosial və iqtisadi infrastruktur layihələri, tarixi-mədəni irs nümunələrinin vəziyyəti və onların qorunması istiqamətində görülən işlərlə tanış olublar. Əslində isə burada qeyri-adi heç nə yoxdur. Diplomatik nümayəndələr Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə səfər ediblər.

Azərbaycan ərazisində kimin hara getməsi İrəvanın işi deyil

Ancaq erməni media resurslarının və diaspor çevrələrinin reaksiyasına nəzər saldıqda ortaya qəribə mənzərə çıxır. Azərbaycan ərazisinə gələn diplomatlar hədəfə alınır, onları Azərbaycanla "əməkdaşlıqda" ittiham edənlər peyda olur. Bunlar azmış kimi, səfəri təşkil edən Azərbaycan tərəfi ittiham edilir, Qarabağın statusu ilə bağlı artıq tarixə gömülmüş iddialar yenidən dövriyyəyə buraxılır.

Bəzi erməni resursları diplomatların səfərini "işğal olunmuş ərazilərə səfər", "Bakının təbliğat kampaniyası", "diplomatik manipulyasiya" kimi təqdim etməyə çalışır.

Burada sadə bir sual yaranır: Azərbaycan ərazisində təşkil olunan səfərin Ermənistana nə dəxli var?

Qarabağ, Şərqi Zəngəzur Azərbaycan ərazisidir. Xankəndi, Şuşa bizim şəhərlərimiz, Ağdərə, Kəlbəcər bizim rayonlarımızdır.

Azərbaycanın öz ərazisində diplomatların səfərini təşkil etməsi də onun suveren hüququdur. Bu məsələyə İrəvanın etiraz etməsi Azərbaycanın suverenliyinə qarşı münasibətin əyani göstəricisidir.

Daha da maraqlısı odur ki, özünü beynəlxalq hüquqa, ərazi bütövlüyünə və dövlətlərin suverenliyinə hörmət edən tərəf kimi təqdim etməyə çalışan Paşinyan hakimiyyəti məhz bu məqamda özünün nə qədər ziddiyyətli mövqedə olduğunu nümayiş etdirir.

Paşinyan susur, amma kampaniya danışır

Məsələnin ən diqqətçəkən tərəflərindən biri Ermənistan rəsmilərinin bu kampaniyaya münasibətidir. İrəvandan diplomatların səfərinə dair açıq və rəsmi şəkildə sərt bəyanatların verilməməsi ilk baxışda hakimiyyətin bu prosesdən məsafə saxladığı görüntüsünü yarada bilər.

 

Lakin məsələ bu qədər sadə deyil. Çünki Ermənistan daxilində və diaspor mühitində formalaşdırılan informasiya kampaniyası hakimiyyətin siyasi xəttindən ayrı təsəvvür edilə bilməz. Yəni məsələ aydındır. Paşinyanın özü, rəsmiləri kölgədə oturub, erməni mətbuatına, diaspora tezisləri ötürüb, “hücum” əmri veriblər. Məsələ bu qədər sadədir.

 

Digər tərəfdən, Paşinyan və komandası daxili siyasət gündəm olanda revanşistləri təhqir etməkdən belə çəkinmirlər. Bu reallığı nəzərə aldıqda daha bir sual ortaya çıxır: əgər Paşinyan hakimiyyəti həqiqətən də bu reaksiyaların əleyhinədirsə, o zaman niyə diplomatlara yönələn hücumlara, təhdidlərə və Azərbaycan əleyhinə revanşist ritorikaya qarşı aydın mövqe ortaya qoyulmur?

Susmağın özü də razılıq əlamətidir...

Paşinyan hakimiyyəti beynəlxalq platformalarda “sülh göyərçini” obrazı yaratmağa çalışır. Amma daxili auditoriyada və diaspor mühitində Qarabağ mövzusunun yenidən manipulyasiya edilməsinə şərait yaradılırsa, bu artıq ciddi siyasi riyakarlıqdır.

Bir tərəfdə "sülh gündəliyi", digər tərəfdə isə Azərbaycana, diplomatik korpus nümayəndələrinə qarşı qarayaxma kampaniyası. Bir tərəfdə ərazi bütövlüyünün tanınmasından danışmaq, digər tərəfdə Azərbaycanın öz ərazisində təşkil etdiyi diplomatik səfəri problem kimi təqdim etmək. Bu, Ermənistanın sülh ritorikasının sadəcə yalandan ibarət olduğunun göstəricisidir.

Sülh istəyən tərəf niyə Azərbaycanın suverenliyindən narahat olur?

Sülhün ən fundamental şərtlərindən biri tərəflərin bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməsidir. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, onda Azərbaycanın Qarabağda xarici diplomatları qəbul etməsinin hansı problemi var? Əgər Qarabağ Azərbaycanın ərazisidirsə, diplomatların Xankəndiyə getməsi niyə Ermənistanda etiraz doğurur? Əgər Ermənistan Azərbaycanın suverenliyinə hörmət etdiyini deyirsə, Azərbaycan ərazisindəki tarixi abidələrin ziyarətinə niyə siyasi don geyindirilir?

Bu sualların cavabı əslində çox sadədir: problem diplomatların səfərində deyil, həmin səfərin Ermənistanın illərlə yaratdığı siyasi təsəvvürləri dağıtmasındadır.

Diplomatlar bölgəni öz gözləri ilə görürlər. Onlara sosial şəbəkələrdəki manipulyativ videolar deyil, real mənzərə göstərilir. Beləcə Ermənistanın illərdir uydurduğu miflər bir-bir ifşa olur. Bu isə köhnə tezislərə, revanşist ritorikaya beynəlxalq miqyasda vurulan zərbədir.  

Diasporun qəzəbi də təsadüfi deyil

Kampaniyanın digər mühüm istiqaməti xaricdəki erməni diasporu çevrələridir. Diaspor strukturlarının illərlə Qarabağ məsələsi üzərindən formalaşdırdığı siyasi və informasiya kapitalı Azərbaycanın bölgədə suverenliyini tam bərpa etməsindən sonra ciddi şəkildə zəifləyib.

İndi isə hər bir belə səfər həmin qurulmuş mifologiyaya yeni zərbə vurur. Üstəlik diplomatik korpusun səfəri Qarabağı siyasi mübahisə predmeti etmək cəhdlərini də tamamilə boşa çıxarır. Beləcə diaspor uzun illərdir Qarabağ kartından istifadə etməklə topladığı milyonlardan məhrum qalır. Məhz bu vəziyyət erməni lobbisini qıcıqlandırır, onlar da Paşinyanın “gizli” kampaniyasına qoşulub, qəzəblərini diplomatları hədəf almaqla soyutmağa çalışırlar.

Ermənistan Konstitusiyasının dəyişdirilməsi zərurəti

Burada məsələnin daha fundamental tərəfi ortaya çıxır. Ermənistanın diplomatların səfərinə qarşı hələ də bu qədər aqressiv münasibət sərgiləməsi revanşizm ideyasının tamamilə sıradan çıxmadığını göstərir. Əgər bir ölkənin siyasi və ictimai mühitində digər dövlətin ərazisi ilə bağlı iddialar yaşayırsa, həmin ölkənin "sülh istəyirik" deməsi avtomatik olaraq kifayət etmir.

Sülhün siyasi və hüquqi təminatı olmalıdır.

Məhz buna görə Azərbaycanın Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi ilə bağlı tələbi tamamilə haqlıdır. Diplomatların səfərinə reaksiyalar bir daha göstərdi ki, Ermənistanın Konstitusiyasında və ona bağlı hüquqi sənədlərdə Azərbaycana qarşı ərazi iddialarına hüquqi-siyasi istinadların qalması gələcək üçün risk yaradır.

Bu gün Paşinyan üzdə sülhdən danışa bilər. Sabah onun başqa ritorika ilə - 44 günlük müharibədən əvvəl olduğu kimi - çıxış etməyəcəyinə kim zəmanət verə bilər?

Yaxud da, sabah Ermənistanda başqa qüvvələr hakimiyyətə gələ bilər. Bəs onda nə olacaq?

Məhz buna görə məsələ şəxslərin siyasi vədlərindən daha böyükdür. Söhbət hüquqi təminatdan gedir. Hüquqi təminat üçün əsas şərt isə konstitusiyadan ərazi iddialarının çıxarılmasıdır.

İrəvan nəhayət seçim etməlidir

Ermənistan qarşısında artıq köhnə Qarabağ gündəliyini saxlamaq üçün əvvəlki imkanlar yoxdur. Azərbaycan öz suverenliyini bərpa edib. Beynəlxalq diplomatlar bölgəyə səfərlər edir. Bərpa-quruculuq işləri sürətlə davam edir. Qarabağ Azərbaycanın iqtisadi, sosial və siyasi həyatına inteqrasiya olunur.

Bu reallıq qarşısında Ermənistanın iki yolu var. Birincisi, köhnə revanşist ritorikanı qoruyub saxlamaq, diasporun radikal çağırışlarını daxili siyasətdə alətə çevirmək və sülh prosesini daim şübhə altında qoymaq.

İkincisi isə yeni reallığı qəbul etmək, Azərbaycanın suverenliyinə hörmət etmək, ərazi iddialarını hüquqi müstəvidə də geridə qoymaq və regionda normal qonşuluq münasibətlərinə keçmək.

Əgər Paşinyan həqiqətən sülh istəyirsə, seçim çətin deyil. Üzdə ikinci reallıqdan çıxış etdiyini göstərib, əl altından revanşizmi tətikləmək, köhnə narrativləri diriltmək cəhdləri isə sadəcə riyakarlıqdır. Sülhə gedən yolda isə riyakarlığa yer yoxdur.

Anar Tahirov, Bizim.Media-nın baş redaktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO