Terrorizminin maliyyələşdirilməsinə görə cəzalar SƏRTLƏŞDİRİLİR

Terrorizminin maliyyələşdirilməsinə görə cəzalar SƏRTLƏŞDİRİLİR

Hazırda oxunan: Terrorizminin maliyyələşdirilməsinə görə cəzalar SƏRTLƏŞDİRİLİR

636745

Hüquqi şəxslərin terrorizmin maliyyələşdirilməsinə görə məsuliyyəti artırılır.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin payız sessiyası çərçivəsində Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının Cinayət və Cinayət-Prosessual Məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, hüquqi şəxs tərəfindən maliyyə əməliyyatlarına nəzarətin qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil edilməməsi nəticəsində vəzifəli şəxslər xidməti vəzifələrinin icrası ilə əlaqədar terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətdikdə, hüquqi şəxsə cinayət-hüquqi tədbirlər cinayətin həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsindən asılı olmayaraq tətbiq ediləcək.
 

Təqdim olunan qanun layihəsi terrorizmin maliyyələşdirilməsinə (bundan sonra – TM) qarşı mübarizə mexanizmlərinin gücləndirilməsi, hüquqi şəxslərin bu sahədə məsuliyyətinin daha dəqiq müəyyən edilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin və FATF-ın müvafiq standartlarının milli qanunvericilikdə daha səmərəli həyata keçirilməsinin təmin edilməsi məqsədilə hazırlanmışdır.


TM-in digər iqtisadi xarakterli cinayətlərdən mühüm fərqi ondan ibarətdir ki, bu əməlin əsas məqsədi maliyyə və ya digər iqtisadi mənfəətin əldə edilməsi deyil, vəsaitlərin terror aktının, terror təşkilatının və ya terrorçunun fəaliyyətinin maliyyələşdirilməsinə yönəldilməsidir.

Bu baxımdan TM-ə qarşı mübarizədə əsas məqsəd yalnız qanunsuz gəlirlərin aşkar edilməsi və müsadirəsi deyil, həmçinin terror fəaliyyətində istifadə edilə biləcək maliyyə resurslarının vaxtında müəyyən edilməsi, qarşısının alınması, dondurulması və müsadirə edilməsindən ibarətdir.

Azərbaycan Respublikası 2001-ci ildən 1999-cu il 9 dekabr tarixli "Terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması haqqında" Beynəlxalq Konvensiyanın iştirakçısıdır.

Konvensiyanın 5-ci maddəsinə əsasən, hər bir iştirakçı dövlət onun ərazisində olan yaxud onun qanunlarına əsasən təsis edilmiş hüquqi şəxsi TM cinayəti törədildiyi halda məsuliyyətə cəlb etmək üçün zəruri tədbirlər görməlidir. Konvensiyanın 8-ci maddəsi isə TM cinayətin törədilməsi məqsədi ilə istifadə olunan və ya ayrılmış hər hansı vəsaitin mümkün müsadirə məqsədləri ilə müəyyənləşdirilməsi, aşkarlanması, təcrid edilməsi və ya onların üzərinə həbs qoyulması üçün öz daxili hüquq prinsiplərinə müvafiq olaraq zəruri tədbirlərin görülməsini tələb edir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO