Yaxın Şərqdə gərginliyin kəskin artması fonunda Avropada qazın min kubmetrinin birja qiyməti 1 000 dollar həddini aşıb.
Bizim.Media xəbər verir ki, bu barədə RBC məlumat yayıb.
Sentyabrın 10-da Niderlandın "TTF" habında oktyabr fyoçerslərinin dəyəri 4,04% artaraq 1 MVt/saat üçün 82,45 avroya (və ya min kubmetr üçün 1 006,2 dollara) çatıb. Mavi yanacağın qiyməti 2022-ci il dekabrın 22-dən bəri ilk dəfədir ki, 1 000 dollar həddini keçir.
Qiymətlərin kəskin bahalaşması Yaxın Şərqdəki münaqişə və tədarük perspektivləri ilə bağlı narahatlıqların artması ilə əlaqələndirilir.
Böhran Hörmüz boğazında daşımaların altı aydan çox müddətə dayanması ilə bağlıdır. ABŞ, İsrail və İran arasında başlayan müharibədən sonra boğazın demək olar ki, tam qapanması bazara mayeləşdirilmiş təbii qaz (AQT / LNG) tədarükünü 20%-ə yaxın azaldıb.
"Bloomberg"in mənbələrə istinadən verdiyi məlumata görə, hərbi əməliyyatlar Qətərin öz müştərilərini qazla təmin etmək imkanlarını iflic edib. Dünya üzrə LNG tədarükünün beşdə birini həyata keçirən Qətər hazırda amerikalı tədarükçülərdən uzunmüddətli müqavilələrlə qaz almaq üçün danışıqlar aparır.
Böhrandan əvvəl Qətər 2030-cu ilə qədər "Ras Laffan" terminalında istehsalı iki dəfə artırmağı planlaşdırırdı. Lakin "QatarEnergy" şirkətinin həmin obyekti münaqişənin ilk həftələrində zədələnib və onun tam bərpası üçün 3 ildən 5 ilədək vaxt tələb oluna bilər.
Bizim.Media
































































































