Mərhum şahzadə Diananın o vaxtkı şahzadə Çarlzla evlilikləri dövründə ərinin xəyanət etirafından sonra geyindiyi məşhur qara donu hərraca çıxarılıb.
Bizim.Media “BBC News”a istinadən xəbər verir ki, hazırki kralın xəyanət etirafı sənədli filmdə öz dilindən səsləndirilmişdi.
Filmin yayımlanmasından bir neçə saat sonra Londondakı bir məclisə qatılan Diana kral ailəsinin qadınlarına xas olmayan açıq-saçıq qara paltarla diqqət çəkmişdi.
1994-cü ildə dizayner Kristina Stambolian tərəfindən xüsusi sifarişlə hazırlanmış qara ipək paltarında Diananın "Serpentine" qalereyasına möhtəşəm girişi şou aləminin əlamətdar anlarından birinə çevrilmişdi. Dövrünün böyük qalmaqalına səbəb olan bu paltarı media “Qisas donu” adlandırmışdı.
Hazırda "Sotheby's" hərrac evi, dekabrın 9-da satışa çıxarılacaq paltarın ən az 300 000 dollara (220 000 funt-sterlinq) qədər satılacağını ehtimal edir. Kraliçanın buna qədər də 97 paltarı satılıb.
Toyunda məşuqəsinin qol düymələrini taxıb
Qeyd edək ki, o zaman şahzadə Çarlz arvadına Kamilla Parkerlə xəyanət edirdi. Hazırda bu qadın kraliçadır, yəni Böyük Britaniya kralı Çarlzın xanımıdır. Bu cütlük hələ 1970-ci illərin əvvəllərində tanış olmuş və sevgi münasibəti yaşamışdılar. Kamilla başqası ilə evlənsə də, Çarlzın həyatında xüsusi yerini qoruyub saxlamışdı.
Diana ilə 1981-ci ildə baş tutan "nağılvari" toydan əvvəl və toy zamanı da Kamillanın kölgəsi bu nikahın üzərində idi. Diana sonralar demişdi ki, hətta toy kostyumunda Kamilla tərəfindən hədiyyə edilən iki "C" hərfi (Charles və Camilla) həkk olunmuş qol düymələri olub.
Çarlzın özünün sonrakı etiraflarına görə, cütlüyün nikahı 1986-cı ildə (şahzadə Harri doğulduqdan iki il sonra) tamamilə çıxılmaza düşdükdən sonra Çarlz Kamilla ilə münasibətlərini yenidən bərpa edib. 1989-cu ildə Diana bir gecədə Kamillaya yaxınlaşaraq, "Çarlzla aranızda nə baş verdiyini bilirəm, məni axmaq yerinə qoymayın" deyərək onu birbaşa ittiham etmişdi.
Bu xəyanət skandalları fonunda Kraliça II Elizabetin tələbi ilə cütlük 1992-ci ildə ayrıldı və 1996-cı ildə rəsmən boşandı.
Daha sonra ərəb biznemenlə – Dodi əl-Fayed münasibətinin ciddiləşdiyi bir dövrdə cütlük müəmmalı şəkildə avtoqəza keçirmişdi. Buna qədər isə pakistanlı kardioloq-cərrah Hasnat Xanla münasibətinin olduğu deyilirdi. Şahzadə Diananın 1997-ci ildə müəmmalı faciəvi ölümündən illər sonra 2005-ci ildə Çarlz Kamilla ilə rəsmən evləndi. Yəni qanuni həyat yoldaşına qismət olmayan kraliçalıq titulu bir vaxtların məşuqəsinə nəsib oldu.
Şəfiqə Şəfa, Bizim.Media




































































































