Sovet hərbi əsirləri Əfqanıstandan qayıtmaqdan niyə imtina etdilər? – DƏHŞƏTLİ FAKTLAR

Sovet hərbi əsirləri Əfqanıstandan qayıtmaqdan niyə imtina etdilər? – DƏHŞƏTLİ FAKTLAR

Hazırda oxunan: Sovet hərbi əsirləri Əfqanıstandan qayıtmaqdan niyə imtina etdilər? – DƏHŞƏTLİ FAKTLAR

631641

1989-cu ilin fevralında sonuncu Sovet əsgəri Əfqanıstanı tərk etdi. Sovet qoşunlarının Əfqanıstandakı komandanı General Qromov o günlərdə yazırdı:

"Arxamda bir dənə də olsun Sovet əsgəri qalmayıb".

Əslində bu fikir həqiqəti əks etdirmirdi. Ona görə yox ki, komandan yalan danışırdı. Ona görə ki, General sadəcə bütün həqiqəti bilmirdi.
 

Çünki General Qromovdan sonra Əfqanıstanda xeyli Sovet əsgəri qalmışdı. Onlar ya geri qayıtmaq istəmədilər, ya da buna imkanları olmadı.


Rəsmi statistikaya görə, müharibənin on ilində 417 sovet əsgəri mücahidlər tərəfindən əsir götürülüb. Bunlardan 130-u qoşunların çıxarılmasından əvvəl azad edilib, yüzdən çoxu əsirlikdə ölüb, səkkizi isə düşmən tərəfinə keçib. 21-i isə geri qayıtmaqdan imtina edib.

Buna səbəb nə idi?

Əfqanıstanda qalanların çoxu bu taleyi özləri seçməyib. Onları bu qərarı verməyə şərait, qəddarlıq və ümidsizlik məcbur edib.
 

Çünki mücahidlər tərəfindən əsir götürüldükdə, Sovet əsgəri düşməninə belə arzulamadığı bir seçimlə üzləşirdi: əzab içində ölüm və yaxud müqəddəs saydığı hər şeyə xəyanət etmək bahasına həyatda qalma.


Əsir alınan əsgərlərin edamı o qədər dəhşətli idi ki,.. hətta ən qətiyyətli insanlar belə ona tab gətirə bilmirdilər.

"Qırmızı Lalə"

Bu edam növü xüsusilə populyar idi. Əvvəlcə əsir götürülən şəxsə narkotik verilirdi. Sonra qollarından asılırdı. Bədənindən kəsilmiş dəri üzü yuxarı dartılırdı. Və narkotik təsirindən ayılan əsir ağrının şokundan ölürdü.

Bundan başqa əsirlərin əzaları kəsilir, gözləri çıxarılır, dərisi diri-diri soyulurdu. Bundan sonra isə onlar quduz itlərin ixtiyarına buraxılırdı.

Əsirlərin eybəcər hala salınmış cəsədləri daha sonra qorxu yaratmaq üçün Sovet qarnizonlarının yaxınlığında atılırdı.
 

Əsirlikdə ölməyənləri isə daha dəhşətli bir cəhənnəm gözləyirdi. 1986-cı ildə əsir götürülmüş sıravi əsgər Dmitri Buvaylo xatirələrində mağarada saxlanıldığını bildirirdi. Sonra Peşəvər yaxınlığındakı həbsxanaya köçürüldü. Yemək mühafizəçilər tərəfindən narkotiklə doldurulmuş zibildən başqa bir şey deyildi. O, gündə 8-10 saat fars dilini öyrənməyə və Quran oxumağa məcbur edilirdi. Tələffüz səhvlərinə görə bədəni qana boyanana qədər qurğuşun dəyənəklərlə döyülürdü.


İslamı qəbul etmək yeganə çıxış yolu idi

Bu cəhənnəmdə İslamı qəbul etmək sağ qalmaq üçün yeganə şans idi. Donbasdan olan Gennadi Tsevma 1983-cü ildə Kunduz əyalətində əsir götürülüb. Ona seçim verilib: islam və ya ölüm.

O, islamı seçərək “Nek Məhəmməd” adını götürüb. Gennadinin sözlərinə görə, keçmiş həmvətənlərini öldürməkdən qəti şəkildə imtina edib.

Kurqanlı Sergey Krasnoperov əsgər yoldaşlarının təhqirindən qaçaraq mücahidlərə qoşulub. Başqa bir versiyaya görə, o, ordu texnikasını satıb və cəzadan qorxub. Mücahidlər onun mexanik kimi istedadını kəşf edib, Sergeyə Nur Məhəmməd adını veriblər. Bu gün o, Əfqanıstanın daxili bölgələrində usta və elektrik mexaniki kimi çalışır.
 

Bir versiyaya görə, Luqansk bölgəsindən olan Aleksandr Levenets zabitlərin təhqirlərinə dözə bilməyib qarşı tərəfə keçib. Əmirhalamda İslamı qəbul edib və keçmiş yoldaşlarına qarşı vuruşub. Sovet kəşfiyyatı onun ekstradisiyasını tələb edib, lakin qarşı tərəf bundan imtina edib.


Kədər, qorxu, ailə

Amma hamı ölüm və iman arasında seçim etməyib. Bəziləri sadəcə fürsət yarandıqda belə geri qayıtmaq istəməyib. Onları əsirlikdə tərk edən komandanlığa qarşı kin, məhkumluq qorxusu və xain hesab ediləcəkləri yeni bir həyat onların vətən həsrətindən daha güclü olub.

Səmərqənddən olan özbək Bəhretdin Hakimov 1980-ci ildə əsir götürülüb və başından ağır yaralanıb. Yerli sakinlər onu müalicə edib və bir ağsaqqal onu öz himayəsinə alıb. O, İslamı qəbul edib və Şeyx Abdullah adını götürüb.

Bununla belə o, 5 il Sovet ordusunun gəlib onu xilas etməsini gözləyib, amma bu heç vaxt baş verməyib.
 

Hakimov hazırda Heratdakı Cihad Muzeyində işləyir. Vətənə qayıtmaq təkliflərini qəti şəkildə rədd edir. Çünki Rusiyada məhkəməsiz cəzalandırılacağından qorxur.


Çoxları ailələrini və uşaqlarını geridə qoyub getsə də bir daha vətənə dönmədilər. Bir çoxları İslamı qəbul edərək əfqan qadınlarla evləndilər.

Çox maraqlıdır ki, keçmiş hərbi əsirlərdən biri Nikolay Bıstrov əfqan arvadı Odilya ilə sonradan Rusiyaya qayıdıb. Onların bir qızları olur. Nikolayın anasının xatirəsinə uşağa Katya adı verilir. Buna görə bütün əfqan dostları Bıstrovdan üz döndərdilər. Bıstrov özü Rusiyaya qayıtdıqdan sonra itkin düşmüş şəxslərin qalıqlarını axtarmaq və əsirləri xilas etmək üçün Beynəlmiləlçi Döyüşçülər Komitəsinin tapşırıqları ilə Əfqanıstana qayıdır.

Müharibənin bitməsindən təxminən dörddə bir əsr sonra, 2013-cü ildə, Rusiyaya qayıtmaq istəməyən dörd keçmiş sovet əsgəri hələ də Əfqanıstanda yaşayırdı. Taleyi hələ də məlum olmayan başqaları da var idi.

1992-ci ildə Rusiya-ABŞ birgə komissiyası 163 itkin düşmüş şəxs haqqında məlumat yaydı.

2019-cu ildə keçmiş Əfqanıstan prezidenti Həmid Kərzai bütün sovet hərbi əsirlərinin çoxdan azad edildiyini və qalanların ölkəsində könüllü olaraq yaşadıqlarını bildirdi.

Bunun doğru olub-olmadığı isə bəlli deyil.

Çünki əsirlərin bir qismi vətənlərini unutduqları üçün geri qayıtmadılar, bir qismi isə vətənləri onları unutduğu üçün...

Əsirlikdə tərk edilmiş, komandirləri tərəfindən xəyanətə uğramış onlarla insan Əfqanıstanda kök saldı, ailə qurdu. Yeni bir inancla həyatlarını davam etdirdilər...  

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO