Son günlərdə Böyükşor gölünün yaşıl, güneydə isə Urmiya gölünün qırmızı rəngə boyanması təbiət nizamının pozulması ilə bağlı ciddi müzakirələrə səbəb olub. Xüsusilə də son beşillikdə ölkələrarası gərgin münasibətlər, müxtəlif tərkibli silahların istifadəsi fikirləri dolaşdırır. Ən çox müzakirə olunan iddialardan biri bu dəyişikliklərin regionda davam edən müharibələrlə əlaqəli ola biləcəyidir.
Bəs bu iddiaların elmi əsası varmı? Göllərin rənginin dəyişməsi mövsümi və təbii proseslərin nəticəsidir, yoxsa hərbi fəaliyyətlərin mümkün antropogen çirklənməsidir?
MÖVZU İLƏ BAĞLI:
Afrikadakı qatil göl - bir neçə dəqiqədə yüzlərlə insanın həyatına son qoyub - FOTO
Münaqişələrin su hövzələrinə dolayı və ya birbaşa ekoloji təsiri prinsipcə mümkündür. Beynəlxalq Münaqişə və Ətraf Mühit Observatoriyası 2026-cı ildə İran və regiondakı hərbi əməliyyatların ətraf mühitə mümkün çirkləndirici təsirləri barədə ayrıca narahatlıqlar da sənədləşdirilib. Bildirilir ki, birbaşa silahlardan əlavə partlayışlar, yanacaq və kimyəvi maddələrin yayılması, sənaye obyektlərinin vurulması və su mənbələrinin çirklənməsi ekosistemlərə ciddi zərər verir.
Lakin konkret olaraq bu iki gölün rəng dəyişməsi hərbi münaqişlərin bəhrəsi hesab olunmur, mövsümi və təbii proseslərlə əlaqəlidir. Böyükşordakı yaşıllaşma ilkin müşahidələrin nəticələrinə əsasən, yosunlarda gedən fotosintez nəticəsində baş verir. Avqust ayında su hövzələrində fotosintetik orqanizmlərin, o cümlədən bəzi yosun və sianobakteriyaların inkişafı üçün əlverişli şəraitin formalaşır.
İsti su temperaturu, günəş işığının intensivliyi və su mühitində azot və fosfor kimi qida maddələrinin mövcudluğu belə orqanizmlərin sürətli inkişafına və lokal yığıntıların yaranmasına şərait yarada bilər. Amma daha dəqiq nəticələrin əldə olunması üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətində laborator analizlər aparılır.
Urmiya gölünün qızarması isə konkret mövsümi hadisədir. Yazda yağış və qar əriməsi gölə şirin su gətirir və duzluluğu azaldır. İstilik və buxarlanma suyu çəkəndən sonra isə duzluluq kəskin artır. Bu şəraitdə Dunaliella salina adlı mikroyosunlar və duzsevər Halobacteriaceae bakteriyaları çoxalaraq suyu qırmızı rəngə sala bilir.
Şəfiqə Şəfa, Bizim.Media































































































