Sirus Təbrizli (9 may 1942, Təbriz – 7 sentyabr 2013, Xaçmaz) mənim həyatımda xüsusi rol oynamış insandır.
2000-ci ildə Vasif Talıbov Naxçıvanda at oynadırdı. O vaxt kifayət qədər güclü olan klassik müxalifət YAP iqtidarı tərəfindən təqib olunurdu. Bu proses Naxçıvanda xüsusi ilə vüsət almışdı. Belə bir ortamda jurnalist qismində Naxçıvanda oldum. Naxçıvan və yerli əhalinin problemlərini qabardan silsilə məqalələr yazdım. O vaxt Azərbaycanın milli qəzeti statusunda olan “Yeni Müsavat”da gedən yazılar ölkədə ciddi rezonans doğurdu...
Səbayel rayon polis idarəsinə çağırıldım. Naxçıvandan gələn yüksək rütbəli polis zabitləri oradan məni maşına mindirib Hava limanına apardılar. Həyatımda ilk dəfə biznes-klasda Naxçıvana uçduq. Az sonra Naxçıvan həbsxanasındaydım...
Bakıda mənim həbsdən azad olunmağımla bağlı ABŞ səfirliyi başda olmaqla Avropa ölkələri fövqəladə həmrəylik nümayiş etdirdilər. Prezident Heydər Əliyevə təzyiqlər başladı. İndiyə baxmayın. Bir vaxtlar Qərb Azərbaycanda özünü ləyaqətli apırdı. ABŞ-ın Azərbaycandakı səfiri Stenli Eskudero (1997-2000) əsas təşkilatçı qismində çıxış edirdi. Paradoksa bir baxın. Az sonra o səfirlikdən uzaqlaşdı... və Azərbaycanda neft biznesinə başladı. Bununla da Amerika demokratiyasına Azərbaycanda olan romantik ümidlər puç olub getdi...

Nəsə, bu, uzun söhbətdir. Siz yormayım. Sirus bəy mənim həbsimlə bağlı Heydər Əliyevlə dəfələrlə əlaqə saxlayıb. Azərbaycanın mətbuat və informasiya naziri (1997–2000) kimi mənim azad olunmağım üçün əlindən gələni edib...
Nəhayət... axşam saatlarında qapı açıldı. Dedilər ki, çıxın. Məni həbsxanadan çıxarıb ayrı-ayrılıqda Naxçıvanın 3 ali vəzifəli şəxsi ilə görüşdürdülər. Mənə görə Naxçıvandan Bakıya uçmalı olan təyarənin havaya qalxması ən azı 2 saat təxirə salındı. Danışıqlardan sonra məni Bakıya göndərdilər....
Sirus Təbrizli məni Bakıda yanına çağırdı. Xeyli söhbət etdik...
Ümumiyyətlə, Sirus bəy işıqlı adam idi. YAP-ın korrupsiya və rüşvətə söykənən siyasətinə də ciddi şəkildə etiraz edirdi. Ramiz Mehdiyevə qarşı açıq çıxışlar da ondan başladı. YAP-a “simasız quldurlar partiyası” deyən də o idi...
Heydər Əliyevin ən çox sevdiyi və etibar etdiyi şəxslər sırasında öndə gəlirdi. Ancaq Ramiz Mehdiyevin rəhbərliyi altında YAP Sürus bəyi bitirdi... Elə həmin YAP bir müddət sonra Ramiz Mehdiyevi də çıxdaş elədi...
Mən YAP-da Sirus bəydən qeyrətli kişi görmədim...
Elbəyi Həsənli, Sürixdə yaşayan tanınmış jurnalist






































































































