Metroda yeni mərhələ: Bakı sakinlərini çətin bir il gözləyir

Metroda yeni mərhələ: Bakı sakinlərini çətin bir il gözləyir

Hazırda oxunan: Metroda yeni mərhələ: Bakı sakinlərini çətin bir il gözləyir

629328

“Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması metropolitenin gələcək inkişafı üçün vacib addımdır. Çünki hazırda bu iki xəttin birgə fəaliyyəti sərnişin axınının səmərəli tənzimlənməsinə imkan vermir. Məhz buna görə də onların ayrılması artıq zərurətə çevrilib. Lakin əsas məsələ tikinti dövründə avtobuslarla təşkil ediləcək alternativ daşınmanın nə dərəcədə effektiv olacağıdır”.

Bizim.Media xəbər verir ki, bunu “yenisabah.az”a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, avtobuslarla təşkil olunacaq nəqliyyat tam həll yolu olmayacaq:

“Səbəb isə sadədir: bir metro qatarının daşıdığı sərnişin sayını ən azı 7-8 avtobus əvəz edə bilər. Üstəlik, qatardan düşən bütün sərnişinlərin eyni istiqamətdə hərəkət etməyəcəyini də nəzərə almaq lazımdır. Bu qədər sərnişini yalnız avtobuslarla daşımaq praktik baxımdan çox çətindir. Xüsusi avtobus zolaqları ayrılsa belə, bu, bütün tələbatı ödəməyəcək. Əlbəttə, məqsəd ehtiyacı olan insanların mümkün qədər rahat daşınmasını təmin etməkdir. Amma bunu ideal həll kimi təqdim etmək doğru olmaz”.

E. Muradlı qeyd edib ki, bununla belə, metronun inkişafı uzun illərdir gözlənilən bir prosesdir və bu inkişafın müəyyən çətinliklər yaratması qaçılmazdır:

“Tikinti işlərinin təxminən bir il davam edəcəyi nəzərə alınarsa, bu müddətdə sərnişinlərin səbirli və təmkinli olması vacibdir. Çünki bu layihə həyata keçirilməsə, gələcəkdə metronun inkişafından, daha rahat və əlçatan nəqliyyat sistemindən danışmaq çətin olacaq. Təbii ki, həmin dövrdə ərazidə taksilərə, mikroavtobuslara və digər nəqliyyat vasitələrinə tələbat da artacaq. Buna baxmayaraq, onların da bütün sərnişin axınını qarşılaya biləcəyini söyləmək mümkün deyil. Alternativ nəqliyyat müəyyən qədər yükü azaldacaq, lakin vətəndaşların bütün tələbatını tam ödəməyəcək”.

Ekspertin fikrincə, ona görə də bu prosesi müvəqqəti çətinlik kimi qəbul etmək lazımdır:

“Əsas məqsəd gələcəkdə daha müasir, daha səmərəli və sərnişin tələbatına cavab verən metro sisteminin formalaşdırılmasıdır. Bu məqsədə çatmaq üçün isə müəyyən müddət yaranacaq narahatlıqlara anlayışla yanaşmaq və səbir göstərmək vacibdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO