Yüksək maaşlı, lakin az tanınan PEŞƏLƏR: Gənclər onları niyə seçmir?

Yüksək maaşlı, lakin az tanınan PEŞƏLƏR: Gənclər onları niyə seçmir?

Hazırda oxunan: Yüksək maaşlı, lakin az tanınan PEŞƏLƏR: Gənclər onları niyə seçmir?

628283

Azərbaycanda bəzi peşələr yüksək gəlir imkanları təqdim etsə də, gənclər arasında bu sahələrə maraq hələ də aşağı qalır. Əmək bazarında ehtiyac duyulan, lakin geniş tanınmayan ixtisasların seçilməməsi peşəyönümü və məlumat çatışmazlığı ilə bağlı suallar yaradır.

Bəs yüksək maaşlı, lakin az tanınan peşələrə maraq niyə aşağıdır? Bu, gənclərin peşə seçimi ilə bağlı məlumat azlığından qaynaqlanır, yoxsa əmək bazarının real vəziyyəti onları daha ənənəvi ixtisaslara yönəldir?

Bizim.Media xəbər verir ki, təhsil eksperti Əmrah Həsənli “demokrat.az”a açıqlamasında bildirib ki, burada həm məlumat çatışmazlığı, həm də əmək bazarının formalaşdırdığı psixoloji təsir rol oynayır.

Onun sözlərinə görə, bu iki amil bir-birini tamamlayır:
 

"Azərbaycanda gənclərin böyük hissəsi peşə seçərkən hələ də ən çox tanınan ixtisaslara üstünlük verir. Məsələn, hüquq, tibb, müəllimlik və iqtisadiyyat kimi sahələr uzun illərdir cəmiyyətimiz tərəfindən uğurlu karyera nümunəsi kimi təqdim olunur.


Halbuki bu gün əmək bazarında yüksək gəlir gətirən, lakin geniş ictimaiyyət tərəfindən kifayət qədər tanınmayan logistika, sənaye, avtomatlaşdırma, kibertəhlükəsizlik, məlumat analitikası, texniki xidmət, bəzi istehsalat sahələri və digər peşə istiqamətləri üzrə ciddi kadr ehtiyacı mövcuddur. Amma buna baxmayaraq, gənclərin əksəriyyəti həmin peşələrin nə iş gördüyünü, hansı bacarıqlar tələb etdiyini və gəlir imkanlarını bilmir. Bu da məktəblərdə peşəyönümü işinin daha da gücləndirilməsinin vacibliyini göstərir.

Digər tərəfdən, əmək bazarının reallıqları da seçimə təsir edir. Gənclər təkcə maaşa baxmırlar. Onlar sabit iş yeri, karyera inkişafı, sosial təminat və gələcək perspektivləri də nəzərə alırlar. Əgər hər hansı peşə yüksək maaş vəd etsə də, vakansiyaların sayı məhduddursa və inkişaf yolu qeyri-müəyyəndirsə, təbii olaraq daha ənənəvi ixtisaslara üstünlük verəcəklər. Bu baxımdan onların qərarını yalnız məlumat azlığı ilə əlaqələndirmək də doğru olmaz.

Məncə, əsas problemlərdən biri də odur ki, peşə seçimi çox vaxt əmək bazarının təhlili əsasında deyil, ailənin istəyi, ətraf mühitin təsiri və cəmiyyətin formalaşdırdığı stereotiplər əsasında edilir. Halbuki bugünkü əmək bazarı 5–10 il əvvəlki bazarla eyni deyil. Yeni texnologiyalar yeni peşələr yaradır, bəzi ənənəvi ixtisaslarda isə rəqabət getdikcə artır.

Ona görə də gənclər yalnız ixtisasın adına deyil, həmin sahənin gələcək inkişaf dinamikasına, tələb olunan bacarıqlara və məşğulluq imkanlarına da diqqət yetirməlidirlər.
 

Hesab edirəm ki, bu istiqamətdə məktəblərdə peşəyönümlü fəaliyyətin daha sistemli qurulmasına, valideynlərin maarifləndirilməsinə və işəgötürənlərlə təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinə ehtiyac var.


Gənc peşə seçərkən "hamı ora gedir" prinsipi ilə deyil, "əmək bazarı nə tələb edir və mən hansı sahədə öz potensialımı daha yaxşı reallaşdıra bilərəm?" sualını əsas götürməlidir. Məhz bu yanaşma həm fərdin uğurlu karyerasına, həm də ölkəmizin gələcək əmək bazarının daha balanslı formalaşmasına xidmət edəcək”, – deyə Əmrah Həsənli fikrini tamamlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO