Azərbaycanda İLK DƏFƏ - Fermer 8614 manat sığorta aldı - FOTO

Azərbaycanda İLK DƏFƏ - Fermer 8614 manat sığorta aldı - FOTO

Hazırda oxunan: Azərbaycanda İLK DƏFƏ - Fermer 8614 manat sığorta aldı - FOTO

627988

Azərbaycanda ilk dəfə mal-qaranın əkin sahəsinə zərər vurması ilə bağlı 8614  manat sığorta ödənişi edilib.

Bu barədə Bizim.Media-ya Aqrar Sığorta Fondundan bildirilib. Qeyd olunub ki, Azərbaycanda dövlət dəstəyi ilə güzəştli şərtlərlə təqdim olunan aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı artmaqdadır.

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq olunan aqrar sığorta mexanizmi çərçivəsində ilk dəfə olaraq mal-qaranın əkin sahəsinə vurduğu zərərə görə sığorta ödənişi həyata keçirilib. Aqrar Sığorta Fondu tərəfindən “Ramal-Dər” şirkətinə 3-cü şəxsin hərəkəti nəticəsində dəymiş zərərə görə 8 614 manat məbləğində sığorta ödənişi edilib.

Belə ki, şirkətin Cəlilabad rayonu Kazımabad kəndi ərazisində yerləşən 5 hektar arpa və 6 hektar buğda sahəsinə nəzarətsiz mal-qara daxil olaraq məhsula ziyan vurub.

Hadisə ilə bağlı Aqrar Sığorta Fonduna müraciətdən sonra əraziyə ekspertlər cəlb olunub. Araşdırma zamanı arpa sahəsinin tam, buğda sahəsinin isə 66,67 faiz zərər gördüyü müəyyən edilib. Müvafiq olaraq arpa sahəsinə məbləğ ifadəsində 4 690 manat, buğda sahəsinə isə 5 168 manat məbləğində zərər hesablanıb. Bu məbləğlərdən azadolma məbləğləri, yəni arpa üzrə 469 manat, buğda sahəsi üzrə isə 775 manat çıxılıb. Sığorta şərtlərinə uyğun hesablamalar aparıldıqdan sonra təsərrüfata arpa sahəsi üzrə 4 221 manat, buğda sahəsi üzrə isə 4 393 manat olmaqla ümumilikdə 8 614 manat sığorta ödənişi edilib.

Təsərrüfatın sahibi Zakir Ağayev bildirib ki, aqrar sığorta mexanizminin tətbiqindən sonra bu cür hallarda fermerlərə dəymiş zərərin kompensasiya olunması mümkün olub.

Onun sözlərinə görə, əvvəllər analoji hadisələr nəticəsində yaranan zərər ödənilmirdi, hazırda isə sığorta mexanizmi fermerlərin itkilərinin qarşılanmasını təmin edir. Qeyd edək ki, fermer sözügedən 11 hektar əkin sahəsinin sığortalanması üçün cəmi 88 manat sığorta haqqı ödəyib.

Bunun yarısı dövlət tərəfindən subsidiya olunduğundan fermerin xərci hər hektara orta hesabla 8 manat təşkil edib.

Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müavini Ləman Alıyeva-Məmişova bildirib ki, 3-cü şəxslərin hərəkətləri nəticəsində sığorta ödənişinin həyata keçirilməsi üçün hadisə Daxili İşlər Nazirliyinin yerli polis orqanı tərəfindən təsdiqlənməlidir. Fond fermerə ödənişi etdikdən sonra isə qanunvericiliyə uyğun olaraq həmin məbləğin zərərə səbəb olmuş heyvanların sahibindən subroqasiya qaydasında tələb olunması istiqamətində tədbirlər görür.

Aqrar sığorta mexanizmi əkin sahələrini 3-cü şəxslərin hərəkətləri ilə yanaşı, dolu, sel, leysan, yanğın, fırtına, şaxta, vəhşi heyvan hücumu və digər risklərdən qoruyur. Fermerlərə dəstək məqsədilə sığorta haqqının 50 faizi dövlət tərəfindən qarşılanır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO