
- A-
- A
- A+
İstiliyin verilmə vaxtını bina sakinləri seçə bilər – Yeni təklif GÜNDƏMDƏ
Azərbaycanda istilik mövsümünün konkret tarixlərlə məhdudlaşdırılması hər il müzakirə mövzusuna çevrilir. Mövcud qaydalara əsasən, ölkənin əksər ərazilərində istilik mövsümü noyabrın 15-də başlayır və aprelin 15-də başa çatır. Dağlıq və dağətəyi əraziləri əhatə edən 14 rayonda isə istilik noyabrın 1-dən mayın 1-dək verilir. Hava şəraiti müəyyən edilmiş normadan kəskin fərqləndikdə istiliyin verilmə müddətinin uzadılmasına az da olsa rast gəlinib. Son illərdə temperatur dəyişikliklərinin daha fərqli xarakter alması mövsümün başlanma və bitmə tarixlərinin hava şəraitinə uyğunlaşdırılması məsələsini yenidən gündəmə gətirir.
Bəs havanın temperaturunun ildən-ilə dəyişdiyi bir şəraitdə istilik mövsümünün konkret tarixlərlə məhdudlaşdırılması nə dərəcədə məqsədəuyğundur? Niyə Sovetdən qalmış bu sistemdən imtina edilmir?
İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşüb.
Ekspertin sözlərinə görə, istilik mövsümünün konkret tarixlər əsasında müəyyənləşdirilməsi Sovet dövründən qalan yanaşmadır.
“Bunu Sovet vaxtı mövsümlə əlaqələndirirdilər. İndi mövsümün ayarları da dəyişib, hava şəraitində dəyişikliklər baş verib. Ona görə də istilik mövsümünün başlanması və sonlandırılması belə kütləvi şəkildə olmamalıdır. Binaların avtonom istilik sistemləri ilə təmin olunması yönündə müəyyən addımların atılmasına çalışmaq lazımdır. Bu, bina sakinlərinin özlərinin qərarı ilə baş versə, daha məntiqli olar. Yəni bunun mərkəzləşdirilmiş yox, avtonom şəkildə bir idarəetmə sisteminə çevrilməsi yönündə müəyyən addımların atılmasına ehtiyac var”, – deyə o bildirib.
Günay Şahmar, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































