
- A-
- A
- A+
Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti – FOTO
“Bioşəfa Sağlamlıq Mərkəzi” adlı şirkətin Qazax rayonunda vətəndaşları qəbul etdiyi, özünü klinika kimi təqdim etdiyi və xüsusi aparat vasitəsilə müayinə apardıqdan sonra resept yazdığı bildirilir.
Mərkəzdən şikayətçi olan vətəndaşların Bizim.Media-ya verdikləri məlumata görə, şirkət özünün Bakıda klinika kimi fəaliyyət göstərdiyini iddia edir.
Vətəndaşların əllərini hansısa “tok aparatı”na qoymaqla müayinə etdiyi deyilən müəssisə daha sonra onlara “ot dərmanlar” adı ilə məhsullar təyin edir.
Şikayətçilərin bildirdiyinə görə, müayinə üçün 30 manat ödəniş alınır, yazılan reseptlərdəki məhsulların ümumi qiyməti isə 200–300 manat arasında dəyişir. Reseptdə yazılan "ot dərmanlar"-ın isə başqa apteklərdə satışı olmadığını bildirib, "elə bizdən almalısınız", - deyirlər.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciət edərək belə bir müəssisə barədə məlumatın olub-olmadığını, qeyd olunan xidmətin sertifikatlaşdırılmış xidmət növlərinə daxil edilib-edilmədiyini və şikayətçi vətəndaşların hara müraciət edə biləcəyini öyrənməyə çalışdıq.
Mərkəzdən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, özəl tibb müəssisələrinin bazasında “Bioşəfa sağlamlıq mərkəzi” adlı klinika yoxdur.
“Sorğunuzda qeyd edilən fəaliyyət növü tibbi xidmət, lisenziyalaşdırılan fəaliyyət növü deyil. Buna görə də, tərəfimizdən araşdırılması məqsədəuyğun deyil. Təqdim olunan kağız parçasında yazılanlar bioloji aktiv qida məhsulu kimi ehtimal olunduğundan, aidiyyəti üzrə AQTA-ya müraciət etməyiniz tövsiyə edilir”, – deyə Analitik Ekspertiza Mərkəzindən bildirilib.
Reseptlərdə qeyd olunan məhsullarla bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) da sorğu ünvanladıq.
Agentlikdən sorğumuza verilən cavabda qeyd olunub ki, reseptlərdə adı çəkilən hər üç məhsul - Kordiseps, Linji və Xitozan qida təhlükəsizliyi qeydiyyatından keçib.
Beləliklə, əsas suallar hələ də açıq qalır:
Özünü klinika kimi təqdim edən bu müəssisə hansı hüquqi əsasla fəaliyyət göstərir? Vətəndaşların əllərini xüsusi aparata qoymaqla sağlamlıq vəziyyətini müəyyənləşdirdiyi deyilən bu üsul hansı tibbi və ya elmi əsaslara söykənir? Müayinə nəticəsində insanlara 200–300 manatlıq məhsulların tövsiyə edilməsi hansı meyarlarla müəyyənləşdirilir? Bu məhsullar vətəndaşların sağlamlıq problemlərini həll etmək üçün təqdim edilirsə, onların effektivliyinə dair hansı sübutlar var?
AQTA-nın məhsulların qida təhlükəsizliyi qeydiyyatından keçdiyini bildirməsi isə onların xəstəlikləri müalicə etdiyini təsdiqləmir. Digər tərəfdən, Analitik Ekspertiza Mərkəzinin məlumatında müəssisənin özəl tibb müəssisələri bazasında olmadığı bildirilir.
Bəs o zaman vətəndaşlara göstərilən bu xidmətə kim nəzarət edir?
Mövzunu diqqətdə saxlayacağıq.
Fəridə, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































