Demək olar ki, hər il eyni mənzərə ilə rastlaşırıq: yetişdirilən bol məhsul sahələrdə qalır. Bu il də eyni mənzərəyə Cəlilabadda, kartof sahələrində rast gəlmək mümkündür.
Marketlərdə 70-80 qəpiyə təklif edilən kartofu fermer sahədə 10 qəpiyə sata bilmir. Bir müddət əvvəl şimal bölgəsində eyni mənzərə soğanın satışında yaranmışdı.
Bəs problem nədədir?
Ən böyük problem fermerin bazarda zəif mövqeyə malik olmasıdır. Məhsulu istehsal edən insan qiyməti müəyyən edə bilmir. Mövsüm vaxtı məhsul bolluğu yaranan kimi alıcılar və vasitəçilər qiymətləri aşağı salırlar. Fermer isə məhsulun xarab olacağını bildiyi üçün məcbur qalıb təklif olunan qiymətlə razılaşır. Nəticədə bütün zəhməti çəkən tərəf ən az qazanan tərəfə çevrilir. Bəzi hallarda isə “maya gəliri yeyir”.
Digər səbəb, məhsulun istehlakçıya çatana qədər keçdiyi vasitəçi zəncirinin həddindən artıq uzun olmasıdır. Bir çox hallarda məhsul bir neçə əldən keçir və hər mərhələdə üzərinə əlavə qazanc qoyulur. Bu qazancın nə qədər əsaslı olduğu da bir başqa problemdir. Beləcə, bəzən məhsulun qiyməti sahədən marketə çatana qədər 3-4 dəfə artır, lakin həmin artımın böyük hissəsi real xərclərlə deyil, bazardakı qeyri-sağlam mexanizmlərlə izah olunur.
Marketlərin qiymət tənzimləmələri də müzakirə mövzusudur.
Məlumdur ki, hazırda iri şəhərlərdə 5-6 ticarət şəbəkəsi fəaliyyət göstərir. Rəqabətin zəif olması supermarketlərə imkan verir ki, qiymətləri istədikləri kimi təyin etsinlər.
Digər tərəfdən supermarketlərin depozit tələbi fermerlərin marketlərə çıxışını məhdudlaşdırır. Çünki heç də hər fermerin depozit qoymağa əlavə 5-6 min manatı yoxdur.
Dövlət dəstəyinin səmərəliliyi
Doğrudur, dövlət tərəfindən fermerlərə diqqət ayrılır, müxtəlif subsidiyalar verilir. Lakin məhsulun satışındakı problemlər səbəbindən bu dəstək öz məqsədinə tam çatmır. Əgər istehsalçı məhsulunu maya dəyərinə yaxın qiymətə satmağa məcburdursa, subsidiyalar onun gəlirlərini uzunmüddətli şəkildə təmin edə bilməz.
Ən əsas məqam isə budur ki, bəzən məhsul sahədə çürüyür, şəhərdə isə insanlar eyni məhsulu baha qiymətə almağa məcbur qalırlar.
Göründüyü kimi, məhsulu yetişdirən yox, satan qazanır. Əgər satan qazanırsa, deməli kənd təsərrüfatı rentabellidir. Sadəcə yanaşmanı dəyişmək lazımdır ki, fermerlər də qazana bilsinlər...
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:00 / 11.06.2026
Kartof sahədə 10 qəpik, marketdə 80 qəpik – Qazanan KİMDİR?
Hazırda oxunan: Kartof sahədə 10 qəpik, marketdə 80 qəpik – Qazanan KİMDİR?
Hazırda oxunan: Kartof sahədə 10 qəpik, marketdə 80 qəpik – Qazanan KİMDİR?
618461
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































