Sosial şəbəkələrdə valideynlər çox vaxt uşaqların gündəlik həyatını, əyləncəli şəkil və videolarını paylaşırlar. Bəzi hallarda belə görüntülər ölkədə trend olur və hətta qlobal mediaya çıxır. İlk baxışdan bu, sadə və maraqlı xatirə kimi görünür. Ancaq illər sonra həmin uşaqlar böyüdükdə sosial şəbəkədə qalan paylaşımlarından narahat ola bilirlər.
Bizim.Media-ya danışan psixoloq Gülnar Orucovanın sözlərinə görə, bəzən valideynlərin “məzəli” hesab etdiyi görüntülər gələcəkdə uşağın aqressiyasına səbəb ola bilər:
“Uşağın danışıq qüsuru olur, şirin danışdığı üçün bu valideynin xoşuna gəlir və onu çəkib sosial şəbəkələrdə paylaşır. Uşaq cəzalandırılarkən, ağlayarkən, hətta uyğunsuz geyimdə olarkən belə paylaşılır.
Çox vaxt valideyn videonu “məzəli” hesab edir və düşünür ki, bunda problem yoxdur, çünki insanlar gülür. Bəzi valideynlər daha çox bəyənmə, rəy toplamaq və səhifəni aktiv saxlamaq üçün bu cür paylaşımlar edir. Bəzi insanlar uşaqlıq videolarına görə utanmır, narahat olmur.
Ancaq həssas, sərhədləri fərqli, qapalı, özünə dəyər hissi və ciddiyəti yüksək olan uşaqlar da var. Bu tip uşaqlar sözügedən videolar yayılanda narahatlıq və stress keçirə, aqressiv ola bilərlər.
Valideyn paylaşımdan əvvəl uşağından icazə almalı, nəzərdə tutmalıdır ki, video harada paylaşılacaq. Uşaq razı deyilsə və ya həmin görüntü gələcəkdə onu utandıra, etibarını sarsıda bilərsə, bunu paylaşmaq düzgün deyil.
Övlad “yox” dediyi halda belə paylaşım davam edərsə, zamanla ailədaxili soyuqluq və uzaqlaşma yarana bilər. Valideynlər sosial mediada paylaşım edərkən bunları mütləq nəzərə almalıdırlar”.
Bəs, uşağın görüntüsü “şəxsi məlumat” kimi hüquqi qorunmaya daxildirmi? Onların sosial mediada paylaşılması hüquqi baxımdan şəxsi həyatın pozulması sayıla bilərmi?
Məsələ ilə bağlı hüquqşünas Pərviz Hüseynov bildirdi ki, bu cür hallar hüquq pozuntusu kimi qiymətləndirilə bilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə və Uşaq Hüquqları haqqında Qanuna əsasən, hər kəsin, o cümlədən uşaqların şəxsi həyatının toxunulmazlığı hüququ var. Uşağın razılığı olmadan (və ya o, razılıq verəcək yaşda olmadıqda) onun şəxsi həyatına aid görüntülərin paylaşılması bu hüququn pozulması kimi qiymətləndirilə bilər.
“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, şəxsin kimliyini müəyyən etməyə imkan verən hər cür məlumat, o cümlədən foto və videolar fərdi məlumat hesab olunur. Uşaqların görüntüləri də bu qanunla qorunur və onların qanunsuz toplanması və ya yayılması məsuliyyət yaradır”.
Dünya təcrübəsinə baxsaq, bəzi ölkələrdə gənclər valideynlərinin paylaşdığı görüntülərə görə hüquqi addımlar atır və “silinmə hüququ” tələb edirlər. Bu bu bizim ölkədə necə tənzimlənir?
P.Hüseynov məsələyə belə aydınlıq gətirdi:
“Videoların silinməsi ilə bağlı “unudulmaq hüququ” var. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” qərarında unudulmaq hüququ şəxsiyyət hüquqlarından biri kimi tanınır. Uşaq böyüdükdə (18 yaşına çatdıqda) və ya ondan əvvəl qanuni nümayəndəsi vasitəsilə özünə aid görüntülərin internetdən silinməsini tələb edə, rədd cavabı aldıqda isə məhkəməyə müraciət edə bilər. Avropada bu təcrübə çox geniş yayılıb, Azərbaycanda isə qanunvericilik bazası olsa da, məhkəmə təcrübəsi hələ yeni formalaşmaqdadır”.
Hüquqşünasın sözlərinə görə, qanunvericilikdə şəxsi görüntülərin paylaşılmasına razılıq üçün konkret yaş həddi birbaşa müəyyən edilməsə də “Fərdi məlumatlar haqqında” Qanuna əsasən, minimum 18 yaş müəyyən edilib. Bu, digər ölkələrdə fərqlidir.
Xədicə Paşayeva, Bizim.Media




































































































