Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydasında dəyişiklik edilib.
Sığorta haqqı məbləği hesablanarkən avtonəqliyyat vasitəsinin istifadə təyinatına görə əmsal (AİTƏ) da tətbiq olunacaq.
Avtonəqliyyat vasitəsi taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edildikdə müvafiq əmsalların tətbiqi ilə hesablanan sığorta haqqı baza sığorta haqqı ilə avtonəqliyyat vasitəsinin növünə görə müəyyən edilən əmsalın hasilinin 5 mislindən çox ola bilməz.
Məlumat üçün bildirək ki, baza sığorta haqqı 50 manat məbləğində müəyyən olunub.
Qeyd edək ki, daha əvvəl sığorta haqqı məbləği hesablanarkən avtonəqliyyat vasitəsinin istifadə təyinatına görə əmsal tətbiq edilmirdi.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib ki, avtomobillərin icbari sığorta haqqı ödənilərkən bir neçə əmsal sistem tərəfindən nəzərə alınır:
“Bunlara misal olaraq avtomobilin buraxılış ili, avtomobilin qeydiyyatda olduğu şəhər, həmin avtomobilləri sürənlərə verilmiş etibarnamələrin sayı, sürücünün yaşı, sürücünün təcrübəsi və digər əmsallar nəzərə alınaraq sığorta haqqı hesablanır.
Diqqət çəkən yeniliklərdə biri bundan sonra isə sırf taksi xidməti üçün istifadə edilən avtomobillərin icbari sığortası zamanı əlavə ödəniş tələb olunmasıdır. Yəni taksi fəaliyyətinə görə daha bir kriteriya müəyyən edilib. Bu da 1.5 əmsalıdır. Əgər əvvəllər taksi sürücüsü 100 manat icbari sığorta haqqı ödəyirdisə, bundan sonra 150 manat ödəniş etməli olacaq”.
Surxay Atakişiyev, Bizim.Media

































































































