Şəki və Zaqatala rayonlarında Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Şəkidə anım mərasimində Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə-müəssisə, təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları Şəhidlər xiyabanında şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib və önünə tər qərənfillər düzüblər. Xocalı qurbanlarının və ərazi bütövlüyümüz uğrunda şəhadətə ucalan oğullarımızın ruhuna dualar oxunub.
Xocalı soyqırımının 31-ci ildönümü bu gün səhər saatlarından başlayaraq Zaqatalada da anılıb. Anım mərasimində rayon rəhbərliyi, hüquq-mühafizə orqanları, yürüş iştirakçıları abidənin önünə qızılgül və tər qərənfillər düzüb, Xocalı qurbanlarının və şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Mərasimdə Xocalıda törədilən vəhşiliklərdən, ermənilərin dinc sakinləri amansızlıqla qətlə yetirməsindən danışılıb. Bildirilib ki, Xocalı faciəsi Azərbaycan xalqına qarşı törədilən ən dəhşətli qətliamdır.
































































































