Sentyabrın 9-da Avropa Parlamentinin Brüssel qərargahında avroparlamentarilər, beynəlxalq mütəxəssislər və Azərbaycan rəsmilərinin iştirakı ilə "Şərq Tərəfdaşlığı ölkələrində qadın hüquqları: Azərbaycan misalı" mövzusunda konfrans keçirilib.
Açılış nitqini edən qadın hüquqlarının müdafiəçisi, ingiltərəli avroparlamentari Culi Uord (Julie Ward) müasir dünyada ictimai layihələrin, qadın, uşaq və cəmiyyətin ən zəif təbəqələrinin müdafiəsinin vacibliyini vurğulayıb. Bütün dünyada qadın hüquqlarının inkişaf etməsindən məmnunluğunu bildirib. "Qadınlar çox güclü təşkilatçılardır, həm iş, həm də ictimai məsələlərdə", - avroparlamentari qeyd edib.
Xanım Uord xüsusilə vurğulayıb ki, Azərbaycan qadın hüquqlarının müdafiəsi sahəsində Şərq Tərəfdaşlığı ölkələri və region üçün model rolunu oynaya bilər.
"Azərbaycan Avropa Şərq Tərəfdaşlığı proqramının üzvüdür. Avropa İttifaqının insan hüquqlarının inkişafı üçün xüsusi alətləri var və bu alətlərdən biri də qadınların hüquqlarının müdafiəsidir", - Culi Uord deyib və əlavə edib ki, Azərbaycan bu alətlərdən istifadə edərək mövcud proqramları inkişaf etdirə və digər Şərq Tərəfdaşlığı ölkələri ilə təcrübəsini paylaşa bilər.
Azərbaycan Milli Məclisinin üzvü Azay Quliyev Azərbaycanda qadın hüquqları ilə bağlı vəziyyətin reallığını təqdim etmək, Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti tərəfindən ölkədə qadınların hüquqlarının müdafiəsi üçün görülən işləri işıqlandırmaq üçün keçirilən tədbirin vacib olduğunu deyib. "Azərbaycan Avropa ilə tək enerji təhlükəsizliyi baxımından deyil, həm də insanlararası, ictimai və mədəni sahələrdə əməkdaşlıq edir. Bu, Azərbaycanın strateji seçimidir", - deyən Azay Quliyev bildirib ki, bunun qarşılığında Azərbaycan bərabər tərəfdaşlıqdan başqa heç nə gözləmir.
"Müsəlman ölkələri arasında Azərbaycan modeli çox müsbətdir. 150 il bundan qabaq Hacı Zeynəlabdin Tağıyev tərəfindən müsəlman dünyasında ilk qızlar məktəbi açılıb, 1918-ci ildə, bir çox Qərb ölkələrindən əvvəl, Azərbaycan Respublikası qadınlara səsvermə hüququ verib. Bu gün də bu siyasət davam etdirilir", - deyə deputat bildirib.
Həmçinin Ermənistanın Azərbaycana təcavüzündən əziyyət çəkmiş qadınların vəziyyətinin də müzakirə edilməsi vurğulanıb. Əsir, itkin düşmüş qadınların hüquqlarının müdafiəsinin diqqətdən yayınmamalı olduğunu vurğulayan Azay Quliyev əlavə edib: "Yüzlərlə qadın, qız əsir düşüb, 300 mindən çox azərbaycan qadını məcburi köçkündür. Bu təbəqənin hüquqlarının bərpa edilməsi Avropa İttifaqı tərəfindən xüsusi diqqət tələb edir."
"Avropa İttifaqının Ukrayna böhranına reaksiyasını yaxından izləyirik. Avropa İttifaqı kimi biz də bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik. Eyni addımları və eyni dəstəyi Azərbaycana qarşı da görmək istəyirik", - deyə cənab Quliyev yekunlaşdırıb.2
Müsəlman ölkələrində qadınlara dəstək təşkilatı MEWA-nın prezidenti Patrisia Lalond (Patricia Lalonde) və Belçikada gender bərabərliyi üçün mübarizə aparan "Synergie-Wallonie" təşkilatının prezidenti Ren Marselis (Reine Marcelis) Azərbaycan qadınlarının hüquqları ilə bağlı apardıqları araşdırmanın hesabatını təqdim ediblər. Onlar Azərbaycanda Sovet İttifaqının kollapsından sonra qadın hüquqlarının inkişafı üçün görülən işlər, qadınlara qarşı zorakılıq, azyaşlı qızlarla nikaha qarşı qanunvericiliyin qəbul edilməsi haqda danışıblar. Həmçinin Azərbaycanda keçirdikləri görüşlər, müsahibə etdikləri qadınlar və ailələrdən qalan təəssüratları paylaşıb, ölkə ərazisində fəaliyyət göstərən dəstək mərkəzləri haqda məlumat veriblər.
"Biz bir çox müsəlman ölkələrində fəaliyyət göstərmişik və monitorinqlər keçirmişik. Azərbaycan kimi ölkələrlə qarşılaşanda həm dövlətin, həm də vətəndaş cəmiyyətinin qadın hüquqlarının müdafiəsi üçün atdığı addımları müşahidə edəndə çox sevinirik. Düşünrəm ki, bu baxımdan, Avropa İttifaqı Azərbaycana böyük dəstək verməlidir”, - Patrisia Lalond çıxışında deyib.
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, rəhbərlik etdiyi komitənin yaradılması Azərbaycan dövlətinin qadın hüquqları müdafiəsinə xüsusi diqqət ayırdığının göstəricisidir. "Biz yerli QHT-lər, beynəlxalq təşkilatlar və digər ölkələrlə bu sahədə əməkdaşlıq edirik", - Hicran Hüseynova bildirib. Ailə zorakılığına və azyaşlı uşaqların nikahına qarşı qanunların qəbul edilməsinin vacibliyini vurğulayan komitə sədri bildirib ki, bu sahədə iş həm də preventiv olmalıdır. "Gənclərlə liderlik layihələri, qadınların ictimai və siyasi sahələrdə fəaliyyətinə dəstək proqramı çox müsbət nəticə verən layihələrdir", - xanım Hüseynova deyib və əlavə edib: "Azərbaycanda çoxsaylı qadın hüquqlarının müdafiəsi ilə məşğul olan QHT-lərlə əməkdaşlıq edirik və qadınların ölkənin ictimai, iqtisadi və siyasi həyatında daha fəal iştirak etməsi üçün layihələrə dəstək veririk."
Bununla yanaşı, komitənin qaçqın və məcburi köçkün qadınların cəmiyyətə daxil edilməsi layihələrinə diqqət ayırdığı deyilib.
Azərbaycan Milli Məclisinin üzvü Məlahət İbrahimqızı keçirilən tədbirin Azərbaycanda qadınların hüquqları ilə bağlı təcrübəsinin və reallığının əks olunması üçün gözəl fürsət olduğunu deyib. "Bölgə ölkələri üçün bu mövzu çox həssasdır, xüsusən də Azərbaycan üçün. Hesab edirəm ki, Qadın Hüquqları üzrə Beynəlxalq Liqa növbəti araşdırmalarda Azərbaycanda qaçqın və məcburi köçkün qadınlara da xüsusi diqqət ayırmalıdır", - deputat bildirib.
Tədbirin sonunda avroparlamentarilər, Brüsseldə fəaliyyət göstərən beyin mərkəzlərinin əməkdaşları və Avropa Parlamentində təcrübə keçən azərbaycanlı gənclər panel iştirakçılarına suallarını ünvanlayıblar.(euronews.az)



































































































