Bu gün günorta saatlarında “NİDA” Vətəndaş Hərəkatının həbsdə olan üzvlərinin məhkəməsi yekunlaşıb. Ağır Cinayətlər Məhkəməsinin həyətinə həbsdə olan “NİDA”çılara həmrəylik və mənəvi dəstək məqsədilə toplaşan ictimai-siyasi təşkilatların nümayəndələri həbsdəki gənc fəallara ağır məhkəmə hökmlərinin oxunmasına etiraz edərək aksiya keçiriblər. Hadisə yerində olan polis və mülki geyimli şəxslər aksiyaçılara qarşı hücum edərək onlara qarşı zorakı hərəkətlər tətbiq etmişlər. Onlarla aksiya iştirakçısı polis və mülki geyimli şəxslər tərəfindən döyülmüş və polis bölmələrinə aparılaraq orada da işgəncələrə məruz qalmışlar. Saxlanılanlar arasında AXCP Gənclər Komitəsi üzvləri, Türkel Azərtürk, Toğrul İbrahim, Turan İbrahim, Rəsul Mürsəlov, Hüseyn Qarasulu, Çilənay Seidi, "Azərbaycan saatı"nın əməkdaşı Xalid Qarayev, AGT İH üzvü Orxan Rüstəmzadə, Müsavat üzvləri Tural Abbaslı, Şamil Beydulla, Cavid Hacıbəyli, NİDA VH üzvləri Nicat Məmmədbəyli, Rəhman Məmmədli, Ofeliya Rəsulzadə, Sənan Əlioğli və digər aktivistlər və jurnalistlərdən Əziz Elxanoğlu, Məhəmməd Qurbanov, aktivistlərdən Nəcmin Kamil, Atilla Cavid və bir neçə ADP üzvləri də var. Saxlanılanların əksəriyyəti məhkəməyə aparılaraq barələrində polis bölmələrində tərtib edilmiş saxta və qondarma protokollar əsasında inzibati qaydada azadlıqdan məhrum edilmişlər.

Həbs olunanlar arasında digər müxalifət partiyaları ilə yanaşı ADP üzvləri də olub. Aldığımız məlumata görə ADP üzvü Zaur Əliyev də həmin aksiyada iştirak etdiyinə görə polis və mülki geyimli şəxslər tərəfindən döyülmüş və saxlanılaraq 22-ci polis bölməsinə aparılanlar arasında olub. O, polis idarəsində axşam saatlarına qədər saxlanılaraq işgəncələrə məruz qalmasından sonra barəsində saxta ittihamlarla protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, ADP-çi fəal Zaur Əliyev qanunsuz aksiyada iştirak etməkdə təqsirli bilinir.

Halbuki, aksiya və mitinq təşkil
etmək hər bir vətəndaşın konstitusion hüququdur. Məhkəmə zamanı ADP-çi fəal Zaur
Əliyev vəkil tələb etsə də, onun bu tələbinə əhəmiyyət verilməmiş,
tələm-tələsik, heç bir məhkəmə araşdırması aparılmadan, yalnız polis orqanının
tərtib etdiyi saxta protokola əsaslanaraq məhkəmə onun barəsində 30 gün
inzibati qaydada həbs qərarı çıxarıb. Bu hadisə ölkədə məhkəmə və hüquq
sisteminin nə qədər rəzil vəziyyətdə olduğunun və icra qurumlarının siyasi
sifarişini həyata keçirdiyinin göstəricisidir. Hakimiyyət orqanları bu
vasitələrlə ölkədə baş qaldıran narazılıqları yatırmaq, aksiyalara qoşulanların
gözünü qorxutmaq və mitinqlərin kütləviliyinin qarşısını almaq məqsədi daşıyır.

Təəsüflər olsun ki, Azərbaycan hökumətinə Qərbin və Avropanın
demokratik qurumları tərəfindən ölkədə insan hüquq və azadlıqları sahəsində
mövcud olan problemləri aradan qaldırmaq, müxalif yönlü siyasi aktivlərə qarşı
aparılan repressiya siyasətini dayandırmaq çağırışları da gözardı edilir,
beynəlxalq qurumlar qarşısında götürülən öhdəliklər yerinə yetirilmir.


































































































