Ağır cinayətlərin açılmasında mükafat faktoru

Ağır cinayətlərin açılmasında mükafat faktoru

Hazırda oxunan: Ağır cinayətlərin açılmasında mükafat faktoru

36089

Yeqor Şerbakovun qətlində təqsirləndirilən və bu səbəbdən də Rusiya hüquq-mühafizə orqanları tərəfindən həbs edilən azərbaycanlı Orxan Zeynalovun məhkəməsi davam edir. Aparılan məhkəmə prosesinin həmyerlimizlə bağlı hansı qərar verəcəyi hələ bəlli olmasa da, Biryelevo olaylarında Rusiya polisinin cinayətkarın tapılması üçün nümayiş etdirdiyi dəsti-xətt kifayət qədər maraq doğurub. Y.Şerbakovun qatilini tapmaqda ciddi çətinlik çəkən və bu məqsədlə də cinayətkarın tapılması üçün pul mükafatı təyin edən Rusiya hüquq-mühafizə orqanlarının yetkililəri, məhz bu addımdan sonra, vətəndaşlardan birinin məlumatı əsasında şübhəli şəxsi tapmağa müvəffəq oldu. Rus polisinin cinayətkarların tapılması ilə bağlı həyata keçirdiyi bu addım analoji taktikanın Azərbaycanda da tətbiqi məsələsini gündəmə gətirib. Bəzi ekspertlər hesab edir ki, Azərbaycanın güc orqanları cinayətkarların tapılmasında vətəndaşlara vəd edilən mükafat faktorundan istifadə etməli, Qərb ölkələrində geniş tətbiq edilən bu təcrübədən istifadə etməkdə çəkinməməlidirlər.

Sabiq polis rəisi, hüquqşünas Mahmud Hacıyevin sözlərinə görə, Rusiyada baş verən bu olay ağır cinayətlərin açılmasında pul mükafatı amilinin nə qədər önəmli olduğunu ortaya qoydu: “

Bugünlərdə ölkə telekanallarından da bəlli olduğu kimi, O.Zeynalov olayında Rusiyanın hüquq-mühafizə orqanlarının rəhbərliyi cinayətkarın tapılması məqsədilə ictimaiyyətə pul mükafatı vəd etdi. Vətəndaşların iştirakı ilə bu cinayət işi açıldı və O.Zeynalov həbs edildi. Baş verən bu olay bu tip cinayətlərin açılmasında mükafat amilinin nə qədər önəmli olduğunu ortaya qoydu. Baş verənlər göstərdi ki, bəzi ağır cinayətlərin açılması üçün bu metoddan istifadə etmək mümkündür”.

Ekspert hətta sovet dönəmində belə bəzi cinayət işlərinin açılması üçün mükafat faktorundan istifadə edildiyini xatırladı: “Tarixi keçmişə nəzərə salsaq görərik ki, sovet dönəmində polis komsomol-kommunist ideologiyası əsasında işləyirdi. Sovet ideologiyasına görə, istər komsomolçu, istərsə də kommunist şahidi olduğu cinayətlərin açılmasına təmənnasız şəkildə yardım etməli idi. Baxmayaraq ki, hüquqi-demokratik dövlətlərdə bağlı qalan ağır cinayətlərin açılması ilə əlaqədar pul mükafatı yüz illərdir ki, tətbiq olunur. Sovetlər dönəmində isə komsomol-kommunist ideologiyasına görə bu cür cinayətlərin açılmasında pul mükafatının tətbiqinə o qədər də xoş baxmırdılar. Bu, kommunist əqidəsinə, sosialist hüquq düşüncəsinə və kommunist birgə yaşayış qaydalarına zidd hesab edilirdi. Lakin buna baxmayaraq hətta sovetlər birliyi dönəmində belə bu metoddan istifadə olunurdu. Bununla bağlı müxtəlif faktlar mövcuddur və bu faktlar göstərir ki, o zaman da ağır cinayətlərin açılması ilə bağlı pul mükafatları tətbiq edilirdi. Bu yaxınlarda məlum metod Rusiyada da praktiki baxımdan tətbiq edildi və öz müsbət nəticəsini verdi”.

Hüquqşünasın sözlərinə görə, Azərbaycanda da bağlı qalan cinayət işlərinin sayının heç də az olmadığına nəzər salsaq, məlum olar ki, bu metodun ölkəmizdə də tətbiqi zəruridir. Lakin ekspertin qənaətincə, Azərbaycanda bu metod tətbiq edilsə belə, vətəndaşların hüquq-mühafizə orqanlaırnın bu çağırışına müsbət cavab verəcəyi o qədər də inandırıcı görünmür. Buna səbəb, hüquq-mühafizə orqanlarının ictimaiyyət arasında kifayət qədər ehtiram və etibar qazanmamasıdır: “

Azərbaycanda bağlı qalmış ağır cinayət tərkibli əməllərin sayı kifayət qədərdir. Lakin buna baxmayaraq, Azərbaycan reallığında bağlı qalan bu cür işlərin açılması ilə bağlı pul mükafatı tətbiq olunmur. Bunun səbəbi isə Azərbaycanda vətəndaşların hüquq-mühafizə orqanlarına olan məlum münasibətidir. Hüquq-mühafizə orqanları tərəfindən vətəndaşlara ünvanlanan belə bir təklifə insanların adekvat cavab verməsi üçün həmin hüquq-mühafizə orqanlarının vətəndaşlar arasında hörməti, etibarı olmalıdır. İnsanlar bu quruma inanmalı, ona etibar etməkdə tərəddüd etməməlidir. Yalnız belə olarsa, vətəndaş pul mükafatı müqabilində hansısa cinayətin açılmasına yardım edə, hüquq-mühafizə orqanlarının məlum təklifinə uyğun adekvat addım ata bilər. Problem ondadır ki, Azərbaycan polisi vətəndaşlar arasında kifayət qədər nüfuzdan düşən güc strukturudur. Bunu jurnalistlərin, hüquq müdafiəçilərinin illər uzunudur ki, ölkə mətbuatında yer alan fikirləri də isbatlayır. İnsanlar bəzən gördükləri cinayətlərin açılmasına belə yardımçı olmaq istəmirlər. Bunun səbəbi həmin güc strukturunun vətəndaşın yanında hörmətdən, ehtiramdan düşməsidir. Vətəndaşlar bu cür işlərə ona görə getmək istəmirlər ki, onların təbirincə desək, “öz başlarını ağrıtmaq” istəmirlər. Buna görə də insanlar pul mükafatı qarşısında belə, hüquq-mühafizə orqanlarına yardım göstərməyə meylli deyillər. Onlar həm mükafat məsələsində aldadılacaqlarından, həm də anonimliklərinin qorunmayacağından ehtiyatlanırlar. Buna görə də Azərbaycanda məlum metodun tətbiqinin belə ciddi mənada səmərə verəcəyi inandırıcı görünmür. Lakin əgər hüquq-mühafizə orqanları ilə vətəndaşlar arasında lazımi etimad bərqərar olarsa, o zaman bu metodun tətbiqi bağlı qalan xeyli sayda cinayətin açılmasına səbəb ola bilər”.

 

Seymur Əliyev

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO