Təhsilə, mədəniyyətə və elmə aid bütün layihələr ölkə üçün önəmlidir. Bu sırada Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan möhtəşəm “Bakı Kitab Mərkəzi”nin açılşını mühüm mədəniyyət hadisəsi saymaq olar. Avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bakı Kitab Mərkəzi”nin açılışında iştirak ediblər.
Bu möhtəşəm kitab mərkəzi qarşıya çox mühüm vəzifələr qoyub: intellektual səviyyəni yüksəltmək, bilik və savad almaq üçün ən mühüm şərt olan mütaliə mədəniyyətini yaşatmaq və gələcək nəsillərə ötürmək, həmçinin kitaba marağı yenidən bərpa etməklə, uşaq və yeniyetmələrdə kitaba olan sevgini artırmaq.
Belə iri miqyaslı vəzifələrin həyat keçirilməsi üçün kitab və və mütaliə işini bilən məsləhətçilərə böyük ehtiyac vardır. Mərkəzə əliboş getməmişdim. 1950 - ci ildə nəfis çap olunmuş Şekspirin əsərlərinin Boris Pasternak tərcüməsini (2 cilddə) və 1963-cü ildə çap olunmuş Zeyn əl-Abidin Marağainin “İbrahim bəyin səyahət gündəliyini” Mərkəzin Bukinist bölməsinə hədiyyə üçün götürmüşdüm. Bununla yanaşı kitab sahəsində təcrübəli şəxs kimi Mərkəzin direktoru Günel Rzayevaya bəzi tövsiyyələr vermək niyyətim var idi.
Məsələn, belə möhtəşəm Mərkəzdə Elmi - populiyar ədəbiyyatlar yox səviyyəsindədir. 10 illərlə kitab mağazlarında dönə-dönə satılan dedektiv və fantastika janrlarında yazılmış əsərlərə heç bir lüzum olmadan, geniş yer ayrılmışdı. İndi artıq bir o qədər maraq kəsb etməyən “JZl” seriyasından xeyli kitablar gördüm. Həmin kitabların əksəriyyəti artıq 10 illərdir ki, kitab mağazalarında satılır. Yaxud qəzet kağızında çap olunmuş “Klassik ədəbiyyat” seriyasından yüzlərlə kitaba yer ayırmaq nə dərəcədə bu Mərkəzə layiqdir? Fəlsəfə, sosiologiya, qloballaşma, yeni elmi istiqamətlər və təbiət elmlərindən populyar ədəbiyyatlara demək olar rast gəlmədim. Bütün bunları Günel xanımın diqqətinə çatdırmaq məqsədilə onunla görüşmək istədim və məni onun nəhəng rezidensiyasına gətirdilər. Təxminən 30 dəqiqə gözləyəndən sonra bir oğlan yaxınlaşdı ki, bəs eşidirəm sizi. Günel xanımla görüşmək istədiyimi bildirəndə dedi ki, sözünüzü mənə deyin, sizi mən qəbul edirəm: “Günel xanımın müşaviriyəm”. Kitab barədə bu şəxslə edəcəyim söhbətin mənasız olduğunu anladım və elə gətirdiyim nadir kitabları bağışlamağa da lüzum görmədim.
Özünü və atasını kitaba bağlı adam hesab edən Günel xanımla kitab barədə söhbət etmək mənə nəsib olmadı. Kitab işi özündənrazılığı sevmir. Bir ziyalı olaraq hamımız belə bir Kitab Mərkəzinin uzunömürlü və dünyada sayılıb-seçilən Mərkəzə çevrilməsində əlimizdən gələni əsirgəməməliyik.
Günel Rzayeva belə bir Mərkəsin davamlı inkişafı naminə özünü kitabı hamıdan yaxşı bilən birisi kimi aparmamalıdır. Reallıq göstərdi ki, onun kitab sahəsindəki təcrübəsi bir o qədər zəngin deyil. Burda özünü məsləhətə ehtiyacı olmayan, insanları qəbul etməyə həvəs göstərməyən məmur kimi aparmaq, Kitab Mərkəsinin qarşıya qoyduğu məqsədlərə qısa bir zamanda çatmasına əngəllər törədə bilər.
Etibar Əliyev, fəlsəfə doktoru

































































































