Söyləmək istədiyim odur ki, təhsilə həm dövlət, həm də cəmiyyətin bütün təbəqələri fədakarlıq etməlidirlər, insanların rifahı və sağlıq problemlərinin çözülməsi üçün bütün imkan sahibi cəmiyyət üzvləri duyarlılıq göstərməlidirlər. Bu xeyriyyəçi yanaşmanı təşviq etmək olduqca vacibdir. Lakin hansısa insanların inancını hədəfə almaq yanlışdır, guya orada xərclədiyi pulun başqa yerə yönələcəyi ilə bağlı düşüncələr iisə absurddur. Hər kəs öz düşüncəsini, inancını, sevgisini, peşəkarlığını, faydasını öz arzuladığı formada yaşamaq haqqına sahibdir, əgər cəmiyyətin tərəqqisi üçün başqa zəruri sahələrə maddi və mənəvi dəstək lazımdırsa, bunu təşviq etmənin yolu da fərqli olmalıdır. Nəzərə alsaq ki, eyni ironiyalar qarşıdan gələn Qurban Bayramında da səsləndiriləcək, o halda insanlara izah etməliyik ki, kimsə qurban kəsməyə borc kimi baxırsa, kimsə də qurban kəsməmə haqqına sahibdir. Bir-birinin həyat tərzinə müdaxilə o zaman zərurətə çevrilir ki, hansısa davranışlar başqasının yaşamı üçün təhlükəyə, psixoloji sarsıntıya, şiddət və zorakılıq amilinə çevrilir. Bu halda məsələyə müdaxilə dövlətin özünün də bilavasitə konstitusion vəzifəsi olur. Kiminsə Həccə getməyinin, yaxud da Qurban kəsməyinin başqasının həyatına rahatsızlıq yaradacaq hansı nəticəsi ola bilər? Kimsə dini inanc pərdəsi altında saxtakarlıq edirsə, dələduzluq edirsə, bu adamın öz-özünü aldatması deməkdir, özünə etibarsızlıq və günah qazanması deməkdir. Sözümün canı budur ki, müqayisə məsələlərini bir qədər ehtiyatla aparmaq lazımdır ki, hətta faydalı çağırışlar belə, başqasını incidəcək xarakterdə olmasın.
Fazil Mustafa, Millət vəkili


































































































