ƏDƏBİYYAT VƏ DÖVLƏT...
Üçüncü yazı
Yüzillər boyu xalqın milli varlığı, dili, tarix yaddaşı, mübarizə əzmi, bütövləşmə və azadlıq eşqi, gücünə, müstəqil yaşamaq qabiliyyətinə inamı, mənəvi dəyərləri məhz ədəbiyyatın, yazılı və ya şifahi bədii sözün sayəsində qorunmuşdur. Siyasət fars və rus işqalına, ilahiyyat ərəb işğalına yol açanda, xalqı öz Azərbaycan- türk kökünün üstündə daim canlı saxlayan ədəbiyyat olmuşdur. Bunu bilən düşmənlər tarix boyu ilk növbədə millətin söz deyənlrini, düşüncə sahiblərini, ana dilini hədəfə alıb, bizi yabançı dillərin, yabançı ədəbiyyatın, yabançı düşüncənin əsirinə çevirməyə çalışıblar. Buna görə də ədəbiyyat tarix boyu mövcud olmuş müstəqil dövlətlərimizin əsas memarlarından biri sayilmalıdır. “Qılınc və qələm” birliyi də burdan qaynaqlanır və dövlətin varoluşunda ədəbiyyatın rolunun ordunun rolundan az olmadığını göstərir.xa0
Yazıçının əsas qayğısı qələm və kitab olmalı, öz peşəsi onun həyatını təmin etməlidir. Nəzərə alınmalıdır ki,!918-ci ildə qurulmuş Azərbaycan Xalq cümhuriyyətinin də, bu gün bərpa olunmuş müstəqil dövlətimizin də ən böyük təbliğatçıları və tərəfdarları yazıçılar olmuşdur. Meydanlar və xalq hərəkatı sənət adamlarının tərənnüm etdiyi milli ideyalarla tərbiyələnmişdir, insanlar millətin vicdanı, cəmiyyətin barometri sayılan ədəbiyyata inanmış, bu zümrədən olan ziyalıların ardınca getmişlər. Lakin Müstəqilliyin ilk qurbanları və onun zülmünü ən çox çəkən də söz sahibləri, qələm əhli oldu. Ədəbiyyatın dövlət tərəfindən nəşri məhdudlaşdı, “Yazıçı“ nəşriyyatı ləğv edildi, nəşriyyatlar özəlləşdi, tirajlar azaldı, qonarar sistemi tamamilə ləğv edildi, kitab dükanları kitabdan xəbərsizlərin əlinə keçdi, kənd kitabxanalarına yeni ədəbiyyatın göndərilməsi unuduldu. Təbii ki, yeni ədəbiyyat olmayanda kitabxanaya da maraq azalacaq; indi də bunu bəhanə edərək kəndlərdə kitabxanları yarıbayarı azaldır və ya ləğv edirlər, sanki kənddə yaşayanlara kitab və ədəbiyyat lazım deyildir... Yaranmış bu boşluğu doldurmaq üçün ölkə prezidenti vaxtı çatmış, mühüm bir addım atdı, ədəbiyyatımızın və dünya klassiklərinin kitablarının latın qrafikası ilə orta məktəblər üçün kütləvi tirajla nəşrinə sərəncam verdi və neçə illərdir, bu məqsədlə böyük miqdarda vəsait ayrılır. Mən bu nəşri doğrudan da böyük əhəmiyyəti olan, tarixi bir addım sayıram, çünki o silsilə yetərincə keyfiyyətlidir və orada hətta sovet dövründə də oxuculara çatdırilmamış bir sıra ədəbi əsərlər yer almışdır. Lakin bu işə nəzarətin hansı səviyyədə olduğunu bilmirəm və bəzi məktəb kitabxanalarında apardığım müşahidələr bu işin əyintisiz görüldüyünə şübhələr yaradır.Hətta sərəncam tamamilə yerinə yetirilsə belə, bu problemin yalnız bir tərəfidir. Bir müəllifin on ildə,on beş ildə bir dəfə və məktəblər üçün nəşr edilməsiylə iş bitmir. Elə kitablar var ki, tez-tez və müftəlif formatiarda nəşr edilməlidir.
Məncə dövlət uşaq ədəbiyyatını, klassiklərimizi və çağdaş ədəbiyyatımızın seçmə nümunələrini ardıcıl nəşr etmək və müəlliflərinə qonarar vermək ənənəsini bərpa etməlidir. Ədəbiyyatı və kitabı bütünlüklə bazarın ümidinə qoymaq olmaz. Əyalətlərimizdə kitab ticarətinin unudulduğunu , kitab alıcılığı imkanlarının məhdudlaşdığını düşünsək- dövlətin bu işə müdaxiləsindən başqa yol görmürük. Rayonlarda kitab evləri bərpa edilməlidir.xa0
Vaxtilə yazıçıların bir qurultayında mən bu barədə danışarkən və Azərbaycn yazıçısının SSRİ də ən az qonarar aldıqlarını söylərkən məhrum Heydər Əliyev məni sorğu-suala tutub məsələnin detallarını dəqiqləşdirəndən sonra elə ordaca Nazirlər Sovetinə yazıçıların qonararının bir milyon manat artırılmasını əmr etmişti. Yəni bir tapşırıqla qonorar fondu qirx- qırxbeş faiz artırıldı.
Məncə, Mətbuat və İnformasiya Nazirliyi ləğv edilsə də kitabin nəşri, təbliği və maliyyələşməsini başlı- başına buraxmaq və ya Mədəniyyət Nazirliyinin balaca bir şöbəsinin ümidinə qoymaq olmaz. Onların buraxdıqları az miqdarda kitabla ehtiyac ödənilməz.
Rusiyadan daha bir nümunə göstərmək istəyirəm. “Liteaturnaya qazeta”nın 188 yaşı var. Hakimiyyətlər, rejimlər dəyişilib, lakin bu qəzet yaşadılıb. Çünki ədəbiyyata həmişə cəmiyyətin güzgüsü kimi baxıblar. Ədəbiyyatı oxumayan, onu saymayan cəmiyyət və ya hakimiyyət özünü güzgüdə görmək istəməyən hakimiyyət və cəmiyyətdir. Burada M.Ə. Sabirin məshur misraları yada düşür.
Azərbaycanı dünyada iktisadi imkanları, nefti, qazı, musiqisi, idmanı ilə yanaşı, həm də ədəbiyyatı layiqincə tanıtdıra bilər. Vaxtı ilə SSRİ-də ədəbiyyat fondu və ədəbiyyatı təbliğ bürosu yazıçıların seçmə əsərlərinin dünya dillərinə çevrilməsi və nəşrini planlı şəkildə həyata keçirirdi. Yəni əsl dəyərli əsərlər yayılırdı. İndi bizdə bu iş də başlı-başınadır və bəzən kitabın taleyini onun dəyəri və ya müəllifin istadadı yox, cibi həll edir. Başın və ağlın yerinə cib keçəndə faciə başlanır...





































































































