"O bizim hamımızın ANASI və qürür duyduğumuz müqəddəs varlıqdır"

Hazırda oxunan: "O bizim hamımızın ANASI və qürür duyduğumuz müqəddəs varlıqdır"

219346
Sizin diqqətinizə təqdim etdiyim bu təbrik qeydlərimi hesab edirəm ki, dostluğumda olan bütün hərbçi və qeyri-hərbçi dostlarım həm bəyənəcəklər, həm də bu qeydlərə rəng qatacaqlar, onu daha da zənginləşdirəcəklər.xa0
Şəkildə gördüyünüz bu nurani, ağbirçək Аna sıradan bir Ana deyil. Və hər Anaya da Tanrı tərəfəindən belə bir xoşbaxtlıq və mən deyərdim ki, şans, vergi bəxş olunmur. Əsl Vətənpərvər ANA, Xanım və Qadın!!
Şəxsən mənim üçün həm öz anam, həm də haqqında bəhs etdiyim Nuriyət Anamız kimi hər bir ana müqəddəsdir və əzizdir.Və səmimi etiraf edirəm ki, hər bir anaya da belə bir xoşbaxtlıq nəsib olmur ki, 4 övlad dünyaya gətirəsən, onlardan 3-ü oğlan, biri qız olsun, oğlanların hamısı da Azərbaycan Respublikasının ən tanınmış şəxsiyyətlərindən olsunlar. Bir qədər səbrsiz dostlarım üçün qeyd edirəm ki, siz aşağıda bu Anamızın həm özünün, həm də hər birimizin, o cümlədən on milyonluq Azərbaycan vətəndaşlarının bəlkə də bir neçə milyonunun tanıdıqları şəxslərin adını eşidəndə, çöhrənizdə bir xoş ovqat və əhval yaranacaq. Bəli, əziz dostlarım və tanışlarım. Necə deyərlər, əsl zamanıdır ki, Qəhrəman Anamızı sizlərə təqdim edim. Bu Xanım, 1938-ci ilin 1 aprel tarixində Qusar rayonunun Zeyxur kəndində dünyaya göz açmış Nuriyət xanım RAMALDANOVADIR. Yəqin ki, bu soyad Azərbaycan Silahlı Qüvvələrində yarandığı gündən bu günə kimi xidmət etmiş və xidmət keçən yüz minlərlə hərbçiyə, ümumilikdə götürəndə isə milyonlarla insana, hətta bədnam qonşularımıza tanış gələn bir soyad, yəni familyadır. Üç zabit, üçü də polkovnik olan Ramaldanovların anası Nuriyət Ana. Hamımızın Anası. Bəli dostlar. Bir ananın övladı və ya övladları üstündə gəzdiyimiz Azərbaycan torpaqları üçün, dövlətimizin ərazi bütövlüyü və suverenliyi üçün misilsiz xidmətlər göstəriblərsə və bu gün də o müqəddəs işi davam etdirirlərsə, bu sadəcə bir fəxr ediləsi TARİXDİR. Və mənim üçün Nuriyət Ana milyonlardan fərqli dəyərə və qiymətə, hörmətə layiq bir anadır. Baş əyirəm bir oğul kimi bu cür ANANIN qarşısında. Və özümü polkovnik Ramaldanov qardaşlarının, başda mənim çox sevimli və dəyərli komandirim, bu gün də xətrini dünyalar qədər istədiyim, məşhur Horadiz əməliyyatında mənfur düşmənə sarsıdıcı zərbələr vuraraq öz şəxsi heyəti ilə TARİX yazmış əfsanəvi şəxs saydığım Şair Ramaldanovun, həmçinin Qarabağ savaşında briqada komandiri vəzifəsinə kimi yüksəlmiş polkovnik İlham Ramaldanovun, o cümlədən bu gün də ordumuzun yüksək vəzifəli şəxslərindən biri olan polkovnik Elman Ramaldanovların qardaşı sayaraq özümə borc bilirəm ki, Nuriyət Anamızı 80 illik yubileyi münasibətiylə təbrik edəm. 8 nəfər bir birindən gözəl və ağıllı nəvəsi, həmçinin 8 nəticəsi olan bu gözəl Anamız, bir vaxtlar rəhmətlik həyat yoldaşı Ramaldan kişi ilə necə böyük zəhmətlər hesabına 4 övladlarını böyüdərək Vətən üçün, cəmiyyətimiz üçün tərbiyyələndirmişdilərsə, bu gün o gözəl ənənə Nuriyət Ananın başçılığı ilə davam etdirilir.xa0
80 yaşlı üzü nur, özü nur olan Nuriyət Ramaldanova haqqında Dastanlar, Poyemalar yazılmalıdır. Belə analar tarixdə az olur və nə yaxşı ki, bizim Azərbaycanımızın bəxtinə-taleyinə belə bir Şəxsiyyəti tanımaq da bizə nəsib olub.xa0
Ürəkdən gələn təbriklərimi yazarkən, mən sözsüz ki, Nuriyət Ananın bütün şəxsi və insani keyfiyyətlərinin çox cüzi bir hissəsini burda qeyd etdim. Amma, bu Ana sözün yaxşı mənasında bir DƏRYADIR. Onunla danışmaqdan adam ləzzət alır, doymur. Çox geniş və son dərəcə maraqlı xatirələrə malik anadır. İnanıram ki, Azərbaycan jurnalistləri bu Tarixi İnsanı, Ananı, Qadını və Xanımı daha da dərindən öyrənəcək və xalqımıza təqdim edəcəklər. Elə yeri gəlmişkən, fürsətdən istifadə edib, Qusar və Xaçmaz rayonlarının İcra başçılarına, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitənin rəsmilərinə müraciət edirəm. Buyurun hörmətli dostlar. Canlı əfsanə və tarix. Belə Şəxsiyyətləri vaxtında geniş təbliğ etmək, qiymətləndirmək və gələcək nəsillər üçün bir örnək, nümunə kimi qorumaq lazımdır.
Nuriyət Anamızı 80 illik Yubileyi münasibətiylə Silahlı Qüvvələrimizin keçmiş və indiki əsgər və zabitlərinin adından da təbrik edirəm. O bizim hamımızın ANASI və Qürür duyduğumuz müqəddəs varlıqdır.xa0
Tanrı Nuriyət Anamız başda olmaqla bütün Azərbaycan Analarnı, Xanımlarını və Qadınlarını qorusun!

Üzeyir Cəfərov, tanınmış hərbi ekspert
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO