24 mayda Respublika Sarayında "Dalğa" qrupunun "Qarabağ dərdi" adlı bir kompozisiyası təqdim olunurdu. Bilet alıb dostlarımı da dəvət etdim ki, maraqlı bir saz-musiqi gecəsi yaşayaq. İnanın ki, son illərdə zövqlə sona qədər izlədiyim gözəl bir duyğusal konsert oldu. Güney və Quzey Azərbaycanın sənət adamlarının birgə tərtibatında Azərbaycanın bütövlüyünün bədii hissəsini sanki iki saatlığa yaşamış olduq. Dəyərli saz ustası Çingiz Mehdipurun bədii rəhbəri olduğu bu qrupun insanlara çatdırmaq istədiyi mesaj qısa olaraq bu idi: 1) sənətdə bütövlüyümüzü yaratmaq mümkündür və vacibdir. 2) Qarabağ acısı Bakının deyil, həm də Təbrizin acısıdır. 3) dil və musiqini siyasətlə buxovlamaq olmaz, bir xalqın bütövlüyünün başlıca özülü məhz dil və sənətdir.xa0
Bununla yanaşı hər dəfə dönüb o geniş sarayın boş qalmış yerlərinə baxarkən məyusluğumu gizlədə bilmirdim. Əslində məsələlərə xeyli realist yanaşan bir şəxs kimi, gözlədiyim də bu idi. Ona görə də hər dəfə vurğulayıram ki, bizdə Bütöv Azərbaycan ideyası siyasi hədəf olaraq iflasa uğradı, çünki Bütöv Azərbaycanlı adlanan obraz meydanda çox az, marjinal saydadır, səviyyədədir. Filipə, Sosoya olan sevgi Təbriz-Bakı Dalğası ilə Qarabağ Dərdini hayqıran Çingiz Mehdipura yoxdur!!! Hələ xeyli müddət də olmayacaq! Siz görərdiniz adam necə "Yanıq Kərəm" ifa etdi, sazın üzərində necə gözəlliklə gəzişdi, millətin ruhunu təzələyən musiqi tərtibatı ortaya qoydu, tamaşa edənlərin içində necə duyğular yerləşdirdi. Azərbaycanın quzeyinin, güneyinin saz, muğam ifaçıları birlikdə necə ifalar ortaya qoydular. Ağzınadək dolu salonlarda beş-on bambılaya uğunub gedənlər, beş-on kənardan gələn geylərin atılıb-düşməsinə bayılanlar yox idi orada, əslində buradakılara tamaşaçı da demək olmazdı, sadəcə Azərbaycanın bütöv formada təqdimatından təsəlli tapmaq istəyənlər idi çoxusu.xa0
Biz siyasətdə güney-quzey bütövləşməsindən çox uzağız, çünki hər iki toplum olaraq xaraktersiz, ideyasız, yolsuz obrazda olduğumuzu hələ də anlamırıq və ya anlamaqdan imtina edirik. Heç olmazsa sənətdə bu bütövlüyü təqdim etməklə onu addım-addım siyasi hədəfə yönləndirməyə çallışmalıyıq, dəstək verməliyik. Biz soydaşıq, ancaq qandan öncə tərbiyə gəlir, iman gəlir, tərbiyə uyğunluğu, iman uyğunluğu olmayanda doğma qardaşınla da unsiyyət qura bilmirsən. Ona görə də biz bu xalqın bütöv bir millətə çevrilməsi üçün ortaq modern tərbiyəni, düşüncəni önə çəkməliyik, sağlam iman anlayışını aşımalıyıq ki, bu anormal gedişatı dəyişmək mümkün olsun. Mənə bu zövqlü anları yaşatdıqlarına görə Qarabağ dərdini həm sazla, həm də sözlə deyə bilən Dalğa qrupuna şükranlarımı bildirirəm. Düşəndə mütləq izləyin, bötüvləşərsiniz!!!
Fazil Mustafa, millət vəkili



































































































