Şaiq MTK-ya aid 18 mərtəbəli binanın sakinlərinin redaksiyamıza verdiyi məlumata görə, onlar evi alan zaman sakinlərə bildirilib ki, bina 2015-ci ildə tam istifadəyə veriləcək. Sakinlər qaz və sudan istifadə edə biləcəklər. Amma hazırda 2016-cı ilin yarısından çoxunun geridə qalmasına baxmayaraq, sakinlər qaz və sudan istifadə edə bilmirlər. Əlacsız vəziyyətdə qalan sakinlər öz vəsaiti hesabına evlərinə su çəkdirməli olublar. Binaya daxil olan ərazidə pilləkənlərin vəziyyəti də bərbad haldadır.
Belə ki, taxtadan düzəldilmiş pilləkənlərdə uşaqların hərəkət etməsi təhlükəlidir. Daha təhlükəli məqam isə işıq sayğaclarının quraşdırıldığı yerdir. Hörümçək torunu xatırladan sayğacların xəttləri uşaqlar üçün təhlükə mənbəyidir. Bina sakinləri hətta çörək almağa belə uşaqlarını tək yollaya bilmirlər.
Sakinlər redaksiyamız vasitəsi ilə əlaqədar qurumlara müraciət edərək bildirirlər ki, bina ətrafında hər an bədbəxt hadisə baş verə bilər.





































































































