Tanınmış publisist-jurnalist, 90-cı illərin əvvəllərində ölkənin ən populyar nəşrlərindən olan "Səhər" qəzetinin baş redaktoru Məzahir Süleymanzadənin bu gün Moderator.az -da yayımlanan yazısına "Azərbaycan Ordusu" qəzetinin ilk baş redaktoru olmuş, hərbi ekspert Üzeyir Cəfərov münasibət bildirib.
Moderator.az Üzeyir Cəfərovun cavabını olduğu kimi təqdim edir:
Çox hörmətli qələm dostumuz, tanınmış publisist-jurnalist, 90-cı illərin əvvəllərində ölkənin ən populyar nəşrlərindən olan "Səhər" qəzetinin baş redaktoru Məzahir Süleymanzadənin bu gün Moderator.az saytında dərc olunan (//www.moderator.az/news/123941.html) yazısı çox xoş sürpriz oldu. Nəzərə alsaq ki, söhbət çox mürəkkəb və çox qarışıq bir dövrü əhatə edən 1992-1993-cü illəri əhatə edir, yəqin ki, o dövrü yaşayanlar və xatırlayanlar gözəl bilirlər ki, necə çətin şəraitdə jurnalistika ilə məşğul olmaq lazım gəlirdi. Qısa bir müddətdə Azərbaycan Müdafiə Nazirliyində neçə nazir və Baş Qərargah rəisləri dəyişmişdi. Mərhum general-leytenant Valeh Bərşadlı, general-mayor Tacəddin Mehtiyev, Rəhim Qazıyev, general-mayor Tahir Əliyev və başqaları. Məhz o vaxt həqiqətən də "Azərbaycan Ordusu" qəzetinin növbəti nömrəsi axşam saatlarında çapa imzalanarkən bizə MN-nin rəhbərliyindən xəbər verildi ki, general-mayor Vahid Musayev Azərbaycan Respublikasının müdafiə naziri təyin edilib. Biz də əmrə tabe olan hərbçilər kimi əvvəl tərəddüd etdik bu xəbəri verməyə. Ancaq bizə təkidlə xəbəri dərc etmək göstərişi verildi. Hətta nazirliyin Kadrlar İdarəsindən Vahid Musayevin tərcümeyi-halını da təcili gətirdilər ki, dərc edək. Həqiqətən də o vaxtkı Baş nazir Surət Hüseynov yeni müdafiə naziri kimi general Vahid Musayevi kollektivə təqdim etmişdi. Biz, necə deyərlər, nə karə idik ki, o vaxt bu səviyyədə olunan təqdimata inanmayaq və xəbəri verməyək. Məzahir müəllim Süleymanzadənin yazdıqları hamısı doğru. Yalnız bir şeylə razı deyiləm ki, guya "Azərbaycan Ordusu" qəzeti ilə bağlı onun çox da geniş auditoriya tərəfindən oxunmaması məsələsidir ki, bu əsla belə deyildi. O vaxt qəzetimiz ən oxunaqlı və ən böyük tirajla satılan qəzetlərdən biri və bəlkə də biricinlərdən idi. Bunu mətbuatda olan hər kəs rahatlıqla təsdiq edə bilər. Yeganə mərhum ölkə başçısının narahatçılığı onda olub ki, həqiqətən də bizim qəzet tirajına və yayımına görə "Səhər" qəzetinin tirajından xeyli aşağı çap olunurdu. Yəni "Səhər"in oxucu auditoriyası bizdən daha çox, daha geniş idi. Həm də o vaxtlar ölkədə ən oxunaqlı qəzet, mübahisəsiz məhz "Səhər" qəzeti olduğuna gör belə ciddi narahatçılıq olmuşdu. Mən də sakit şəkildə vəziyyəti ölkə rəhbərliyinə məruzə edəndən sonra məni doğru-düzgün anladılar və heç bir irad olmadı. Məsələnin kökündə Sürət Hüseynovun öz qərarı ilə atdığı addımdan gedirdi ki, bunu da həm mərhum prezident Heydər Əliyev, həm də o vaxtkı Dövlət katibi Lalə Şövkət və digər rəhbər şəxslər yaxşı bilirdilər.
Bir daha xüsusi olaraq onu qeyd etməyi vacib sayıram ki, o dövrlər çox qarmaqarışıq bir vaxtlar idi və mətbuatda çalışmaq da heç də indiki kimi rahat və asan deyildi. Bir tərəfdən cəbhədən gələn ağır xəbərlər, eyni zamanda ölkə daxilində bəzi rəhbər şəxslərin ambisiyaları və özbaşına hərəkətləri. Bütün bunları isə biz yaşamalı olmuşuq. Nə qədər çətin olsa da biz şərəflə xalqımıza xidmət etməyi, onun Silahlı Qüvvələrinin fəaliyyətini işıqlandırmağı bacarırdıq. Qəzetimiz də indikindən qat-qat həm məzmununa, həm də dəyərinə görə ən oxunaqlı və sevilən mətbu orqanlardan biri idi. Bununla hər bir "Azərbaycan Ordusu" qəzetinin o vaxtkı həm ştatda olan, həm də ştatdankənar çoxsaylı əməkdaşları fəxr ediblər. Qəzetin ilk Baş redaktoru kimi mən o unudulmaz kollektivi və günləri böyük sayğı və hörmətlə yad edirəm..."




































































































