Şəkidə məktəbin bağlanacağı iddialarını nazirlik təkzib etdi - DETALLAR

Şəkidə məktəbin bağlanacağı iddialarını nazirlik təkzib etdi - DETALLAR

Hazırda oxunan: Şəkidə məktəbin bağlanacağı iddialarını nazirlik təkzib etdi - DETALLAR

627293

Sosial mediada jurnalist Zülfiyyə Quluyeva Şəkinin Daşbulaq kənd ümumi orta məktəbinin bağlanacağı ilə bağlı post paylaşıb. Məlumata görə, 29 şagirdin təhsil aldığı məktəb 2026–2027-ci tədris ilindən fəaliyyət göstərməyəcək.

Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb.

Bizim.Media “Trend.az”a istinadla xəbər verir ki, Regional təhsil idarəsindən verilən məlumata görə, Daşbulaq kənd ümumi orta məktəbinin bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

"2026–2027-ci tədris ilindən etibarən yüksəkixtisaslı müəllim təminatında çətinlik müşahidə olunan bəzi fənlər üzrə tədrisin həmin məktəbdə onlayn formatda təşkili nəzərdə tutulur. Bu fənləri müəllimlərin sertifikatlaşdırılması prosesində yüksək nəticə göstərmiş ixtisaslı pedaqoqlar tədris edəcəklər", - idarənin məlumatında qeyd olunub.
 

Regional Təhsil İdarəsindən vurğulanıb ki, bu dəyişiklik təhsil müəssisəsinin fəaliyyətinə təsir göstərmir. Məktəbin pedaqoji və texniki heyətinin əmək münasibətlərində hər hansı ixtisar nəzərdə tutulmur.


Qeyd edək ki, həmin paylaşımın şərh bölməsində Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev də məsələyə münasibət bildirib.

O, məktəbin bağlanmadığını qeyd edərək, bəzi fənlər üzrə müəllim çatışmazlığının olduğunu vurğulayıb:

“Bəzi fənlərin tədrisi üçün müəllim çatışmazlığı var. Bu səbəbdən də qiymətləndirmə nəticələri yüksək olan pedaqoqlar tərəfindən onlayn qaydada həmin fənlər məktəbin özündə uşaqlara keçiriləcək. Bəzi islahatları anlamadan şərh vermək ümumi prosesə ziyandır”.

Daşbulaq kənd ümumi orta məktəbinin riyaziyyat müəllimi Yusif Qarayev isə açıqlamasında bildirib ki, məktəbin bağlanacağı barədə dünən müəllimlərə bildiriş sənədi göndərilib:

"Bu sənədi dünən direktor göndərib bizə. İki-üç ay əvvəldən də məktəbin bağlanacağı barədə söz-söhbət gəzirdi. Biz inanmırdıq. Kəndin mədəniyyət evi, kitabxana və uşaq bağçası da iki ay əvvəl bağlanıb. Bir məktəb qalıb. İndi açıqlama verib məktəbin bağlanmayacağını deyirlər, bəs dünən göndərilən bu sənəd nədir?"

Yusif Qarayev qeyd edib ki, artıq bütün müəllimlərin hansı məktəblərə köçürüləcəyi də məlumdur:

"Mən Oxud kənd məktəbinə göndərilirəm. Eyni dərs saatım orada təmin edilir. Amma məni maraqlandıran kəndimizin taleyidir, məktəbimizin bağlanmağıdır. "Bağlanmayacaq" deyirlər, amma müəllimlər yerbəyer edilib, bildiriş gəlib".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO